AZ EN RU

Süni suvarma mənbələri hesabına suya olan tələbatın ödənilməsi günün tələbidir

      Babək rayonunun bəzi yaşayış məntəqələri, eləcə də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri süni suvarma sistemləri, nasoslar vasitəsilə suvarılır. Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin nasos stansiyaları üzrə sahə rəisi Cabir Əliməmmədovun sözlərinə görə, süni suvarmadan istifadə edərək bitkilərin rütubətlə təminatı və həmçinin şoranlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi ilə torpaqların süni nəmləndirilməsinə nail olunur. Bu gün rayonda müasir suvarma üsullarının tətbiq edilməsi diqqət mərkəzində saxlanılıb. Hazırda “Qaraçuq-1” və “Araz-1” nasos stansiyaları vasitəsilə Babək rayonunun bir neçə kəndində və yaxın ərazilərdə suvarma işləri aparılır.
     Müsahibim bildirdi ki, “Qaraçuq-1” nasos stansiyası 1969-cu ildə, “Araz-1” nasos stansiyası isə 1981-ci ildən istismara verilib. Artıq bu gün “Qaraçuq-1” nasos stansiyasında 6 nasos fəaliyyət göstərir. “Qaraçuq-1” nasos stansiyası tərkibində 1225, “Araz-1” nasos stansiyası vasitəsilə 606 hektar ərazi suvarılmaqdadır. “Qaraçuq-1” nasos stansiyası vasitəsilə Qaraçuq kanalından Tumbul ərazisində yerləşən yerlərə pilləli şəkildə su vurulur və eyni zamanda “Qaraçuq-2” nasos su stansiyası isə pilləli şəkildə Nehrəm stansiyasına su ötürür. Bu su mənbələrindən Babək rayonunun Nehrəm qəsəbəsi, Qoşadizə kəndi və Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli kəndlərinin bəzi torpaq sahələri suvarılır. 
    Təsərrüfat sahiblərindən Qaraçuq kənd sakini Kazım Qurbanov deyir ki, 40 hektara yaxın ərazidə taxıl, qarğıdalı, yonca becərir və ərazisini Qaraçuq kanalı vasitəsilə suvarır. Bütün təsərrüfat adamları yaxşı bilir ki, məhsulun hasil olmasında suvarmanın əhəmiyyəti çox vacibdir. Ona görə də mövcud su mənbələrindən səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır.

 Bülbül Quliyeva

Nəşr edilib : 28.07.2023 19:00