AZ EN RU

Sülhsevər dünya erməni vandalizminin qara izlərinə “Qaranlıq turizmi”nin gözləri ilə baxacaq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli  Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqədə ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının tədqiqi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasına təşviq edilməsi və bu istiqamətdə stimullaşdırılması məqsədilə təşkil olunmuşdur. “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov “İşğaldan azad edilmiş Şuşa şəhərində “Dark” turizmi perspektiv turizm növü kimi” məqaləsi ilə professor-müəllim heyəti üzrə I yerin qalibi olmuşdur. Həmin məqaləni müəyyən ixtisar və dəyişikliklə “Şərq qapısı” qəzetinin oxucularına  təqdim edirik. 
    Dünya hərb tarixində yeni səhifə açmış və otuz ildən artıq bir müddətdə erməni işğalı altında qalmış Qarabağın azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra ötən iki il ərzində yaranmış yeni situasiya təkcə Cənubi Qafqazda sülh və normallaşma istiqamətində görüləcək işlərlə deyil, həm də, eyni zamanda gələcəkdə bu bölgədə yeni münaqişələrin yaranmasına qarşı birdəfəlik sədd çəkəcək olan düşünülmüş addımlar atılmasını zəruri edir. Bu mənada, təkcə az qala yüz əlli ildən artıq müddətdə bu bölgədə hər cür qanlı əməllər, separatizm, terror əməlləri ilə bədnam ad çıxarmış erməni vandalizminə qarşı deyil, eyni zamanda bütün hay xəstəliyinə tutulanları hay-həşirlə qucaqlayanlara da qarşı mübarizə aparan qüdrətli Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət dünya gündəmindəki yerini qoruyur. İşğal sonrası Qarabağda aparılan sürətli quruculuq və bərpa işləri, böyük qayıdışa istiqamətlənən bütün yolların, sözün əsl mənasında, hərtərəfli olaraq hamarlanması ilə yanaşı, işğal gerçəkliklərini, erməni vəhşiliyi bütün dünyaya tanıdacaq olan turizm fəaliyyəti də bu siyasətin bir tərkib hissəsidir. Bu mənada, dünya turizm leksikonuna “Dark”, yəni “Qaranlıq turizmi” adı ilə düşmüş turizm növünün Şuşada və bütün işğaldan azad edilmiş Qarabağda tətbiq olunması erməni vandalizminin qara izlərini bütün dünya səyyahlarının gözü önünə sərəcək. 

    “Qaranlıq turizmi” xüsusi bir növ kimi təbii fəlakətlər, texnogen qəzalar, terror, işğal və müharibə baş vermiş ərazilərə səfər etmiş turistlərdə təəssüf, qorxu və buna bənzər dərin düşüncə formalaşdırmaqla, əslində, turizmin humanitar gücünü bir daha ortaya qoyan bir fəaliyyətdir. Bu mənada, 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından başlayaraq keçən otuz ildən artıq bir müddətdə ölkəmizin Qarabağ və ona bitişik ərazilərində xalqımıza qarşı törətdiyi terror, işğalçılıq, vandalizm, talançılıq, genosid, ekosid, urbisid hadisələrinin nəticələrini yerində görmək üçün bu bölgəyə səfər edən yerli və əcnəbi turistlərə belə məzmunlu turların təşkili, fikrimizcə, erməni xislətinin bütün dünyaya faş edilməsi baxımından tutarlı ideyadır. Erməni işğalı dövründə Qarabağın yerləyeksan olunmuş şəhər və kəndləri, talan edilmiş maddi sərvətləri, vandallığa məruz qalmış dini-mədəni obyektləri, məhv olunmuş fauna və florasından nümunələr saxlanılmaqla onların gələcəkdə maddi sübutlar kimi ölkə­mizə səfər edən elm adamları, diplomatlar, mədəniyyət xadimləri, jurnalistlər və ya, sadəcə, həvəskar turistlərə təqdim olunmaqla ölkəmizə qarşı davam edən haqsız ikili standartlara da tutarlı cavab vermək mümkündür.  
