AZ EN RU

STEAM yüksək rəqabətli insan kapitalı formalaşdıran müasir təhsil metodu

 

Naxçıvanda bu sahənin tədbiqi dövlət siyasətinin prioritetinə çevrilib

    Dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM müasir təhsil metodu peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm rol oynayır. Bu metod beş sahənin – Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulmaqla,  XXI əsr bacarıqlarından istifadə etməklə yaradıcı öyrənməni təmin edir.  STEAM təhsili alan şagirdlər praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini öyrənir, mühəndislik səriştələrinə yiyələnirlər. Bu təhsil forması dünyada əvvəlcə STEM kimi qəbul edilsə də, sonradan onun tərkibinə A (art-incəsənət) əlavə olunur. Bu, layihə məhsullarının ərsəyə gəlməsi zamanı incəsənət sahələrinə müraciətin qaçılmazlığı ilə əlaqədar olmuşdur. 

    Bu gün dünyanın bir çox ölkələrində tətbiq edilən STEAM ABŞ-da uşaq bağçalarında 3 yaşından etibarən öyrədilirsə, Sinqapur, İsrail, Türkiyə və digər ölkələrdə də xüsusi məktəbləri, mərkəzləri fəaliyyət göstərir. Bu onu göstərir ki, komanda halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun texnologiyalardan istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafına kömək edən və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayan STEAM-ın tətbiqində hər kəs maraqlıdır. Bunun bir səbəbi də, ekspertlərin fikrincə, STEAM ixtisasları üzrə iş yerlərinin sayının 2022-ci ilin sonlarına kimi 9 milyon artacağı ilə bağlıdır. 

    Qeyd edim ki,“STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. STEAM dərslərini tədris edən müəllimlər peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edərək STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və sair bu kimi istiqamətlərdə praktik biliklər almışlar. Azərbaycan Respublikası Təhsil Nazir­liyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, son 3 tədris ilindən “STEAM Azerbaijan” layihəsi sürətini və coğrafiyasını artıraraq bu gün ölkənin 300-dən çox məktəbində 100 mindən çox şagirdi əhatə edir. Ölkə üzrə 11 bölgədə STEAM mərkəzləri yaradılıb və digər ikisi də fəaliyyətə başlayacaq…

    Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 2019-cu il 10 yanvar  tarixli Sərəncamı ölkəmizdə istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsi işində mühüm rol oynamışdır. Bu mənada, innovativ inkişafın açarı olan STEAM qarşıya qoyulan  strateji hədəflərə çatmaqda mühüm əhəmiyyət kəsb edir və  müstəqil düşünən, karyera seçimini şüurlu şəkildə edən, gələcəkdə öz bacarıqlarını əmtəəyə, dəyərə çevirə bilən,  sahibkarlıq ruhu olan gənclərin yetişdirilməsinə töhfə verir. Məhz qısa müddətdə bu sahədə əldə edilən nailiyyətlərin nəticəsidir ki, cari il mayın 26-29-da təşkil edilən əsas alqoritmi STEAM olan “Teknofest Azərbaycan – 2022” festivalı bütün dünyada maraqla qarşılandı və uğurla yadda qaldı. Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan Teknofest-in Azərbaycanda keçirilməsi STEAM təhsilli gənclərə imkan verdi ki, hazırladıqları layihələri bütün dünyaya nümayiş etdirsinlər. Adıçəkilən festivalda doğma diyarımız Naxçıvandan da 3 layihə rəhbəri və 7 şagird “Kəşf robotu”, “Yol təhlükəsizlik” və “Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi” layihələri ilə uğurla iştirak etdilər. Naxçıvan Dövlət Universiteti də festival çərçivəsində təşkil olunan sərgidə maraqlı layihələrlə çıxış etdi. Teknofest zamanı Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin qəzetimizə verdiyi müsahibədə  Naxçıvanı təmsil edən komandaların layihələri, Naxçıvanda STEAM-ın tətbiqi  ilə bağlı yüksək fikirlər   səsləndirməsi deməyə əsas verir ki, muxtar respublikamızda gələcəkdə bu sahədə daha uğurlu nəticələr qazanılacaq.  

