AZ EN RU

“Şuşa, sən azadsan!” adlı rəsm sərgisi keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Şuşa, sən azadsan!” adlı rəsm sərgisi keçirilib. Bu münasibətlə keçirilən tədbirdən əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki,  hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın öz sahibinə qovuşmasının sevincini yaşayır. Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olaraq Şuşanın əvvəlki şan-şöhrətini özünə qaytarması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpa olunması ilə qədim şəhərimizin dünyanın diqqətini bir daha özünə cəlb etdiyi vurğulanıb.
    Qeyd edilib  ki, bu gün hər birimiz qürurluyuq. Azərbaycan xalqı Tarixi Zəfəri ilə yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Mədəniyyət paytaxtımızın gözəlliyini seyr etmək, onun tariximizə şahidlik edən hər daşı, qayası ilə ünsiyyətdə olub, onları rəsmlərin dili ilə insanlara çatdırmaq böyük şərəf və məsuliyyətdir. Şuşa hər bir azərbaycanlı üçün əzizdir. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Həmzə Sadiqov və digər rəssamlar sənətsevərləri sərgi münasibətilə təbrik edib, uğurlar arzulayıblar. 
    Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Qeyd edək ki, sərgidə 16 rəssamın 38 rəsm işi və 9 dekorativ-tətbiqi sənət əsəri nümayiş etdirilir. Sərgi 29 noyabra qədər sənətsevərlərin ixtiyarında olacaq.

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 22.11.2022 21:16