AZ EN RU

Süleyman Ələsgərov

Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan və bu musiqi mədəniyyətini dünya səviyyəsində qəbul ediləcək bir sənət sahəsinə çevirməyi bacaran istedadlı bəstəkarlar çoxdur. Mənəvi gözəlliyi, fitri istedadı ilə fərqlənən yaradıcı insanlarla dünya mədəniyyətini zənginləşdirən Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi görkəmli sənətkarlar arasında özünəməxsus yaradıcılığı ilə diqqəti cəlb edən bəstəkarlardan biri də Süleyman Ələsgərovdur. Süleyman Ələsgərov yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yeri olan bəstəkarlardandır. Müxtəlif janrlarda maraqlı musiqili obrazlar  yaradan Süleyman Ələsgərov musiqi mədəniyyətimizə ecazkar və rəngarəng sənət əsərləri bəxş etmişdir.

Süleyman Ələsgərov görkəmli bəstəkar, dirijor, zəhmətsevər pedaqoq, böyük vətənpərvər, eyni zamanda gözəl insan olmuşdur. Onun mahnıları, instrumental əsərləri, operaları, musiqili komediyaları,  simfonik musiqidəki nailiyyətləri fitri istedadının və yaradıcılıq təxəyyülünün  parlaq təzahürüdür. Azərbaycan xalqının fəlsəfi təfəkkürünün mənbələrindən  olan xalq musiqisi Süleyman Ələsgərov yaradıcılığının əsas bazası olmuşdur.  Xalq musiqisindən  bəhrələnən bəstəkarın özünəməxsus yazı üslubu, bəstəkarlıq texnikası və fərdi yaradıcılıq xüsusiyyətləri müraciət etdiyi bütün janrlarda  maraqlı obrazlar canlandırmağa imkan vermişdir. Yaradıcılığının ən gözəl keyfiyyətlərini müxtəlif janrlarda yazdığı əsərlər ilə təcəssüm etdirməyi bacaran istedadlı bəstəkar Süleyman Ələsgərov rəngarəng mövzulu musiqili komediyalarında da ecazkar obrazlar aləmi, orijinal  məzmunlu süjet xətti yaratmış, bu əsərlərlə milli musiqi mədəniyyəti xəzinəsini  zənginləşdirmişdir.

Sənət aləmində olduqca böyük nüfuz və hörmət sahibi,  Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdər incəsənət xadimi, Azərbaycanın xalq artisti,Ü.Hacıbəyov adına Dövlət mükafatı laureatı, bəstəkar, dirijor, Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il 22 fevralda Şuşa şəhərində anadan olmuşdur.  Şəhərin musiqi həyatı hələ uşaqlıqdan onda bu sənətə maraq oyatmışdır. S.Ələsgərov 1935-ci ildə  təməli 1933-cü ildə  Həmzə Əliyev tərəfindən  qoyulan  Şuşa Musiqi Texnikumunun tar sinfinə daxil olur.  Musiqi texnikumunda oxumaqla o,  eyni zamanda, pedaqoji texnikumdada təhsil alırdı. S.Ələsgərov musiqi ifaçılıq sirlərinə yiyələnmək məqsədi ilə texnikumda təşkil olunan bədii özfəaliyyət kollektivlərində  fəal iştirak etməyə çalışmış və pedaqoji texnikumun son kursunda oxuyarkən musiqi texnikumunda müəllim kimi fəaliyyət göstərərək gənclərə musiqi nəzəriyyəsi və tar ixtisasından dərs demişdir. Bəstəkar ümumtəhsil məktəbləri üçün yazılan bir çox dərsliklərin müəllifi və elmi redaktoru olmuşdur.

S.Ələsgərov 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq üzrə B.İ.Zeydmanın sinfini fərqlənmə ilə bitirdikdən sonra Bakı Orta İxtisas Musiqi Məktəbinə rəhbərlik etmişdir. 1956-cı ildən isə konservatoriyada xalq musiqi kafedrasında fəaliyyət göstərən S.Ələsgərov 1971-ci ildən bu kafedraya rəhbərlik etmişdir.

1941-ci ildə Respublika Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestirində çalışan S.Ələsgərov 1944-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrına dəvət olunaraq 1948-ci ilə kimi baş dirijor və musiqi hissə müdiri vəzifəsində çalışır, 1949- 1951-ci illərdə Azərbaycan SSR Kinematoqrafiya Komitəsində kino–teatrında orkestrlərin,1951-52-ci illərdə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansanblının rəhbəri, 1956-58-ci illərdə Azərbaycan xalq çalğı alətləri orkestrində drijor, 1958-cı ildə 1960-cı illərə kimi isə Respublika Radio Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsində çalışmışdır.

S.Ələsgərovun ifaçılıq fəaliyyətinin bütöv dövrü Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuşdur. 1960-cı ildən 1971-ci ilədək həmin teatrın direktoru və baş direktoru vəzifəsində çalışan S.Ələsgərov insanı düşündürən yumoru ilə  tamaşaçı auditoriyasının qəlbinin fəth etmişdir. S. Ələsgərovun musiqili komediyaları rəngarəng mövzuları, gözlənilməs dönüş xətti, dolğun obrazlar aləmi ilə yadda qalır.

