AZ EN RU

Su varsa, həyat var, suyunuzu israf etməyin!

    “Sulu el abad, susuz el viran olar”, – deyib atalarımız. Su təbiət, bütün canlılar, həyatımız üçün vacibdir. Yer səthinin 70 faizi, insan orqanizminin 60-70 faizi sudan ibarətdir. İnsanlara içmək, yemək bişirmək, çimmək, əlləri yumaq üçün su ehtiyacdır. Lakin təbiətin bizə bəxş etdiyi bu nemətdən çox vaxt sui-istifadə olunur. Halbuki müqəddəs dinimiz də suyu ölçüsündə işlətməyi və israfçılığa yol verməməyi tövsiyə edir. Sudan qənaətlə istifadə dünyamızın, eləcə də insanlığın gələcəyi üçün vacibdir.

Dünyada su ilə bağlı faktlar

İnsanların yaşaması üçün təmiz suya ehtiyac var ki, bu da getdikcə çətinləşir. Dünyadakı su ehtiyatının  1 faizdən az hissəsi istifadəyə yararlı, qalanları duzlu, buz və ya yeraltı su hesab olunur. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən 2,3 milyard insan su problemi olan ölkələrdə, 1,42 milyard insan, o cümlədən 450 milyon uşaq sudan yüksək və ya həddindən artıq həssas olan ərazilərdə, 3,2 milyard insan yüksək su çatışmazlığı və ya qıtlığı olan ərazilərdə yaşayır. Eyni zamanda 785 milyon insan su xidmətlərindən məhrumdur, 884 milyon insanın təhlükəsiz içməli suya çıxışı yoxdur. Hər gün, təqribən, 1000-ə yaxın uşaq su təchizatı və sanitariya ilə bağlı yaranan problemlərə görə həyatını itirir. Dünya əhalisinin üçdəikisi ilin ən azı bir ayı ərzində ciddi su qıtlığı yaşayır. Dünyanın bir çox ölkələrində qadınlar və qızlar hər gün su daşımaq üçün, təxminən, 200 milyon saat sərf edirlər. Qlobal Su İnstitutunun hesablamalarına görə isə 2030-cu ilə qədər 700 milyon insan su qıtlığı səbəbindən öz evini tərk edə bilər. 

Dünyada su qıtlığı və səbəbləri

Dünyada su qıtlığı ilk dəfə 1800-cü illərdə qeydə alınıb. 1900-cü ildən bəri 11 milyondan çox insan quraqlıqdan ölüb və quraqlıq 2 milyarddan çox insana təsir edib. 2005-ci ildən dünya əhalisinin, təxminən, 35 faizi xroniki su çatışmazlığı yaşayır. BMT Baş Assambleyası tərəfindən 2005-2015-ci illər “Həyat üçün su” devizi ilə Beynəlxalq Fəaliyyət Onilliyi elan edilmiş, həmçinin Assambleya tərəfindən qəbul edilən və 2016-cı ildən qüvvəyə minən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik”də dayanıqlı inkişaf məqsədləri öz əksini tapmışdır. Hər kəsi əhatə edən və universal xarakter daşıyan məqsədlərin həyata keçirilməsini nəzərdə tutan gündəlikdə 2030-cu ilədək, hamı üçün təhlükəsiz və əlçatan, hər yerdə və bərabər şəkildə içməli suya çıxış imkanına nail olmaq, suyun keyfiyyətini yaxşılaşdırmaq, su çatışmazlığı problemini həll etmək və bundan əziyyət çəkən insanların sayını əhəmiyyətli şəkildə endirmək üçün bütün sahələrdə sudan səmərəli istifadəni əhəmiyyətli dərəcədə artırmaq, eləcə də su ehtiyatlarının dayanıqlı istifadəsini və təmiz su təchizatını təmin etmək, bütün səviyyələrdə, o cümlədən zərurət olduqda transsərhəd əməkdaşlıq vasitəsilə su ehtiyatlarının kompleks idarəetməsini tətbiq etmək və digərləri əsas vəzifələr hesab olunur. 
    Bu gün dünyanın üz-üzə qaldığı su böhranının bir çox səbəbləri vardır. Bunlardan ən əsası iqlim dəyişikliyidir. Meşələrin qırılması, quraqlıqlar, daşqınlar, müharibə və münaqişələr insanları təmiz içməli sudan məhrum etməklə yanaşı, su ilə yoluxan xəstəliklərin də riskini artırır. Su haqqında məlumatların azlığı da böhran yaradan səbəblərdən biri hesab olunur. BMT dünyada 3 milyarddan çox insanın suyun keyfiyyəti haqqında məlumatlarının olmadığını bildirir. Bu da içməli olmayan sudan istifadə edən insanları risk altında qoyur. İstər qəsdən dağıdılması, istərsə də bilmədən yanlış idarəetmə nəticəsində, bir çox dövlətlər öz su ehtiyatlarına lazımi şəkildə investisiya qoymurlar ki, bu da təmiz suyun ona ən çox ehtiyacı olanlara çatmasına imkan vermir. 

