AZ EN RU

Su təsərrüfatı sahəsində kadrların hazırlanması günün tələbidir

    Meliorasiya və su təsərrüfatı sahəsində əhaliyə xidmət göstərmək, torpaqların su təminatını həyata keçirmək, meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək qarşıya qoyulan əsas vəzifələrdəndir. Təbii ki, bu vəzifələrin həyata keçirilməsində əsas məsələlərdən biri də bu sahə üzrə peşəkar kadrların hazırlanmasıdır. Muxtar respublikamızda su təsərrüfatı sahəsində bacarıqlı mütəxəssislərin yetişdirilməsi baxımından Naxçıvan Dövlət Universitetinin rolu böyükdür. Biz də ali təhsil müəssisəsinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müəllim və tələbələri ilə həmsöhbət olub, kafedranın iş istiqaməti və gələcək perspektivləri haqqında danışdıq. 
    Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müəllimi Səttar Nəsirov Meliorasiya mühəndisliyi ixtisası üzrə kadr hazırlığının aparılması barədə bunları dedi: – Bu gün su obyektlərinin istifadəsi, mühafizəsi və bərpası sahəsində bir çox tədbirlər həyata keçirilir, bu zəruri məsələ Dövlət proqramlarında öz əksini tapır və onların yerinə yetirilməsinə nəzarət edilir. Muxtar respublikamızda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanların yüksək biliyə və praktiki təcrübəyə yiyələnmələri vacib məsələ kimi diqqətdə saxlanılır. Kadr hazırlığında mühüm rol oynayan ali və orta ixtisas təhsili müəssisələri müvafiq dövlət idarə və təşkilatları arasında əlaqələrin genişlənməsi, tələbələrin müvafiq dövlət orqanlarında təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından mühüm vəzifəni həyata keçirirlər. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının tələbələrinin fəal iştirakı ilə mütəmadi olaraq kompleks tədbirlər, elmi-nəzəri seminar və konfranslar, təcrübə məşğələləri həyata keçirir. Tələbələrimizin istehsalat təcrübələri keçmələri üçün də lazımi şərait yaradılıb. Sözsüz ki, keçirilən təcrübələr və real iş şəraiti ilə yaxından tanışlıq, tələbələrin gələcəkdə bir mütəxəssis kimi formalaşmasında, meliorasiya və su təsərrüfatının müxtəlif sahələrində təcrübi biliklərə yiyələnməsində, gənc kadr kimi hazırlanmasında, bir mühəndis kimi yetişməsində mühüm rol oynayacaq.
    Həmin kafedranın baş müəllimi Leyla İbrahimova da tələbələrin istehsalat təcrübələrinin istiqamətlərindən bəhs etdi. Bildirdi ki, hər il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universitetinin tələbələri əvvəlcədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və universitetin birgə hazırladığı proqram əsasında istehsalat təcrübə məşğələlərinə cəlb olunurlar. Tələbələr universitetdə qazandıqları nəzəri bilikləri istehsalat təcrübəsində praktiki olaraq sınaqdan keçirirlər. Onlar ayrı-ayrı sahələrdə olur, bir sıra hidrotexniki qurğu və sistemlərlə yaxından tanış olaraq su istismar qaydalarını mənimsəyirlər. İndiyədək tələbələrimiz Şahbuz şəhər su təmizləyici və çirkab su təmizləyici  qurğular sistemində, Heydər Əliyev və Uzunoba su anbarlarında, Kəngərli rayon 4 nömrəli nasos stansiya və Naxçıvan şəhər kəhrizlərində olmuşlar. Bunun nəticəsi kimi, bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, məzun olmuş tələbələrdən cəmiyyətin və yerli idarələrdə çalışanların sayı 25 nəfərə çatmışdır. Gənclər işlə təmin olunmaqda hər hansı çətinliklə üzləşmirlər. 
    Memarlıq və mühəndislik fakültəsinin Meliorasiya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kamal Allahverdiyev öz ixtisasının perspektivlərindən belə bəhs etdi: –  Bu gün təkcə muxtar respublikada deyil, bütün dünyada ən aktual, qlobal məsələlərdən biri ekoloji vəziyyət və ətraf mühitin mühafizəsidir. Bu sahədə müəyyən işlər görülsə də, çatışmazlıqlar da özünü göstərir. Ölkəmizdə içməli su təsərrüfatı sahəsinin inkişafı məqsədilə atılan addımlardan biri də bu sahədə ixtisaslı kadr yetişdirmək məsələsidir. Bu ixtisasın öyrənilməsində müəllimlərimizin rolu əvəzsizdir. Müəllimlərimizdən məsləhətlər alır, həmçinin onların mühazirələrini dinləyib, laboratoriyalar və seminarlarında iştirak edirik. Hazırda tikintisi davam edən Texnopark layihəsində də Meliorasiya ixtisasına aid laboratoriyaların qurulması nəzərdə tutulub. Burada biz götürdüyümüz torpaq və su nümunələrinin tərkibini müasir tələblərə cavab verən avadanlıqlarla analiz etməyi öyrənəcəyik. Müəllimlərimiz bizə ixtisasımızın özümüz üçün, dövlətimiz üçün nə qədər vacib olduğunu söyləyirlər. Bizim bu sahədə yaxşı mühəndis olmağımız üçün əllərindən gələni edir, bu sahənin dərinliklərini, görünməyən tərəflərini aşılamağa çalışırlar. 
    Apardığımız söhbətlərdən də göründüyü kimi, su təsərrüfatı müasir həyatımızın ayrılmaz hissəsidir. Su ehtiyatlarını qorumaq, onlardan qənaətlə istifadə etmək hər birimizin borcudur. Bu sahədə ixtisaslı kadrların hazırlanması isə müasir dövrün ən aktual məsələlərindəndir. 

Aysel YUSİFZADƏ
Bülbül Quliyeva

 

Nəşr edilib : 18.07.2023 19:06