AZ EN RU

“Şuşa ili” ilə əlaqədar tədbir keçirilmişdir

    Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar “Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır” mövzusunda tədbir keçirilmişdir. 
      Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev açaraq qeyd etmişdir ki, Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 
    Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova bildirmişdir ki, Şuşanın azad edilməsi ən unudulmaz tarixi günlərimizdən biridir. Strateji əhəmiyyətli Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tarixə yazıldı. 
    Sonra kitabxana əməkdaşlarından Turqay Orucov “Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir incilərindəndir”, Nərmin Allahverdiyeva “Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir”, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kitabxanaçısı Günel Hüseynova “Şuşa ili-Zəfərimizin tarixi” və kursant Sərxan Eyvazov “Şuşa Azərbaycanın tarixi və strateji əhəmiyyətli paytaxtıdır” mövzularında çıxış edərək bildirmişlər ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.06.2022 20:26