Ölkəmizdə vəziyyət necədir?

Ölkə başçısının qəbul etdiyi fərman, sərəncam, Dövlət proqramları bu sahənin tənzimlənməsində mühüm rol oynayır. Son illər ərzində ölkəmizdə köhnə infrastrukturun yenilənməsi, bir neçə böyük su anbarı, su kanalının tikintisi, bərpası və yenidən qurulması, içməli su təminatı və digər meliorativ tədbirlər həyata keçirilib, suvarılmayan torpaqların su ilə təminatı kənd təsərrüfatının inkişafına öz təsirini göstərib. Su ilə bağlı itkilərin qarşısının alınması, suyun ədalətli bölgüsü, uçot işlərinin nizamlanması, bu sahədə düzgün təhlillərin aparılması, müasir texnologiyaların tətbiqi, əhalinin maarifləndirilməsi əsas vəzifələr kimi qarşıya qoyulub. 
    Uzun illər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təzahürlərindən biri də ekoloji terror idi. Düşmən meşələri qırır, qoruqları məhv edir, sudan istifadəni məhdudlaşdırırdı. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan Su Anbarı Vətən müharibəsində əldə edilən böyük Zəfər nəticəsində nəzarətimizə keçdi. Bu da Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşmasına öz təsirini göstərir. Bu gün azad edilmiş torpaqlarda su anbarları, çay resurslarından səmərəli şəkildə istifadə dövlətin diqqət mərkəzindədir. 
      Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd olunub ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. İqtisadi artımla ekoloji mühit tarazlı olmalı, ölkədə yararsız torpaq sahələrinin dövriyyəyə cəlbi ilə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir…
    Ölkə başçısının “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2023-cü il 30 mart tarixli Fərmanı ölkəmizin gələcəkdə su ilə bağlı məsələlərinin həllini nəzərdə tutur. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılacaq ki, bu agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirəcək, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparacaq, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək. 

Muxtar respublikada hansı işlər görülür?

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mütəmadi olaraq kanal və arxlarda lildən təmizlənmə işləri aparılır, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülür, hidrotexniki qurğularda təmir işləri yerinə yetirilir, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemləri quraşdırılır, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət edilir. 
    Muxtar respublikanın iqlim tipinin quraq olması burada suya olan tələbatı daha da artırır. Su anbarlarının fəaliyyəti su ehtiyatı və enerjisindən səmərəli istifadədə əsas rol oynayır. Böyük su anbarları – Araz Su Anbarı, Arpaçay Su Anbarı, Heydər Əliyev Su Anbarı, mövsümi və daimi qar, yağış suları ilə qidalanan çaylar, göllər əsas su mənbələri olmaqla ilboyu suvarma suyuna olan tələbatı ödəyir. Buna baxmayaraq, su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-bərabər paylanması və əsasən, əkinçilik bölgələrində torpaqların şoranlaşmaya meyilli olması, suya olan tələbatın artması su ehtiyatlarından qənaətlə istifadəni şərtləndirir. 
    Görülən meliorativ tədbirlər içərisində səmərəliliyi artırmaq üçün hidrotexniki qurğular və sistemlərin texniki cəhətdən təkmilləşdirilməsi, su mənbələri və su ehtiyatlarının mühafizəsi üçün hidrotexniki qurğuların tikilməsi və istismarı mühüm yer tutur. Bu qurğulara çay, kanal və onlar üzərindəki qurğular, nasos stansiyaları, subartezian quyuları, kəhrizlər daxildir ki, bunlar çayın axınının nizamlanmasında, suvarma və su təchizatı sistemlərinin su ilə təmin edilməsində, qrunt sularının səviyyəsini aşağı salmaqla şoranlaşmanın qarşısının alınmasında, bir sözlə, kənd təsərrüfatı işlərinin yerinə yetirilməsində mühüm rol oynayır. 
    Həmçinin su şəbəkələrinin qurulması rayonlarda, kəndlərdə əhalinin içməli suya olan tələbatını ödəyir. Martın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə istifadəyə verilən Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi belə tədbirlərdəndir. 
    Muxtar respublikada əhalinin su təminatı səviyyəsinin yaxşılaşdırmaq, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etmək, yarana biləcək problemlərin vaxtında və operativ aradan qaldırılması üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” təsdiqlənmişdir. Tədbirlər Planında içməli və təsərrüfat suları ilə təchizat ilə bağlı düzgün bölgü prinsipi, müasir və qənaətli suvarma sistemlərinin tətbiqi, bu sahədə maarifləndirici tədbirlərin təşkili kimi zəruri məslələrin reallaşdırılması qarşıya qoyulmişdur  Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti artıq bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlayıb. 
    Ümummilli Lider Heydər Əliyev demişdir: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”. Su olan yerdə həyat var, su olmasa, həyat dayanar. Gəlin məsuliyyətli olaq və suyu boş yerə israf etməyək! 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 18.04.2023 20:03