AZ EN RU

“Şuşa ili” əbədi və Böyük Qayıdışın ilk addımlarını daha da sürətləndirəcək

2022-ci il “Şuşa ili”dir

    Müasir dövrümüzdə dünyada ciddi narahatlıq yaradan, həmçinin qlobal problemlərdən biri də qaçqın və məcburi köçkünlərlə bağlıdır. BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına əsasən müharibə, münaqişə və zorakılıq səbəbindən dünyanın müxtəlif ölkələrindən bu qəbildən olan insanların ümumi sayı 82 milyon nəfərdən çoxdur. Əfsus ki, bu tendensiya hələ də artmaqda davam edir. Bu gün ölkəmizdə isə mövcud mənzərə tamamilə fərqlidir. Belə ki, Azərbaycan Respublikasında məcburi köçkünlüyə səbəb olan əsas problem 27 sentyabr 2020-ci ildən etibarən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük şücaəti, qorxmazlığı və döyüş əzmi sayəsində aradan qaldırılıb.

    Əvvəlcə ölkəmizdə məcburi köçkün probleminin tarixi xronologiyasına qısaca nəzər yetirək.
    Məlum olduğu kimi, XX əsrin 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri ölkəmiz üçün çətin, ağır, eyni zamanda bir o qədər də taleyüklü sınaq dövrü idi. Özlərini daim əzəli torpaqlarımızda aborigen xalq kimi göstərməyə çalışan Ermənistan həmin zaman kəsiyində Azərbaycana qarşı açıq formada əsassız ərazi iddiaları ilə çıxış edərək hərbi təcavüzə başlamışdır. Xalqımıza qarşı həyata keçirilən erməni terroru minlərlə azərbaycanlının taleyinə çox ciddi təsir göstərmiş, nəticə etibarilə, bir milyondan artıq soydaşımız öz dədə-baba yurdundan didərgin düşmüş, daxili miqrasiyaya məruz qalmışdı. Bu səbəbdən də miqrasiya prosesləri, ümumilikdə, Azərbaycan üçün yeni bir məfhum deyil. Xüsusilə qeyd edilməlidir ki, Ermənistanın azərbaycanlılara qarşı aparılan kütləvi etnik təmizləmə, deportasiya və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan həm də keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemləri ilə üzləşən ilk respublika olmuşdu və bu gün də əhalisinin sayına görə ən çox qaçqın və məcburi köçkünü olan ölkədir. 

