AZ EN RU

“Şuşa ili” Azərbaycan ədəbi fikrinin inkişafına töhfə kimi

    Şuşa şəhəri Azərbaycanın döyünən ürəyi, milli-mədəni məsələlərin ilkin olaraq ortaya çıxdığı diyar kimi nadir sənət inciləri ilə yanaşı, əsrarəngiz təbiəti ilə bir vaxtlar işğal altında olan torpaqlarımıza açılan pəncərə rolunu oynadığı üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi Şuşanın tarixi, ədəbiyyatı, incəsənəti və başqa sahələri üzrə yeni elmi, monoqrafik əsərlərin ərsəyə gəlməsinə şərait yaratdı. 28 illik işğaldan azad edilmiş Şuşa şəhərinin keçmişinin və bu gününün öyrənilməsi ədəbiyyatımızda da prioritet vəzifədir. Şuşa qələbəmizin möhürüdür. Şuşa Azərbaycan ədəbiyyatının formalaşmasında xüsusi rola malik bir çox görkəmli sənətkarın doğulub boya-başa çatdığı, yaşayıb-yaratdığı məkandır. Mir Mövsüm Nəvvab, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Yusif Vəzir Çəmənzəminli və bir çox başqa dəyərli simalar bu torpağın bağrından qopub gəlmiş, öz fitri istedadları ilə Azərbaycanın elmində, ədəbiyyatında, musiqisində yeni nəzəri fikrin formalaşmasında böyük rol oynamışlar.

    Bu gözəl diyar bir çox tanınmış sənətkar yetişdirmişdir. Molla Pənah Vaqif (1717-1797) öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olmuşdur. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığı ilə xalq şеirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif şeiriyyətinin mühüm hissəsi gözəlliyin təsvirinə həsr olunmuşdur. Şair gözəlləri təbiətin əsrarəngiz gözəllikləri və təsvirləri ilə özünəməxsus şəkildə vəsf edir:

    Zülfləri sünbüldür, yanağı lalə,
    Baxışı tən еdir vəhşi qəzalə, 
    Gözləri məstanə, ağzı piyalə,
    Gərdəni minadır mənim sеvdiyim

    M.P.Vaqif dilinin ən üstün əhəmiyyəti xəlqiliyidir. Vaqif dilinin xəlqiliyi folklor dilinin, adi danışıq dilinin ədəbi-bədii dilə gətirilməsi ilə ölçülür və bu, ədəbiyyatımızda yeni və çox parlaq mərhələnin əsasını qoymuşdur.
    Məlum olduğu kimi, 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşaya hücum etmiş, lakin Şuşa qalasını ala bilməmişdir. 1797-ci ildə ikinci dəfə Şuşaya hücum edən şah Qacar Vaqifi həbs etdirərək zindana saldırmışdır. Sui-qəsd nəticəsində Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Vaqif azadlığa çıxmışdır. Həmin vaxt Vaqif hisslərini dostuna belə çatdırır:

    Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax! 
    Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

    Şahın ölümünü fürsət bilən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirmişdir. Bir qədər sonra 1797-ci ildə o, Vaqifi oğlu Əliağa ilə birlikdə edam etdirmişdir.
    Yüksək peşəkarlıqla hazırlanmış, qədim Şuşanın memarlıq üslubuna yenilik gətirmiş Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılıb. 1982-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqif türbəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub. O qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya tanınmış, istedadlı sənət adamları toplaşıb. Həmin gün milli mədəniyyət və sənət bayramına çevrilib. Azərbaycanın ozamankı rəhbəri ulu öndər Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş verib. Beləliklə, həmin tarixdən etibarən hər il Vaqif Poeziya Günləri təşkil olunub. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. Ənənəyə çevrilən bu poeziya günləri hər il avqust ayında şairin Vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşıb. 
    Şuşanın Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında tutduğu əhəmiyyətli rol daim düşmənlərimizin diqqət mərkəzində olmuş, murdar xislətli ermənilər bu əsrarəngiz diyarın abidələri ilə yanaşı, təbiətinə də ağır zərbələr vurmuşlar.
    Ədəbiyyatşünas alim Tahirə Məmməd yazır: “Şuşanın ərazisini yox, həm də mədəniyyətini mənimsəmək iddiasında olan mənfur qonşularımız heç bir əsas və fakt olmadan XIX əsrdə Şuşada mədəniyyətin inkişafının belə onlara aid olması təsəvvürünü formalaşdırmağa çalışırlar. Xarici dövlətlərdən yardım istəyib yalvaran erməni liderləri XIX əsrdə Şuşanın mədəniyyət mərkəzi olduğunu qeyd edərkən dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa çalışırlar. Şuşanın onlara heç bir dəxli olmamasına tutarlı cavablardan biri də orada yaranan ədəbiyyat, sənət inciləri, XIX əsrin ədəbi məclisləridir. Mənbələrdə ən çox adıçəkilən Şuşa məclisləri “Məclisi-üns” və “Məclisi-fəramuşan”dır”. 
    Hələ ötən il, mayın 7-də Şuşanın Mədəniyyət Paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirdi. Bu labüdlüyə iki mühüm nümunəni Prezident özü göstərdi. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günlərinin təşkili Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi”. 
    Azərbaycan ədəbiyyatında Vaqif mərhələsi özündən sonrakı ədəbiyyata stimul oldu, bir növ körpü rolunu oynadı. 1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində bəy ailəsində dünyaya gələn Qasım bəy Zakirin satirik cərəyanın yaranmasında müstəsna xidmətləri mövcuddur. Onun lirikası klassik və aşıq şeiri üslubunda qələmə aldığı qoşma, gəraylı, təcnis, qəzəl, müxəmməs, müstəzaddan ibarətdir.

