AZ EN RU

Şücaət, qeyrət, ucalıq zirvəsi

    Böyük, müzəffər, müdrik Azərbaycan xalqının övladları Vətəni qorumağı, onun uğrunda canından keçməyi həmişə özünə şərəf bilib. Dövlətimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğulları xalqımızın qürurudur. 
    Azərbaycan Silahlı Qüvvələrinin  kapitanı olmuş Toğrul Səyyad oğlu Məmmədov da Vətənini canından əziz tutan, bu yolda ölümə gedən qəhrəman şəhidlərimizdəndir.  1988-ci il iyulun 26-da Babək rayonunun Şıxmahmud kəndində anadan olmuş, orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində almış bu qeyrətli Vətən oğlu 2002-ci ildən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almış, 2005-ci ildə liseyi böyük müvəffəqiyyətlə bitirmişdir. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan igidimiz 2009-cu ildə buranı leytenant hərbi rütbəsi ilə bitirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir. Bu igid Vətən oğlu özünün cəsurluğu, şücaəti ilə həmişə seçilmiş, 2016-cı il iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində ərazi bütövlüyümüzün qorunub saxlanılmasında böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. İyulun 15-də Toğrul Məmmədov Babək rayonunun Şıxmahmud kəndində böyük ehtiramla son mənzilə yola salınmış, dəfn mərasimində minlərlə rayon sakini ilə yanaşı, şəhidimizin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak etmişdir. O, fəaliyyət göstərdiyi müddətdə mühüm nailiyyətlər qazanaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medalları, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Döyüşlərdə böyük şücaət göstərən şəhidimiz haqqında müəllifi Manya Səxavətqızı olan “Qeyrət təcəssümü” kitabı işıq üzü görmüşdür.
    Hərbçi yoldaşı 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Vətən müharibəsinin iştirakçısı, ölkə başçısının müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Səxavət Allahverdiyev Toğrulun igidliyindən, qəhrəmanlığından, vətənpərvərliyindən danışdı: – Toğrul ilə Ağdam rayonunda N hərbi hissədə birlikdə xidmət etmişik. Toğrulun zabit olaraq ilk təyinatı Ağdama verilmişdi, daha sonra xidmətini davam etdirmək üçün Bakıdakı hərbi hissələrdən birinə göndərildi. Toğrul könüllü olaraq ərizə yazaraq Bakıdan cəbhədə xidmət etmək üçün yenidən Ağdama N hərbi hissəyə qayıtdı və həmin hərbi hissədə mühəndis xidməti rəisi vəzifəsinə qədər yüksəldi. Toğrul bizim hərbi hissədə ad qoymuş nüfuzlu zabitlərdən biri idi və öz yoldaşları arasında səmimiyyəti, işgüzarlığı və cəsarəti ilə seçilirdi. Hər zaman görürdük ki, hamı istirahət edəndə o, həmişə gecə ön xətdə döyüş mövqelərində olurdu. Gənc zabit kimi həmin hərbi hissədə xidmətə başladığımızda bizə çox dəstək olmuşdu. Şəhadətə yüksəldiyi gün bir yerdə idik, onda dedi ki, arzularım çoxdur, bacımı, qardaşımı evləndirmək istəyirəm, atamız yoxdur deyə evin bütün yükü mənim üstümdədir. Toğrul 1 əsgər və 1 gizirlə düşmənlə çox yaxın məsafə idi. Bu vaxt həmin əsgəri minalı sahədə snayperlə sağ çiynindən vurdular. Toğrul əsgəri çıxarmaq üçün sürünə-sürünə onun yanına, minalı sahəyə gedir və onu minalı sahədən çıxarır və həmin vaxt düşmən snayperi ilə başından vurularaq şəhadətə yüksəlir. Həmin əsgər Toğrulun şücaəti nəticəsində sağ qalır. Toğrul ön cəbhədə xidmət etdiyi müddətdə çox şücaətlər göstərmişdir. Toğrul şəhadətə yüksəldi, amma onların yaratdıqları mühəndis maneələri, süni maneələr 2016-cı ildən 2020-ci il  Vətən müharibəsinə qədər düşmənin keçidlərinin, pusqularının qarşısını aldı və düşmən həmin ərazidə heç bir əməliyyat planlaşdıra bilmədi, basqın edə bilmədi.
    Bir şairimizin dediyi kimi “Ordum varsa, yurdum var, Ordum yoxsa, yurdum yox!” Vətəni qoruyan qeyrətli oğullarımız var olduqca xalqımız, dövlətimiz güclüdür, yenilməzdir, qüdrətlidir. 2020-ci il Vətən müharibəsində məhz müstəqil dövlətimizin güclü ordusunun, bu orduda xidmət edən, şücaəti və qəhrəmanlıqları ilə seçilən Vətən oğullarının hesabına tarixə qızıl hərflərlə yazılan şanlı Zəfər əldə edildi. Biz onların hər biri ilə fəxr edirik, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 22.06.2023 18:34