AZ EN RU

Sumqayıt, Gəncə və Naxçıvanda velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt, Gəncə və Naxçıvanda velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, iyulun 22-də Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rakif Məmmədov Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə şəhəri ərazisində E.Səidovanın və R.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün İsmayılov Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 22-də şəhər ərazisində yerləşən bazarda mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Qaraxanbəyli kənd sakini S.Sadıqova müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Nəşr edilib : 24.07.2023 12:50