    Badi-səba, söylə mənim yarıma, 
    Gözəllər çıxıbdır seyranə, gəlsin! 
    Təğafül etməsin işrət çağıdır,
    İçilir hər yerdə peymanə, gəlsin!

    Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti, sonralar onun xələfləri, o cümlədən dostu Mirzə Fətəli Axundov tərəfindən davam və inkişaf etdirilmişdir.
    Qasım bəy Zakir ilə yanaşı, Şuşada yaşayıb-yaratmış Baba bəy Şakir Azərbaycan ədəbiyyatında realist-ictimai satirik poeziyanın əsas yaradıcılarından olmuş, Xan qızı, şairə Xurşidbanu Natəvan Füzuli poeziyasından bəhrələnmiş, şairin qəzəllərindəki incə lirizm, dərin məzmun onu bir sənətkar kimi tanınmasında mühüm rol oynamışdır. Natəvan yaradıcılığa, təxminən, XIX əsrin 50-ci illərindən başlamış, “Xurşid” imzası ilə yazdığı şeirlərinin əksəriyyəti itib-batmış, 1870-ci ildən etibarən şairə özünə “Natəvan” təxəllüsü götürərək dərin məzmunlu qəzəlləri ilə yaddaşlarda silinməz izlər qoymuşdur. Onun 227 səhifədən ibarət 1886-cı ildə “Gül dəftəri” adlı məşhur albomunda on üç şeiri, naturadan çəkdiyi təsvirlər və müasirlərinin lirik parçaları yer almışdır. Natəvanın yaradıcılığında həzin kədər notları üstünlük təşkil edir:

    Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz? 
    Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?
    Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan, 
    Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz? 

    Şuşada yaranan ədəbiyyat və mədəniyyət yuvası olan ilk məclislər Azərbaycan ictimai-mədəni fikrinin formalaşmasına xidmət edən bir çox ziyalının ortaya çıxmasında böyük rol oynamışdır. Sonralar Xan qızı Xurşidbanu Natəvanın (25 il) başçılıq etdiyi, Mirzə Rəhim Fəna tərəfindən 1864-cü ildə əsası qoyulan “Məclisi-üns” o dövrdə çox parlaq işlərə imza atıb. Məclisin istedadlı üzvləri arasında Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, İsmayıl bəy Dəruqi, Məşədi Nəsir Lövhi, Mirzə Ələsgər Növrəs və başqaları olub.
    1872-ci ildə Mirzə Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”ın ətrafında toplaşan Şuşa şairləri – Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları o dövrün tanınmış simaları idi.
    Şuşa Azərbaycanın mədəniyyət beşiyi və eyni zamanda hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Bu torpaq Azərbaycan ictimai, ədəbi, mədəni mühitinin formalaşmasında misilsiz xidmətlər göstərən ziyalıların yurdudur. Prezident cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə bağlı Sərəncamı Şuşa ədəbi mühitinin daha dərindən araşdırılması və bu tədqiqatların dünya elminə inteqrasiyası baxımından çox mühüm addımdır. 

Əkrəm HÜSEYNZADƏ
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Nəşr edilib : 15.08.2022 18:44