     “Qaranlıq turizmi” qeyri-adi turizm növüdür. Belə ki, burada digər turizm növlərinin əksinə olaraq istirahət, rekreasiya və ya əyləncə yoxdur. Bu isə turizm sənayesinin əsas gəlir sektoru olan əyləncə sahəsini bu turizm növündə tətbiqini zəiflədir. Bu turizm növü üzrə akademik araşdırmalara baxdıqda burada insanların səyahətin “qara üzünə” şahidlik etmək kimi motivlərinin əsas olduğunu görürük. Turizmin bu növü dünyada bir çox yerlərdə, əsasən də, Avropa ölkələrində hələ XX əsrin sonlarından başlayaraq yayılıb. Son otuz il ərzində keçmiş SSRİ ərazisində yaranan separatçılıq hərəkətləri və onların nəticəsində hələ də davam edən qanlı toqquşmaların törətdiyi dağıntı və faciələr, təəssüf ki, “Qaranlıq turizmi” üçün yeni destinasiyalar yaratmışdır ki, bunlardan biri də 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Azərbaycanın Qarabağ bölgəsidir.  
    İşğaldan azad olunmuş Qarabağda “Qaranlıq turizmi”nin təşkili üçün kifayət qədər özünəməxsus əsaslar vardır. Belə ki, Qarabağın keçmiş sovet dönəmində mövcud olmuş böyük turizm potensialı, Azərbaycan Respublikasına üz tutan turistlərin böyük əksəriyyətinin bu cazibədar regiona səfər etməsi burada turizmin müxtəlif növlərinin inkişafı üçün geniş zəmin yaradırdı. Hələ 1988-ci ilə qədər Qarabağda mövcud olmuş turizm infrastrukturu, buradakı təbii və tarixi mədəni turizm ehtiyatları hər il çox sayda turistin mənalı asudə vaxt keçirməsinə imkan verirdi. Füsunkar təbiət, gözəl iqlim, zəngin mədəniyyət Qarabağın ümumi turizm cazibəsini müəyyən edən amillərdən idi. Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində isə Qarabağda bütün mülki infrastruktur, təbii və tarixi mədəni sərvətlər tamamilə dağıdılmışdır. Buna görə  də mədəniyyət paytaxtımız Şuşada, “Qafqazın Xirosiması” adlandırılan Ağdamda, tamamilə dağıdılmış Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər rayonlarda törədilmiş cinayətlərin bilavasitə insanlığa nümayiş etdirilməsi üçün beynəlxalq təcrübə olan “Qaranlıq turizmi”nin gücündən istifadə etmək olar. 
    Şuşa şəhəri Qarabağın və bütün Azərbaycanın incisi, qədim mədəniyyət mərkəzidir. Şuşanın turizm potensialı, ümumilikdə, bütün Qarabağın turizm potensialı ilə birlikdə ölkəmizin ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Keçmişə bir daha nəzər salsaq, görərik ki, Şuşanın turizm potensialı hələ erməni işğalına qədərki dövrdə yüksək tələb görmüş və təkcə Şuşa­ətrafı istirahət və rekreasiya komplekslərindən hər il on minlərlə yerli və əcnəbi turist istifadə etmişdir. Şuşaya olan turist marağının keçmişdəki kimi, indi də yüksək səviyyədə olduğunu nəzərə alsaq, işğaldan sonrakı dövrdə də burada bir çox istiqamətlərdə turizm səfərlərinin həyata keçiriləcəyini düşünmək mümkündür. Belə ki, Şuşa artıq mühüm beynəlxalq görüşlərin keçirildiyi işgüzar turizm mərkəzi, dünyada şöhrət qazanan festivalların keçirildiyi yer kimi tanınmış, Azərbaycan musiqi mədəniyyətinin paytaxtı kimi çox sayda incəsənət xadiminin ziyarət etdiyi bir məkana çevrilmişdir. Ölkəmizə gəlmiş dövlət başçılarının, diplomatların və media nümayəndələrinin böyük maraqla səfər etdiyi Şuşada tematik turlar kimi “Qaranlıq turizmi” məkanlarının seçilməsi də səyahətini pozitiv elementlərlə zənginləşdirmək istəyənləri təəssüfləndirmək deyil, onlara bu mühüm mədəniyyət mərkəzinin erməni işğalından gördüyü zərərlər haqqında da gerçək məlumatlar verilməsi baxımından əhəmiyyətlidir.  
