AZ EN RU

Strateji fəaliyyət planı davamlı inkişafa hədəflənən ali təhsil ocağı

    Dünyada cərəyan edən qlobal çağırışlar hər bir ölkədə davamlı inkişafın təmin edilməsi üçün siyasi və sosial-iqtisadi sahələrdə sistemli şəkildə islahatların aparılmasını zərurətə çevirmişdir. Ölkəmizdə də ardıcıl həyata keçirilən struktur islahatları ictimai inkişafın hər bir sahəsində öz əksini tapmış və bu siyasət nəticəsində gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

    Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların məqsədi ölkə­lərin firavan həyatına uğurlu tətbiq edilməsidir. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin reallaşdırılmasıdır. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
    Ölkəmizdə hər bir sahədə əldə olunan inkişaf tendensiyası təhsil sektorunda da ciddi müşahidə edilməkdədir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi islahatlar nəticəsində ali məktəblərin fəaliyyətinin qanunvericilik bazası, eləcə də iqtisadi şərtləri əsaslı surətdə dəyişilmişdir. Nəticədə, icra edilən Dövlət pro­qramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına gətirib çıxarmışdır. Ali təhsil sisteminin idarə edilməsi və maliyyələşdirilməsi sahələrində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikamızın çoxşaxəli həyatının bütün sahələrində olduğu kimi, elm və təhsilin inkişafı sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyəti sayəsində zəngin maarifçilik ənənələrinə malik, qabaqcıl dünya standartlarına cavab verən Naxçıvan Dövlət Universiteti qurulmuşdur. 
    Yüksək dövlət qayğısından bəhrələnən bu ali təhsil ocağı dünya standartlarına uyğun çoxprofilli təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnən, əmək bazarında rəqabətədavamlı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını böyük bir missiya olaraq hədəfləmişdir. Nəticədə, Azərbaycan Respublikasının ən dəyərli, qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilən, muxtar respublikanın əsas elm, təhsil, ictimai fikir və mədəniyyət mərkəzlərindən olan Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir olunmuş, klassik universitetlərlə müqayisə olunmuş, regionun elm və təhsil mərkəzlərindən biri kimi tanınmışdır. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik olan bütün struktur bölmələr yaradılmış, ilk dəfə olaraq burada müxtəlif yeniliklər tətbiq olunmuş və onların səmərəli fəaliyyəti təmin edilmişdir.
    Son illər ali təhsil üzrə yeni çağırışlara və modern təhsil standartlarına inteqrasiya proseslərinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin reallaşdırdığı tədbirlərin miqyası da genişlənməkdədir. Belə ki, təhsil sahəsində, həm beynəlxalq əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi, həm ikili diplom layihələrinin qüvvəyə minməsi və bu sahədə kadr hazırlığının təşkil olunması, həm də nəzəriyyə ilə təcrübənin vəhdətindən ibarət olan potensialın yaradılması ali məktəbin qarşısına qoyduğu prioritet vəzifədir. 
    Hazırda Naxçıvan Dövlət Universitetinin uğurlu fəaliyyət pro­qramı həm də aşağıdakı mühüm istiqamətləri özündə ehtiva edir: 
    - universitetin elm və təhsil mərkəzi kimi davamlı inkişafını;
    - müasir çağırışlara cavab olaraq innovativ elmi-tədqiqat və təhsilin səviyyəsinin yüksəldilməsini və modernləşdirilməsini;
    - təhsilin müxtəlif pillələrində ikili diplomların tətbiqini;
    - təhsilin distant texnologiyalarının işlənməsi və tətbiqini;
    - müəllimlərin, doktorantların, magistrantların və tələbələrin akademik mobilliyinin artırılmasını;
    - beynəlxalq və regional ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini.
    Bu da xüsusi qeyd olunmalıdır ki, muxtar respublika rəhbərinin ali diqqəti nəticəsində Naxçıvan Dövlət Universitetində müasir təhsil infra­strukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin bu ali təhsil ocağına cəlb olunmasında başlıca amildir. Son illərdə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında yüksək artım dinamikasının müşahidə olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir. Belə ki, universitetin elm strategiyası və müəyyən olunmuş məqsədlərə doğru tərəfdaşlıq, qabaqcıl təcrübələrin təşviqi və təbliğatı, keyfiyyət göstəriciləri, beynəlxalq əlaqələri, əcnəbi tələbələrin sayı, alimlərin elmi nəşrləri ali məktəblərin beynəlxalq nüfuzunu müəyyənləşdirən dünyanın ən böyük reytinq təşkilatı olan “Times Higher Education” 2022-ci il üçün “THE Impact Ranking” reytinq siyahısında ötən il olduğu kimi, bu il də dünya universitetləri sıralamasında yer alması ilə nəticələnmişdir. Ardınca bu ilin may ayında ali təhsil müəssisəsi rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada keçirilən nüfuzlu Asiya universitetlərinin sammitində ölkəmizi layiqincə təmsil etdi. 
    Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, hazırda universitetin dünyanın 50-dən çox ölkəsinin 130-dan artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələri vardır. Naxçıvan Dövlət Universiteti müxtəlif vaxtlarda TEMPUS, TEMPUS UNİVİA, TEMPUS ESFİDİP, ERASMUS HUMERİA, ERASMUS+, ERASMUS+NİZAMİ, ERASMUS+ PETRA, ERASMUS+AESOP layihələrinə qoşulmuşdur. Beynəlxalq Erasmus + LMQ SANTE layihəsi isə hazırda davam edir. Bundan başqa, Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında tələbə mübadiləsi həyata keçirilir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində də müasir təfəkkürlü peşəkar mütəxəssis hazır­lığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət etməkdədir.
    Alitəhsilli kadrların elmi-tədqiqat işlərini yerinə yetirmə bacarığının formalaşması, müasir şəraitdə elmi-tədqiqat yönümlü yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyəti nəzərə alınaraq qısa zaman kəsiyində universitetdə “Keyfiyyət təminatı mərkəzi”, “Diplomatiya mərkəzi”, “Kriminalistika” laboratoriyası, “Texnologiya mərkəzi”, “Atıcılıq mərkəzi”, “Robototexnika” laboratoriyası, “Əczaçılıq simulyasiya” kabinəsi və “Yaşıl əczaxana” yaradılmışdır.
    Ölkəmizdə Ali Təhsildə Keyfiyyət Təminatının qarşıya qoyduğu təhsil məkanının dünyanın inkişaf etmiş təhsil institutları ilə əməkdaşlığı üçün zəmin yaratmaq və ölkənin təhsil müəssisələri məzunlarının həm yerli, həm də dünya əmək bazarının tələblərinə cavab verən rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində də Naxçıvan Dövlət Universitetində məqsədyönlü işlər həyata keçirilməkdədir. Əlamətdar haldır ki, hazırda bu ali təhsil ocağı ilə Türkiyənin öncül universitetləri arasında tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqavilələri uğurla icra olunur. 
    Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində qardaş Türkiyə Respublikasının özünəməxsus yeri vardır. Bunun ifadəsidir ki, universitetimiz üçün uğurlu bir başlanğıcın əsasını qoyan Çankırı Karatəkin Universiteti ilə İqtisadiyyat ixtisası üzrə ikili diplom layihəsinin icrasına başlanılmışdır. Universitet nümayəndə heyətinin 8-16 iyul 2021-ci il tarixlərdə qardaş Türkiyə Cümhuriyyətinə səfəri zamanı Türkiyə Ali Təhsil Şurasında və Çankırı Karatəkin, Ankara, Orta Doğu Teknik, Qazi, Hacı Bayram Vəli, İstanbul Texnik, Yıldız Texnik universitetlərində əhəmiyyətli görüşləri baş tutmuşdur. Ardınca 29-31 mart 2022-ci il tarixlərdə Ankara Universitetinin, İstanbul Texnik Universitetinin, Qazi Universitetinin rektorlarının Naxçıvan Dövlət Universitetinə səfəri, 18-21 iyun 2022-ci il tarixdə ölkədə ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universitetinin dörd universitetlə – Azərbaycan Tibb Universiteti, Qaradəniz Texnik Universiteti, İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və İstanbul Yeditəpə Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanması ali təhsil ocaqları arasında elmi-tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, məqalə və elektron dərgilərin yeni tədqiqat üsulları ilə birgə nəşri, Konservatoriyada, eləcə də bir neçə humanitar ixtisasda, Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün mobillik pro­qramları və ikili diplom layihələri üzrə birgə tədrisin təşkili və eyni zamanda doktorantura və magistratura təhsil pilləsi üzrə texniki və mühəndislik sahələri ilə bağlı ikili diplom pro­qramının həyata keçirilməsi strateji hədəf kimi qarşıya qoyulmuşdur. 
    Doğma ali təhsil ocağımız Azərbaycan universitetləri arasında da öz fərqliliyi, innovativ yenilikləri ilə diqqəti cəlb edir. Son illər universitet həyata keçirdiyi layihələrlə ölkə tarixində ilklərə imza atmaqdadır. 
