AZ EN RU

Şum qaldırılması sürətlə davam etdirilir

    Muxtar respublikamızın ən böyük rayonlarından biri olan Şərurda cari təsərrüfat ilinin ötən dövrü bir sıra uğurlu nəticələrlə başa çatıb. Qeyd edək ki, bu bölgə əkinçilik üçün münbit torpaqlara malikdir. Rayonun zəhmət adamları hər il müxtəlif əkinçilik sahələri ilə məşğul olurlar. Bu sahələr içərisində taxılçılıq öndə dayanır. Ötən ilin payızında və cari ilin yazında rayonda 4038 hektar sahə taxıl üçün ayrılmışdı. Mövsüm ərzində bütün aqrotexniki tədbirlərə vaxtlı-vaxtında əməl edən taxılçıların zəhməti hədər getməmiş, onlar 16484 ton məhsula sahib olmuşlar. Bu da vurğulanmalıdır ki, muxtar respublika üzrə ən yüksək məhsuldarlıq məhz Şərur rayonuna məxsusdur: 40,8 sentner. Təbii ki, belə yüksək nəticə torpaq mülkiyyətçilərinə xeyli qazanc gətirib. Bundan ruhlanan taxılçılar yenidən sahələrə çıxaraq gələn ilin bol məhsulunun əsasını qoymağa   hazırlaşırlar. Belə ki, taxıl əkiləcək sahələrdə şum qaldırılmasına başlanılıb. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 1750 hektar sahədə şum aparılır.
    Şum qaldırılmasında istifadə edilən texnikalara əvvəlcədən baxış keçirilib, mövsümü vaxtında başa vurmaq üçün kifayət qədər yanacaq və ehtiyat hissələri əldə olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.09.2022 17:57