AZ EN RU

Süleyman Dəmirələ dedim ki, istəyirəm ilk görüşümüzdə Heydər Əliyevə general olduğumu bildirməyim

    Yazı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümünə həsr olunur.

    Onlar özləri haqqında danışmağı sevməzlər. Mediaya danışmağı heç sevməzlər. Ona görə yox ki, bu onlar üçün nə zamansa bir məhdudiyyət olub. Həm də ona görə ki, bu, keçmiş xüsusi təyinatlı komandan üçün ordu, Vətən və müqəddəs peşə qarşısında məsuliyyət məsələsidir. Bir də axı biz nə vaxtsa həyata keçirilmiş hər hansı bir məxfi əməliyyatı müzakirə etməyəcəkdik ki. Amma söhbətimizdə məxfi detalların olmamasını da istisna etməmişdim. Ona ünvanladığım bəzi suallara cavabında gülümsəyərək – gəlin bunun üzərindən keçək, – deməsi də sonradan düşüncələrimdə yanılmadığımı bir daha mənə hiss etdirmişdi. Hətta söhbətin əvvəlində bəzi məsələlər haqqında müəyyən qədər danışacağını da zarafatla söyləməkdən çəkinməmişdi. Əslində, elə bu “müəyyən qədərlər” mənə bəs edirdi. Çünki söhbətin içərisində dahi Heydər Əliyevlə birgə müstəqilliyin ilk illərində Naxçıvanla bağlı xatirələr də vardı. Heç zaman, heç bir yerdə rast gəlməyəcəyimiz xatirələr. Və bu görüşün təşkili üçün artıq iki ay bundan əvvəl qollarımızı çırmalamışdıq. Düzdür, istefada olan general-leytenantın bu görüşə razılıq verib-verməyəcəyi üçün əvvəlcədən bir az narahatlığımız vardı. Amma şükürlər olsun ki, bir az axtarışlarımızın sayəsində müsahibimizin Ankarada yaşadığını dəqiqləşdirmişdik, hətta müəyyən vasitələrlə istəyimizi də çatdırmışdıq. Artıq razılıq alınmış, görüş vaxtı da dəqiqləşdirilmişdi. Necə? Bax burada o məşhur cümləni işlətməyin tam yeri var: “Dostlar sağ olsun!” 
    Ankara, 13 iyun 2023-cü il. Səhər saat 9:30. Xüsusi Təyinatlı Qüvvələrin istefada olan polkovniki Şenol Çöklü öz avtomobili ilə məni qarşılamağa gəlib. Görüşüb hal-əhval tutduqdan sonra şəhərə doğru hərəkət edirik. Əvvəlcə bir çay içməyi təklif edən Şenol bəy məndən Naxçıvanı, buradakı vəziyyəti xəbər alır. Axı Şenol bəy özü də vaxtilə Naxçıvanda olub, həm də muxtar respublikanın ən çətin vaxtlarında. Milli ordumuzun yenicə formalaşdığı zamanlarda onun da böyük əməyi var. Mən o zamandan bəri Naxçıvanın çox inkişaf etdiyini, yaxın dostların ona salamlarını çatdırıram. Bu haqda onunla sonra söhbət edəcəyik, ancaq indilik generalla görüş saatını dəqiqləşdirmək lazım olduğunu bildirir və telefonla Kamal Yılmaz Paşaya (Paşa Osmanlı dövründən general rütbəsi daşıyan zabitlərə deyilir) zəng edir. Bir-iki dəqiqəlik danışıqdan sonra üzünü mənə tərəf tutub, Kamal bəy bizi saat 2-də öz evində gözləyir, – deyir. O zamana qədər isə vaxtı itirməyib Abdulla bəylə (Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdulla Ağar) görüşə biləcəyimizi deyir. Abdulla Ağarla söhbətimizdə (bu müsahibə “Şərq qapısı” qəzetinin 22 iyun 2023-cü il sayında dərc olunub) onun da vaxtilə xüsusi təyinatlı qüvvələrdən təxris olunduğunu öyrənirəm. Beləliklə, Ankarada görüşdüyümüz müsahiblərimizin hər üçünün ayrı-ayrı dövrlərdə xidmət yolunun Azərbaycandan keçdiyinin və hər üçünün də qəlbində ortaq bir Azərbaycan sevgisi olduğunu bir daha özüm üçün yəqinləşdirirəm. 
