AZ EN RU

Stokholmda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib

Stokholm Tarix Muzeyinin “Barokko” zalında Əməkdar artist Emil Əfrasiyabın rəhbərliyi ilə caz triosunun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konserti təşkil edilib.

Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə yanaşı, Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalından sonra ərazi bütövlüyünün bərpasından bəri bu il Müstəqillik Günü ilk dəfə bütün ölkədə qeyd olunur. O, həmçinin qeyd edib ki, Azərbaycan Avropanın enerji resursları, yaxın gələcəkdə isə yaşıl enerji ilə təmin olunmasında etibarlı tərəfdaşdır.

Azərbaycanlı diplomat tədbir iştirakçılarına bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı haqqında da məlumat verib.

Konsertdə Emil Əfrasiyabın öz əsərlərindən kompozisiyalar, həmçinin Azərbaycan caz muğamının yaradıcısı Vaqif Mustafazadənin əsərləri səsləndirilib. İnstrumental qrup, habelə ilk dəfə mayın 21-də Danimarkada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə ifa olunmuş Emil Əfrasiyabın bəstəsi olan “Rainy day” adlı yeni kompozisiya ilə çıxış edib.

Nəşr edilib : 24.05.2024 11:36