    Onu da qeyd edək ki, STEAM təhsil metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində tətbiq olunur və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi sahəsində işlər uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən deyə bilərik ki, hazırda nazirliyin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulur, bu günədək 106 təhsil müəssisəsində STEAM  kabinələri  yaradılıb, STEAM təhsil metodunun yüksək səviyyədə tətbiqi məqsədilə həmin kabinələrə yeni avadanlıqlar alınıb.  Hazırda növbəti 50 təhsil müəssisələrində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Heydər Əliyev adına tam orta məktəbdə “STEAM Tədris Mərkəzi” yaradılıb. Mərkəz və kabinələr müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, kompüter, 3D printer, öyrədici STEAM qurğuları, elektron komponentlər, dəftərxana ləvazimatları və təlim dəstləri ilə təmin olunub, dərsliklər və tədris proqramları nəşr edilib.  Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması ilə bağlı işlər davam etdirilir. Burada müasir dizaynda mühəndis emalatxanası, 3D printer otağı, Dron uçuş otağı, elm otağı və kitabxana, informatika, incəsənət və texnologiya, təlim, robotexnika otaqları olacaqdır. Mərkəzdə əlavə olaraq xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da nəzərdə tutulub.  Mərkəz zəruri avadanlıqlarla, müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer dəzgahı, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlə  təmin olunacaqdır.  İlk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. STEAM dərslərinin tədrisi üçün 2 illik dərs proqramları hazırlanacaq. Daha sonra proqrama uyğun olaraq həftənin 6 günü dərsdən sonra şagirdlər mərkəzə cəlb ediləcək.  STEAM dərsləri “3D çap”, “Microbit və arduino ilə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robotexnika”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış tədris proqramı üzrə təşkil olunacaq. Orada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcəklər. Elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.  Tədris layihəsi ilkin olaraq 6 və 7-ci sinifləri əhatə edəcəkdir. STEAM təhsilinin tətbiqi sahəsində işlərin davamı olaraq Naxçıvan Müəllimlər İnstitutunda və “Naxçıvan” Universitetində STEAM kabinəsi yaradılıb, həmin kabinələrin təqdimatları keçirilib. Ötən müddət ərzində STEAM təhsil metodunun tətbiqi, xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması ilə bağlı işlər də  davam etdirilib, “Robot layihələri” kitabı 500 nüsxə nəşr edilərək bütün ümumtəhsil məktəblərinə və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinə təqdim olunub. Həmçinin STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə və ədəbiyyatlarla təminatı diqqətdə saxlanılıb. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən bütün ümumtəhsil məktəbləri və Uşaq-Gənclər Yaradıcılıq mərkəzləri üçün 249 ədəd “Robotexnikanın əsasları” kitabı verilib. Ümumilikdə, ümumtəhsil məktəbləri STEAM təhsil metoduna aid 1349 ədəd kitabla təmin olunub. “STEAM: incəsənət 3D modelləşdirmə” və “STEAM: mikrobit layihələri” kitabları isə Azərbaycan dilinə tərcümə edilərək nəşrə hazırlanıb.
    Onu da qeyd edək ki, kadr hazırlığı da diqqətdə saxlanılıb, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, “STEAM Tədris Mərkəzi”ndə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn təlimlərdə muxtar respublikanın ümumtəhsil məktəblərindən müəllimlər qoşulub. Görülən işlərin davamı olaraq Türkiyə Respublikasından dəvət edilən “Robotistan Elektronik Şirkəti”nin beynəlxalq təlimçiləri tərəfindən muxtar respublikanın  20 müəllimi üçün təlimlər keçirilib, təlimi müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikat verilib. Ümumilikdə, təlimlərə 315 müəllim cəlb edilib, təşkil olunan təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri də cəlb edilib. Görülən işlərin davamı olaraq Təhsil Nazirliyi tərəfindən  şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdləri üçün STEAM təhsili ilə bağlı interaktiv dərslər təşkil olunur. Şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etmələri məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində “STEAM yay məktəbi” ndə proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlar əldə ediblər,  sonda iştirakçılar sertifikatla təmin olunublar. Avqust ayında tələbələr üçün də “STEAM yay məktəbi” təşkil edilib. 