    Bu sahədə reallaşdırılan məqsədyönlü islahatların nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti özünün maddi-texniki və təşkilati strukturuna görə ən qabaqcıl ali təhsil müəssisəsinə çevrilərək bu gün elm-təhsil-innovasiya sahəsində beynəlxalq təcrübəni tətbiq imkanı qazanmışdır. Bu ilklərdən biri də Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq doğma universitetimizdə Texnologiyalar Parkının yaradılmasıdır. “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Sərəncamı bu baxımdan ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir imkanları yaradacaqdır ki, nəticədə, ixtisaslı kadrlar hazırlanaraq ölkə iqtisadiyyatına mühüm töhfələr verməklə elm-təhsil-innovasiya strategiyası formalaşacaq, təhsildə keyfiyyət təminatı uğurla icra olunacaqdır. 
    Elmi axtarışların davamlılığı, əhatəliliyi və dinamikliyi sahəsində proseslərin daha da sürətlənməsinə təkan verən ölkə ali təhsilində ilk dəfə olaraq 11 aprel 2022-ci il tarixdə Naxçıvan Dövlət Universitetində IELTS imtahan mərkəzi də fəaliyyətə başlamışdır. Ali təhsil ocağında qlobal rəqabətliliyi artıran belə bir mərkəzin yaradılması muxtar respublikamızda ingilisdilli təhsilin inkişafına, ingilis dili bacarıqlarının qiymətləndirilməsinə və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasına öz töhfələrini verəcəkdir.
    Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə Naxçıvanda 18-21 iyun tarixlərdə keçirilən I Beynəlxalq Tibbi Forumda ölkə səhiyyə tarixində növbəti ilklərdəndir. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin 18-21 iyun tarixlərdə ev sahibliyi etdiyi I Beynəlxalq Tibbi Forum ölkəmizin səhiyyə tarixində ilk hadisədir. Dünyanın                 7 ölkəsindən 350-dən artıq elm adamının qatıldığı forumda 700-dən çox iştirakçının təmsil olunması, 26 bölmədə 250-yə yaxın mühazirənin dinlənilməsi, 4 universitetlə əməkdaşlıq müqavilələrinin imzalanması, konsultativ tibbi müayinələrin və cərrahi əməliyyatların aparılması, ustad dərslərinin, simulyasiyaların, seminarların keçirilməsi, müasir tibbi texnologiyaların sərgisi, forum çərçivəsində 8 dəfə səyahət turlarının reallaşması, Qala gecəsinin, konsert proqramlarının keçirilməsi I Beynəlxalq Tibbi Forumun ölkə tarixində nə qədər mühüm tarixi hadisə olduğunu bir daha göstərdi.
    Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli davamlı inkişaf strategiyası işığında daha yüksək hədəflərə çatmaq üçün Naxçıvan Dövlət Universiteti qarşıdakı dövr ərzində aşağıdakı bir neçə istiqaməti vəzifə olaraq müəyyən etmişdir:
    - təhsildə effektivliyi və keyfiyyəti yüksəltmək üçün innovativ tədris metodlarından və yeni elmi nailiyyətlərdən istifadə etməyi;
    - Bolonya prinsipləri əsasında müəllim, tələbə, magistrant və doktorantların akademik mobilliyinin artırılması üçün beynəlxalq mübadilə imkanlarından daha geniş istifadə etməyi;
    - beynəlxalq layihələrdə və pro­qramlarda iştirak etmək yolu ilə akademik müəllim və tələbələri elmi-pedaqoji fəaliyyətə cəlb etməyi;
    - alitəhsilli kadrların elmi-tədqiqat işlərini yerinə yetirmə bacarığının formalaşması, müasir şəraitdə elmi-tədqiqat yönümlü yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında laboratoriya, mərkəz və kabinələrin imkanlarından geniş istifadəni;
    - elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirmək, dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan Distant Təhsil Mərkəzinin imkanlarını genişləndirməyi;
    - müasir təfəkkürlü peşəkar mütəxəssis hazırlığını, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasını, yaradıcı düşüncənin inkişafını;
    - yüksək templə irəliləyən beynəlxalq əlaqələrin davamlı inkişafını;
    - universitetin dünya reytinq cədvəlində yerini qorumaqla daha da irəliləməyi. 

    Bütün bunların nəticəsidir ki, ölkədə və onun tərkib hissəsi olan muxtar respublikamızda həyata keçirilən davamlı inkişaf strategiyasından bəhrələnərək inamla addımlayan Naxçıvan Dövlət Universiteti qarşıdakı dövrlər üzrə təhsildə keyfiyyət və davamlı islahatları hədəf olaraq daha dəqiq və qətiyyətlə müəyyənləşdirmişdir.

Arzu ABDULLAYEV
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi 
ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 29.11.2022 19:48