AZ EN RU

Sudan səmərəli və qənaətlə istifadə olunmasa...

    Bu gün bəşəriyyəti narahat edən əsas həyati problemlərdən biri də qlobal istiləşmədir. Səhralaşma və su çatşmazlığı insanları suyun dəyərini daha çox anlamağa məcbur edir, suyun elə həyatın özü olduğunu bir daha bizə göstərir. Çünki həyatın mövcudluğunu özündə əks etdirən dörd ünsürdən biri, bəlkə də, ən vacibi də məhz sudur. Ucuz olan bir malın “su qiymətinə olduğu” bir dövr artıq tarixə qovuşub. Bu gün dünyada suyun özü “od qiymətinə” qalxıb.

    Bu gün dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir. Məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Suyun insan həyatında hansı rol oynadığını hamımız bilirik. Bəs ondan istifadədə necə, qənaət mədəniyyətmiz formalaşıbmı? 
    İlk növbədə, qeyd etməliyəm ki, Azərbaycan Respublikasının daxili suları Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir. Ölkəmiz su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Son illərdə dünyada, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir. Quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: Bütün bunları nəzərə alaraq son illərdə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.
    Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz, qoşulduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. 
    Bəs biz mənbələrimizi necə qoruyuruq? Qanunvericiliyin bu sahədə tələbi nədən ibarətdir? 
    Ölkəmizin bu haqda qanunvericiliyi Su Məcəlləsindən və digər normativ-hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar Su Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
    Su qanunvericiliyinə əsasən su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edir. Bələdiyyələr isə su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə iştirak edirlər.
    Mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə, su obyektlərindən istifadə müddəti qurtardıqda, hüquqi şəxslər ləğv olunduqda, su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə su obyektləri ayrıca istifadədən geri alındıqda, sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə, qanunverciliyin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə və su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilir.
     Həmçinin qanunvericilik sudan istifadə edənlərin vəzifələrini də müəyyənləşdirmişdir. Belə ki, sudan istifadə edənlər su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməli, sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etməli, Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.
    Su təsərrüfatı tədbirlərinin görülməsi, su obyektlərindən istifadə hüququna xitam verilməsi və ya sudan istifadə şərtlərinin dəyişdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilir.
    İçməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə, su obyektlərinin özbaşına tutulmasına, bu obyektlərdən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına, sudan özbaşına istifadə edilməsinə  su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə də qanunvericiliklə müəyyən olunmuş məbləğdə cərimə tətbiq edilir.
    Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün ayrı-ayrı fiziki şəxslər də daxil olmaqla bütün istifadəçilər sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan yararlanmaları, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və sair addımlar atmalıdırlar.
    Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.
    Unutmamalıyıq ki, əgər sudan səmərəli və qənaətlə istifadə etməsək, gələcəkdə su üzünə həsrət qala bilərik.

Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, 
baş ədliyyə müşaviri

Nəşr edilib : 07.08.2023 19:48