     Aldığımız məlumatda o da qeyd olunur ki, ümumtəhsil məktəblərində hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında keçiriləcək “STEAM təhsil festivalı”na hazırlıq işləri də görülüb. Belə ki, muxtar respublikada ilk dəfə olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 40 təhsil müəssisəsindən 105 şagirdin STEAM təhsil metodu əsasında hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq layihələrindən ibarət texnosərgi, VI-XI siniflərdə təhsil alan 68 şagirdin iştirakı ilə “Robotunu yarat” müsabiqəsi, “Xətt izləyən robot”, “Mancanaq robot”, “Sosial texnologiyalar” və “Lego Sumo”, “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələri  keçirilib. Bu müsabiqələr şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, STEAM layihələrinin yerinə yetirilməsi bacarığı ilə seçilən istedadlı şagirdləri aşkar etmək, onların öz layihələri ilə “STEAM  Təhsil Festivalı”nda iştirakına zəmin yaratmaq, eyni zamanda onların robot layihələri üzrə keçirilən ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlamaqdır. Müsabiqə və yarışlarda  qalib olan komandalar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb. Muxtar respublikada STEAM təhsil metodu sahəsində görülən işlər artıq  öz bəhrəsini verib, şagirdlər ölkə səviyyəli müsabiqələrdə muxtar respublikanı uğurla təmsil ediblər. Bunun nəticəsi olaraq  naxçıvanlı  şagirdlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “SAF-2021” və “TEKNOFEST – 2022” festivallarında iştirak edərək uğurlu nəticələr əldə ediblər...
    Onu da xüsusi olaraq vurğulayaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın ən ucqar  kəndlərində belə, STEAM kabinələri istifadəyə verilib və lazımi avadanlıqlarla təchiz olunub. Həmin kəndlərdən birinin – Şahbuz rayonunun Ağbulaq kənd tam orta məktəbinin müəllimi MirhəsənTahirovla həmsöhbət oluruq. Müsahibim qeyd edir ki, STEAM-ın tədrisi xüsusi bilik və bacarıqlar tələb edir, müəllim layihələrin düzgün icra olunmasına nəzarət etməklə şagirdlərin fəaliyyətini istiqamətləndirir, onlarda 4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir. Məktəblərimizdə tədris prosesinin texnoloji avadanlıqlarla, tədris materialları ilə təmini həm şagirdin, həm də müəllimin çalışmağına stimul verir. Bu gün STEAM XXI əsr şagirdi üçün çox maraqlıdır. Şagirdlərimiz  texnologiya, əl əməyi vasitəsilə öyrəndiyi nəzəri bilikləri tətbiq edir və burada şagirdin sərbəst düşünmə bacarığı,  eyni zamanda maraqlı və fərqli layihələr ortaya çıxır. STEAM-da həm də əməkdaşlıq, komandada işləmək bacarığı formalaşır ki, bu, özü onların gələcək fəaliyyətlərində  çox böyük rol oynayacaq. Biz müəllimlər də uğurlu şagirdlərin yetişdirilməsi, gələcəyin daha parlaq olması naminə əzmlə çalışırıq. Bizə bu şəraiti yaradanlara dərin minnətdarlığımı bildirirəm.
    Dövlət başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı 2021-ci il 2 fevral tarixli Sərəncamında gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq, yüksək rəqabətli insan kapitalını formalaşdırmaq üçün təhsilin əhəmiyyəti bir daha ön plana çəkilir. Qeyd edilir ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalı, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlılığı təmin olunmalıdır. 
    Təhsilə, onun inkişafına xüsusi diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov təhsilin bu gün və gələcək üçün əhəmiyyətini vurğulayaraq deyib: “Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın”…Bu gün muxtar respublikamızda təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər peşəkar gənclərin, rəqabətqabiliyyətli yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Bu mənada, STEAM-ın təhsil alanlara qazandırdığı bilik və bacarıqlar onların peşəkar inkişafına, gələcək həyatına öz töhfəsini verəcəkdir.    

    Ən müasir texnoloji yenilikləri görmək, muxtar respublika məktəbli və tələbələrinin bilik- bacarıqlarının məhsulu olan innovativ layihələrlə tanış olmaq, onlara dəstək vermək üçün bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ilk dəfə keçirilən “STEAM təhsil festivalı”nda siz də  iştirak edin! . 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 10.06.2022 12:56