    90-cı illərin əvvəllərində cərəyan edən məlum hadisələrdən sonra ölkədaxili məcburi miqrasiyanın əsas subyektini Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağdan, habelə ona bitişik olan digər ətraf rayonlardan həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlər təşkil edir. Atəşkəslə bağlı razılığın əldə olunduğu dövrdə – 1994-cü ildə BMT QAK-ın verdiyi statistik məlumata əsasən ölkəmizdə, təxminən, bir milyona yaxın nəfər məcburi köçkün həyatı yaşayır.
    Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli də davamlı olaraq diqqətdə saxlanılmış, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilmişdir. Qaçqın və məcburi köçkünlərlə görüşündə “Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu sizi də, bizi də incidir”, – deyən dahi lider onların ağrılarını hər zaman dərindən duyur, mövcud problemlərinə böyük həssaslıqla yanaşırdı. Bu istiqamətdə ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin davamı kimi müxtəlif dövrlər ərzində “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət proqramı qəbul edilmişdir. Əminliklə deyə bilərik ki, ümummilli liderin rəhbərliyi dövründə daxili miqrasiyaya məruz qalan qaçqın və məcburi köçkünlərin problemləri dövlət siyasətinin prioritetlərindən birini təşkil edib və onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bu yüksək qayğı müdrik siyasətçinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən sonrakı illərdə də uğurla davam etdirilib. Belə ki, ölkə Prezidentinin 2009-cu il 14 aprel tarixli müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda da bu mühüm məsələyə – miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına xüsusi yer ayrılıb. Ölkəmizin müxtəlif bölgələrində qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün qəsəbələr salınmış, onlarla təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilmiş, həmçinin məşğulluq probleminin həlli istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Eyni zamanda ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilmişdir ki, bu da məcburi köçkünlər arasında yoxsulluq həddini 75 faizdən 12 faizə qədər endirmişdir. Bu gün qaçqın və məcburi köçkünlərlə bağlı reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər bir daha təsdiq edir ki, miqrasiya proseslərinin tənzimlənməsi və proseslərə nəzarət, eləcə də daxili miqrasiyanın təzahürlərinin aradan qaldırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 
    Öz doğum gününü ənənəvi olaraq məcburi köçkünlər və şəhid ailələri ilə birgə qeyd edən, onların sosial problemlərinin həllinə daim həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən, ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda – bu dəfə Şuşada keçirirəm”. Müzəffər Ali Baş Komandanın bu fikirləri, şübhəsiz ki, həm də xalq-lider həmrəyliyinin növbəti təcəssümüdür. 
    Qaçqın və məcburi köçkünlərin mövcud problemlərinin ikinci istiqaməti isə əzəli və əbədi doğma torpaqlarımıza böyük Qayıdışla bağlıdır. Məlum olduğu kimi, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə daim etinasız yanaşaraq onları kobud şəkildə pozması, işğal edilmiş ərazilərdən məcburi daxili miqrasiyaya məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtma hüququnu rədd etməsi, “yeni ərazilər, yeni müharibələr” iddiası, habelə intensiv təxribatları nəticəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin payızında haqq savaşına başladı. 30 ilə yaxın acı həsrətə, nisgilə dönən, illər ərzində işğala məruz qalan doğma torpaqlarımız cəmi 44 gün ərzində düşmən tapdağından azad edildi. Qarlı, şaxtalı soyuq qış gecələrində öz dədə-baba yurdlarından ayaqyalın çıxarılan uşaqlar qalib ordunun şanlı əsgəri kimi ən müasir texnikalarla, böyük sevinc və qürur hissi ilə torpaqlarına əbədi olaraq geri qayıtdılar. Tarix növbəti dəfə sübut etdi ki, Azərbaycan xalqı mübarizdir, polad iradəlidir, “Qarabağ Azərbaycandır!” şüarı ilə hər zaman bir yumruq kimi birləşməyə qadirdir.
    10 noyabr 2020-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən üçtərəfli Bəyanatın imzalanması faktiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verməklə bərabər, müzəffər Azərbaycan Ordusunun qələbəsini də rəsmiləşdirdi. Qeyd olunan bəyanatın 7-ci bəndi ölkə daxilində məcburi miqrasiyanın əsas hissəsini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına geniş imkan yaratdı. Belə ki, bəyanata əsasən daxili məcburi köçkünlər və qaçqınlar Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu bir daha onu təsdiq edir ki, ürəyi Qarabağ həsrəti ilə döyünən, daim bu arzu ilə yaşayan azərbaycanlı məcburi köçkünlər yaxın zamanlarda yurdlarına, doğma torpaqlarına qayıdacaqlar. 