    ...Səbuhi bəy, Kamal Paşa zəng edir, artıq çıxmaq vaxtıdır, – deyəndə Abdulla Ağarla söhbətimizi yekunlaşdırıb sağollaşırıq. Polkovnik yolboyu generalın daha bir zənginə cavab verdikdən sonra gedəcəyimiz sitenin (yaşayış kompleksinin) qarşısında bizi mühafizəçilərin gözlədiyini xəbər verir. Təxminən, 20-25 dəqiqədən sonra kompleksin girişində bizi hərbi formalı iki mühafizə əsgəri qarşılayır. Kamal Yılmaz Paşa ilə görüşəcək insanların biz olduğunu öyrəndikdən sonra onları maşınla müşayiət etməyimizi xahiş edirlər. Binanın tam qarşısında enib mühafizəçilərlə birlikdə liftə minib yuxarı qalxırıq. Yolüstü Şenol bəy mənə xüsusi təyinatlı komandanların xidmətdən sonrakı dövründə də dövlət tərəfindən mühafizə olunduğu söyləyir. Budur, artıq mənzilin qarşısındayıq və general bizi qapının astanasında böyük bir təbəssümlə şəxsən qarşılayır. Sanki uzun illər görüşmədiyi doğmalarını qarşılayırmış kimi hər ikimizi bağrına basıb hal-əhval tutmağa başlayır. İlk sözü isə “İnanmazdım ki, indi kimsə məni Naxçıvanda xatırlayar və buralara qədər gələr”, – olur.
    ...Mənzilə keçirik, bizə oturmaq üçün yer göstərir. Naxçıvanda nə var, nə yox, orada mənim çox xatirələrim olub, – deyir. Elə biz də o xatirələr üçün gəlmişik, – deyə cavab veririk. 
    Haşiyə: General-leytenant Kamal Yılmaz 1940-cı ildə anadan olub. 1990-1994-cü illərdə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin (Bordo bereli) komandanı olub. Türk ordusunda bu elit qüvvələrə dörd il davamlı komandanlıq etmiş (əksəriyyəti iki və ya üç il edib) azsaylı generallardandır. Hazırda istefada olan general-leytenant 1979-cu ildə Beyrutda Türkiyə səfirliyinə xain hücum zamanı “ASALA” üzvlərinin zərərsizləşdirilməsində çox böyük rol oynayıb. Həmçinin müxtəlif illərdə İraq, Suriya və Şimali Kiprdə xüsusi təyinatlıların həyata keçirdiyi ən ağır əməliyyatlara rəhbərlik edib. Məhz onun komandanlığı dövründə xüsusi təyinatlıların şəxsi heyətinin sayı artırılaraq yeni hərbi birləşmələr yaradılıb. Bunun nəticəsində Türkiyənin cənub-şərq sərhədlərindəki coğrafi baxımdan ən keçilməz ərazilərində çox çətin təhlükəsizlik əməliyyatlarını yerinə yetirə bilib. 
    – Kamal bəy, Naxçıvana ilk gəlişiniz necə olub? Necə xatırlayırsınız o illəri?
    – Mənim Naxçıvana ilk səfərimin çox maraqlı bir tarixçəsi var. Bundan əvvəl, Bakıda bir neçə dəfə olmuşdum. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövr idi. Azərbaycan müstəqilliyini elan etsə də, vəziyyət mürəkkəb olaraq qalırdı. Bir tərəfdən Qarabağda gedən döyüşlər, Sumqayıt hadisələri, bir tərəfdən də hakimiyyətdəki çəkişmələr Azərbaycanın gələcəyinin heç də yaxşı olmayacağını göstərirdi. Bu haqda danışarıq. Amma Naxçıvana gəlişim belə olmuşdu ki, bir gün Baş nazir Süleyman Dəmirəl məni yanına çağırıb Naxçıvana gedəcəyimi söylədi. Bu həmin dövr idi ki, Heydər Əliyev yenicə Naxçıvanın rəhbəri seçilmişdi.
    – Ali Məclisin Sədri seçilmişdi.