S.Ələsgərovun musiqili komediya janrında ilk təcrübəsi 1945-ci ildə yazılan “Məhəbbət gülü” adlı əsərdir. O, hamı tərəfindən sevilən məşhur “Ulduz” musiqili komediyasını Sabit Rəhmanın librettosu əsasında 1948-ci ildə yazmışdır. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrına rəhbərlik etməsi S.Ələsgərovun musiqili komediya janrında orijinal əsərlər yazmağının başlıca səbəbi olmuşdur. Süleyman Ələsgərov  1967-ci ildə “Milyonçunun dilənçi oğlu” komediyasına görə Ü.Hacıbəyli adına Respublika mükafatına layiq görülmüşdür.  Bundan əlavə bəstəkar 1962-ci ildə Ş.Qurbanovun librettosuna “Özümüz bilərik”, 1964-cü ildə “Olmadı elə, oldu belə”, 1971-ci ildə “Sevindik qız axtarır”, 1968-ci ildə S.Qədirzadənin librettosuna “Hardasan, ay subaylıq”, 1971-ci ildə “Həmişəxanım”, 1973-cü ildə “Gurultulu məhəbbət”, 1992-ci ildə İ.Məlikzadənin librettosuna “Subaylarınızdan görəsiniz”,1 995-ci ildə  “Hərənin bir ulduzu” musiqili komediyalarını yazmışdır.

Süleyman Ələsgərov  musiqinin bir çox janrında öz yaradıcılıq imkanlarını sınamış,  zövq oxşayan maraqlı əsərlər yaratmışdır. Bəstəkarın yaradıcılığı ilə yaxından tanış olarkən aydın olur ki, o, ölkəmizdə baş verən bütün ictimai-siyasi, ədəbi prosesləri diqqətlə izləyərək hər zaman fəal aparıcı mövqedən çıxış etmişdir. Müasiri olduğu ayrı-ayrı hadisələr bəstəkarın yaradıcılıq təxəyyülünü qüvvətləndirərək onun müxtəlif forma və janrlarda musiqi əsərlərinin yaratması ilə nəticələnmişdir.

Süleyman Ələsgərov XX əsrın 30-40-cı illərini əhatə edən dövrdə formalaşan sənətkarlardandır. Öz xalqının övladı olaraq o, zəmanəsinin qabaqcıl fikirli vətənpərvər mütəfəkkirlərinin irəli sürdüyü ideyaların sədaqətli davamçısıdır.

 Müxtəlif janrlarda əsərlər yazan Süleyman Ələsgərovun yaradıcılıq irsinin böyük bir hissəsini də onun  və mahnıları tutur. S.Ələsgərov Azərbaycanda əmək mövzüsunda və əmək qəhrəmanlarına həsr olunan mahnı janrının əsasını qoyan  və məharətlə inkişaf etdirən bəstəkarlardan biridir. Onun əsərlərinin əsas qəhrəmənları pambıqçılar, neftçilər, toxucular, sağıcılar, inşaatçı, üzümçü və çobanlardır.  Bəstəkar Sosialist Əməyi Qəhrəmanı, neftçi İsrafil Hüseynova “Hünər nəğməsi”, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovaya “Şamama”, çoban Süleyman Bağırova “Qəhrəman çoban”, inşaatçı Məmməd Hüseynova isə “Usta Məmməd”  və başqaları haqqında yazılan mahnılarının müəllifidir.

   S.Ələsgərov özü haqqında həmişə  vüqarla söz etdirən Naxçıvan  Muxtar Sover Sosialist Respublikasının 60 illiyinə həsr elədiyi rəqs və  ansambl üçün “Bayram” suitasında günü-gündən çiçəklənən muxtar respublikanın  qurub-yaradan əmək adamları, şan şöhrətli əməyi, xoşbəxt həyatı tərənnüm olunur. Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr olunmuş “Bahar” mahnısı da bu qəbildəndir.

  Qələmini bütün janrlarda sınayan S.Ələsgərov romans janrında da zövqə oxşayan əsərlər yazmışdır. C.Cabbarlının “Yada düşdü”, M.Fizulinin “Vətənimdir”, N.Gəncəvinin “Sərvi xuramanım mənim”, M.Muşfiqin “Küsmərəm”, Nəsiminin “Neylərəm” və s qəzəllərə yazdığı romanslar bəstəkara unudulmaz şöhrət gətirmişdir.

İstedadlı bəstəkar S.Əlsgərov nəyinki qəlbləri oxşayan əsərləri ilə eyni zamanda  qayğıkeşliyi, insanpərvərliyi, böyük ürəyə sahib şəxsiyyət kimi xatirələrə həkk olunmuşdur.

 

Ruhiyyə DÜNYAMALIYEVA

Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsi

“Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi

Nəşr edilib : 15.02.2022 10:25