    İşğal dövründə ermənilər Qarabağın mədəni mirasına ciddi zərər vurublar. Belə ki rəsmi hesabatlara əsasən ermənilər Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər vurublar. 1992-ci ilin 8 mayından 2020-ci ilin 8 noyabrınadək erməni işğalında qalmış Şuşaya da ciddi zərərlər dəymiş, şəhər erməni vandalları tərəfindən dağıdılmış, buradakı Azərbaycan xalqına məxsus olmuş maddi mədəni abidələr təhqir edilmişdir. Ermənilər bütün Qarabağ ərazisindəki 63 məsciddə olduğu kimi, Şuşadakı məscidlərdə də dağıntılar törətmiş, Azərbaycanın incəsənət xadimlərinin büstlərini güllələrlə zədələmişlər. Şuşa şəhərində erməni vandalizminə məruz qalan qədim yaşayış binaları, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqlarından XVIII əsrə dair Şuşa qalasının divarlarını, Pənah xanın sarayı və kitabxanasını, İbrahim xanın bürcü və qəsrini, Xan sarayı və karvansarayı, Molla Pənah Vaqifin mədrəsə və türbəsini, Yuxarı məscid mədrəsəsini, Hacıqulların malikanəsini, ikimərtəbəli karvansarayı, Mehmandarovların malikanə kompleksini, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidlərini, Xurşidbanu Natəvanın evi və bulağını, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərini, Mamay bəyin evini, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini, Şirin su hamamını və digərlərini göstərmək olar. İşğal dövründə Şuşada məskunlaşmış az sayda olan ermənilər burada müvəqqəti qalacaqların bildikləri üçün şəhərin inkişafı naminə heç bir iş görməmiş, əksinə, burada əsl soyğunçuluqla məşğul olmuşlar.  
    “Qaranlıq turizmi” erməni xislətinin əsl mahiyyətinin daha geniş şəkildə üzə çıxarılması baxımından tutarlı vasitələrdən biridir. Qarabağ probleminin artıq həll olunduğu, lakin revanşizmə qarşı ideoloji mübarizənin hələ də davam etdiyi bir zamanda qonşularına qarşı nifrət və terror ruhunda yaşayan ermənilərə bundan sonrakı dövrdə beynəlxalq aləmdə tutarlı cavab verilməsi baxımından Şuşa şəhərində və eləcə də bütün Qarabağda və onun ətrafındakı ərazilərdə, hətta 44 günlük Vətən müharibəsi dövründə işğalçı erməni ordusunun Ermənistan ərazisindən atdığı uzunmənzilli raketlərlə Gəncədə, Bərdədə və digər şəhərlərdə mülki əhaliyə qarşı törədilmiş cinayətlərin izləri “Qaranlıq turizmi” obyekti kimi, ölkəmizə gəlmiş turistlərə təqdim oluna bilər.  
    Nəticədə isə otuz ildən artıq bir müddətdə ərazisinin 20 faizi erməni işğalı altında qalmış Azərbaycan Respublikası öz torpaqlarını düşməndən azad etdikdən sonra və kommunikasiyaların bərpası və sülh danışıqları istiqamətində qəti addımlar atdığı bir şəraitdə beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızda müharibə, qorxu, faciə və dağıntı fraqmentlərinin izlərinin yaşadıldığı nöqtələrə, yəni erməni vandalizminin izlərinə yönəltməklə ölkəmizin 30 il ərzində erməni işğalı nəticəsində itirdiyi gəlirlərə görə işğalçı dövlətə qarşı təzminat tələbini daha da qüvvətləndirə, işğalçının əsl simasını dünyaya daha yaxşı tanıda və erməni revanşizminin havadarlarına, onu bəsləyən qüvvələrə qarşı güclü zərbə vura bilər. 

Əli CABBAROV

Nəşr edilib : 15.11.2022 18:57