    – Bəli, Ali Məclisin Sədri. Süleyman bəy dedi ki, Naxçıvana get, oradakı vəziyyəti öyrən, Heydər Əliyevlə görüş, Naxçıvanın əsas çətinlikləri nələrdir, bununla bağlı işlərlə yerində maraqlan. Mən də Dəmirələ qayıtdım ki, bəlkə, Heydər bəyə general olduğumu söyləməyim, xarici işlərdən bir məmur olduğumu deyim. Rəhmətlik Dəmirəl bir az fikirləşdi, sonra dedi ki, eybi yox, necə istəyirsən, elə et. Bunu əlavə edim ki, həmin dövrdə Bakıda Xalq Cəbhəsi hakimiyyəti ilə Naxçıvan arasında fikir ayrılıqları var idi. Türkiyənin ozamankı prezidenti rəhmətlik Turqut Özalla Elçibəy hakimiyyəti arasında isti münasibətlər var idi. Süleyman Dəmirəlin isə daha çox Heydər Əliyevlə səmimi münasibətləri mövcud idi. Dəmirəlin məni Naxçıvana göndərməsinin bir səbəbi də Türkiyənin Naxçıvanı gözardı etməməsindən irəli gəlirdi. Beləliklə, mən həm Turqut Özal və Elçibəy, həm də Dəmirəllə Heydər Əliyev arasındakı əlaqələri dərindən bilən yeganə şəxs idim. Naxçıvana gəlməmişdən öncə Heydər bəyi heç zaman görməmişdim. Amma onun dövlət idarəçiliyində böyük təcrübəsinin, keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu bilirdim.
    – Sonra nə etdiniz?
    – Sonra bizim zabitlərdən birini də özümlə götürdüm, Allah rəhmət eləsin, indi dünyasını dəyişib, rütbəsi səhv etmirəmsə o zaman kapitan idi, hə, kapitan idi, onunla mülki geyimlərimizi geyindik və hərbi təyyarə ilə Ərzuruma uçduq. Onu da deyim ki, digər birliklərdən fərqli olaraq xüsusi təyinatlıların komandanlığının səlahiyyətində hərbi təyyarə də olur. Nə isə gəldik Ərzuruma, oradakı hərbi birləşmələrin birinin komandirinə zəng vurub dedim ki, mənə bir mülki maşın verin. Bir azdan mənim üçün köhnə bir “Toros” (“Renault” Toros) gəldi. Gülür... O zaman belə lüks maşınlar yox idi. Nə isə maşına oturub üzü İqdıra tərəf gəlməyə başladıq. Gəlib çatdıq İqdıra, oradan sərhədə doğru gedirik, elə sərhədə bir az qalırdı ki, maşın xarab oldu, qaldı yolda. Mən dedim ki, daha onun düzəlməsini gözləyən deyiləm, piyada başladıq sərhədə tərəf getməyə. Orada indi keçid üçün böyük bir körpü var. O körpü o zaman yox idi, amma kiçik bir taxta körpü var idi, elə yenicə körpünü keçmişdik ki, gördük  iki rus əsgəri qabağımızı kəsdi. İndi biz bunların dediyini başa düşmürük, onlar da bizim dediyimizi. Birtəhər başa salmağa çalışırıq ki, bizim Naxçıvanda qohumlarımız var, onları görməyə gedirik. 
    – Əllərində silahları da var idi?
    – Hə, “Kalaşnikov” var idi hər ikisində. Nə isə bunlara nə deyiriksə, bizə “net” deyirlər. Sonradan öyrəndik ki, bu “net” rus dilində “yox” deməkdir. Əslində, üzərimizdə silah da var. Yəni bunları vura da bilərik, amma səs-küy salmaq istəmirdik, istəyirik ki, bir yol tapıb keçək.
    – Kamal bəy, əgər onlar bilsəydi ki, siz türk generalısınız, bəlkə də, çoxdan özlərini itirmişdilər...
    (Gülür...) – Nə isə axırda çəkilib bir tərəfdə oturduq. Bunlar da oturdu. Aradan bir az keçdi. Bir də gördüm bizim olduğumuz tərəfə bir “Cip” gəlir. (UAZ-ı nəzərdə tutur S.H.) Maşın gəlib yanımıza çatanda baxdım ki, hərbi formada biri maşından endi, tez ayağa qalxıb buna dedim ki, qardaş biz Türkiyədən gəlirik, Naxçıvana qohumlarımızın yanına gedəcəyik, ancaq bu əsgərlər bizi başa düşmürlər. Bir də gördüm ki, gələn adam mənə türkcə cavab verdi. Sevindik. Dedi qohumlarınız harada qalır? Dedik ki, şəhərdə. Dedi, gəlin oturun maşına. Bu adam kim olsa, yaxşıdır?
    – Kim? – deyə dillənirəm... 

(ardı növbəti sayımızda)
Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Naxçıvan-Ankara-Naxçıvan

 

 

Nəşr edilib : 24.06.2023 19:35