    Əldə edilən tarixi zəfər və parlaq qələbə bütün Azərbaycan xalqı ilə birgə, bəlkə də, ən çox məhz onları sevindirib. Əslində, qaçqın və məcburi köçkünlərin yenidən öz yurd-yuvalarına qayıdışı istiqamətində atılan addımların ilk səsi 2016-cı ilin şanlı Aprel zəfərindən sonra eşidildi. Belə ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edildikdən qısa müddət sonra burada insanların rahat, təhlükəsiz yaşaması üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Habelə ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən fərdi yaşayış evləri, ümumtəhsil məktəbi, hidrometeoroloji stansiya inşa edilmiş, ilk dəfə Şuşa məscidinin bənzəri olan məscid tikilmiş, digər sosial infrastrukturların yaradılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür. 
    Bu gün artıq məcburi köçkünlərimiz hər yeni bir günü doğma ev-eşiklərinə qayıtmaq əminliyi ilə açırlar. 30 ilə yaxındır ki, yurd həsrəti ilə yaşayan, mənfur düşmənin çirkin oyunları qarşısında Vətənində vətənsiz qalmış köçkünlərimiz tezliklə dədə-baba yurdlarına qayıdacaq, şübhəsiz ki, bundan sonra da davamlı dövlət qayğısı ilə əhatə olunacaqlar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində ifadə edirlər. Onlar nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər”.
    Xüsusilə qeyd edilməlidir ki, ötən dövr ərzində ölkə başçısının tapşırığı ilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlər arasında hərtərəfli, genişmiqyaslı sorğular keçirilib. Sorğuda iştirak edən məcburi köçkün və qaçqın soydaşlarımızın böyük əksəriyyəti – 95 faizindən çoxu doğma torpaqlarına qayıtmaq arzusundadırlar. Respondent­lərin yarıdan çoxu (51,1 faizi) işğal altında olan ərazilərdəki evlərinin sənədlərini, hətta açarlarını belə, saxlamaqdadır. Fərəhli haldır ki, sorğuda iştirak edənlər sırasında gənclər də xüsusi üstünlük təşkil edib. Belə ki, onların 90 faizindən çoxu gələcəkdə işğaldan azad olunan ərazilərə qayıtmağı, orada işləməyi planlaşdırır. Sorğunun diqqətçəkən məqamlarından biri də odur ki, bu gün məcburi köçkün olmayan vətəndaşların belə, hər dörd nəfərindən biri və yaxud 22,3 faiz respondent Qarabağa daimi yaşamaq üçün gedəcəyini qeyd edib.
    Bu gün əzəli və əbədi yurdumuz olan Qarabağın yenidən cənnətməkana çevrilməsinin, qısa zaman ərzində burada böyük quruculuq, yenidənqurma və bərpa, eyni zamanda təhlükəsizliyin mütləq sürətdə qorunması istiqamətində görülən işlərin canlı şahidləriyik. Reallaşdırılan məqsədyönlü tədbirlərin məntiqi davamı kimi, Qarabağ və ətraf bölgələrində 15 min hektardan çox ərazi minalardan təmizlənmiş, genişzolaqlı avtomobil yolları çəkilmiş, cəmi 7 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri hazırlanmış, habelə mədəniyyət beşiyimiz olan Şuşa şəhərində bir çox tarixi binalara və abidələrə ikinci həyat verilmişdir.   
    Bu gün beynəlxalq arenalarda söz və nüfuz sahibi olan Azərbaycan dayanıqlı və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu yeni inkişaf mərhələsi uzun illər düşmən tapdağında qalan torpaqlarımızın azadlıqdan abadlığa, quruculuq mədəniyyətinə keçidi ilə şərtlənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Bu gün Şuşa öz doğma sahiblərinə qovuşmanın, 28 illik həsrətin sevincini yaşayır. Ötən il ərzində “Xarıbülbül” musiqi festivalının keçirilməsi, Cıdır düzündə musiqi sədalarının yüksəlməsi və ən önəmlisi, hər zaman nisgillə dinlədiyimiz “Qarabağ” şikəstəsinin, “Bayatı-Şiraz”ın səslənməsi bütöv Azərbaycanı bir daha sevinc göz yaşına qərq etdi. Bu göz yaşları Böyük Qayıdışın, qürurun, sevincin təntənəsi idi. 
    Ötən il Azərbaycan dövlətinin, eyni zamanda Böyük Türk dünyasının həyatında baş verən mühüm hadisələrdən biri də, şübhəsiz, qədim mədəniyyət mərkəzimiz olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasıdır. 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Respublikası prezidentlərinin azad olunmuş rayonlarımıza səfəri və Şuşa Bəyannaməsini birgə imzalamaları hər iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqə və əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
    Ölkədaxili məcburi miqrasiyaya məruz qalan köçkünlərimizin əbədi qayıdışına rəvac verən amillərdən biri də 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsidir.  Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa ili” elan olunması barədə müvafiq Sərəncamı, şübhəsiz ki, milli mədəniyyətimizin, incəsənətimizin və tariximizin inkişafına misilsiz töhfələr verməklə yanaşı, məcburi köçkünlərimizin əzəli və əbədi doğma yurdlarına Böyük Qayıdışını daha da sürətləndirəcəkdir.
    Sonda onu da qeyd edək ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı fəaliyyətə başlayır. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcəyi Zəfər Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür. Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Arif BAYRAMOV 
Naxçıvan Muxtar Respublikası 
Dövlət Miqrasiya Xidmətinin 
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 21.04.2022 18:43