AZ EN RU

Süfrəmizin bəzəyi – öz çörəyimiz

İstehsal müəssisələri

    Bu gün muxtar respublikamızın inkişaf strategiyasını diqqətlə izləyən hər bir şəxs bu prosesdə sənaye sahəsinin öndə getdiyini, son bir neçə onillikdə bu istiqamətdə xeyli uğurlar qazanıldığını, belə nailiyyətlərin davamlı xarakter aldığını təsdiq edər; bununla bağlı yaranmış bir qənaətlə qeydsiz-şərtsiz razılaşar ki, diyarımız aqrar regiondan sənaye məhsulları istehsalı ilə məşğul olan məmləkətə çevrilib. 

    Sənaye məhsullarının istehsalı paytaxt şəhərimizlə məhdudlaşmır; sovet dönəmini xatırlayanlar da təsdiq edər ki, o dövrdə sənaye müəssisələri ancaq mərkəzdə, nisbətən böyük şəhərlərdə və rayon mərkəzlərində cəmləşmişdi. Bu gün isə “Naxçıvan modeli”nin ən mütərəqqi cəhətlərindən biri də odur ki, sənaye məhsulları istehsal edən müəssisələr kənd yaşayış məntəqələrində də xeyli saydadır. Konkret faktlar da bunu deyir.

    Muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərura ezam edilməyimdə də məqsəd bu bölgədə həmin sahənin inkişafı ilə bağlı yazı hazırlamaq idi.
    Məlumat üçün deyim ki, rayonda 24 lavaş sexi, 14 mebel təmiri (onların bir neçəsi həm də istehsalla məşğuldur), 1 çörək zavodu, 1 dəyirman (həm də lavaş istehsalı), mövsüm ərzində fəaliyyət göstərən 14 priket istehsalı və digər sahələr insanların xidmətindədir. Onların sırasında rayonun Şəhriyar kəndində mətbəx mebeli hazırlayan Rza Rzalını, Aşağı Aralıqda “Elxan-Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətini, Qışlaqabbas kəndində idman formalarının tikişi ilə məşğul olan ailə təsərrüfatçısı Nabat Vəliyevanı, həmin yaşayış məntəqəsində mebel istehsalı və təmiri ilə məşğul olan Taleh Sultanovu və başqalarını göstərmək olar ki, bu gün rayonda hamı onların fəaliyyətindən razılıqla danışır. Bugünkü yazımızda isə “Elxan-Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətindən bəhs etmək istəyirik.
    Cəmiyyətin rəhbəri Elxan Əliyevin sözlərinə görə, məhsul istehsalı ilə məşğul olan sahibkarlar yaxşı bilirlər ki, keyfiyyətli məhsula nail olmaq üçün bir sıra vəzifələrə əməl edilməlidir. İlk növbədə, müasir avadanlıq mütləqdir, çünki bunsuz mümkün deyil. Biz də arayıb-axtarıb qardaş Türkiyə Respublikasının Konya şəhərindən avadanlıqlar gətirib quraşdırdıq. Bəhrəsini indi də görürük. Hazırda burada iki istehsal sahəsində 6 nəfər çalışır. Xammal kimi buğda “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınır. Bir saat ərzində növündən asılı olaraq 300-400 kiloqram buğda üyüdülür, həmin məhsul həm satılır, həm də müəssisənin lavaş sexində istifadə edilir. Burada 1 saat ərzində 50 kiloqram çörək bişirilərək rayonun ticarət şəbəkələrinə göndərilir.
    Müəssisənin həyətində buğda anbarı inşa edilib. Elxan Əliyev deyir ki, Türkiyənin “Vətən-Qida” müəssisəsindən alınmış laboratoriya avadanlığı üyüdəcəyimiz və özümüzün də istifadə edəcəyimiz məhsulun keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir.
    İstehsal sexlərində olarkən yanğın və texniki təhlükəsizlik, sanitar-gigiyenik tələblərə ciddi riayət edildiyi diqqətimizdən yayınmadı. İşçilərə tibbi kitabçalar açılıb, onların vaxtlı-vaxtında müayinədən keçirilməsi diqqətdə saxlanılıb. Müəssisənin həyətinə daimi su xətti çəkilib, buradakı mətbəx işçilərin elə müəssisədə nahar etmələrinə imkan verib.
    Geyim forması ilə də təmin olunmuş işçilər yaradılmış şəraitdən razılıqlarını bildirdilər. Rayon mərkəzində isə cəmiyyətin istehsal etdiyi lavaşın satıldığı bir mağazada şəhər sakini Vüsal Abdullayevlə həmsöhbət olduq. Bildirdi ki, illərdir, “Elxan-Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətinin lavaşından istifadə edirlər. Həm dadlıdır, həm də keyfiyyətli.
    ...Bir vaxtlar saatlarla çörək növbələrinə dayandığımız günlər illərdir ki, arxada qalıb. Yaxşı ki, o günləri bugünkü nəsil yaşamır. Gözlərini açıb çörək bolluğu görüblər. Dövlətimizin yaratdığı bu şərait hər birimizdə qürur hissi yaradır ki, bu gün süfrələrimizin bəzəyi öz çörəyimizdir. Qalır ki, onun qədrini bilək...

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 05.04.2022 19:14