AZ EN RU

STEAM Təlim-Tədris Mərkəzinə işə qəbul müsahibəsi keçirilib

30 mart 2023-cü il tarixindən  Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-Tədris Mərkəzinə STEAM, Robototexnika, CNC-3D texnologiyaları, Qrafik- dizayner, Proqlamlaşdırma, Elektronika, Dron uçuş idarəçiliyi və kodlaşdırma üzrə mütəxəssis-təlimçi vəzifələri üzrə işə  qəbulla bağlı elan verilmişdi. Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində STEAM Təlim-Tədris Mərkəzinə işə qəbul müsahibəsi keçirilib. 
           Müsahibənin keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən 1, STEAM təhsili üzrə müstəqil ekspert-mütəxəssis qismində 2 nəfər olmaqla,  3 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılıb və namizədin proqram üzrə nəzəri bilikləri, peşəkarlıq səviyyəsi və İnformasiya Texnologiya  bilikləri, özünü təqdimetmə, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri, layihələndirmə və innovativ düşüncəsi, yaradıcı və yenilikçi təfəkkürü, STEAM təhsili üzrə bilik və bacarığı yoxlanılıb. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərmək, onlara mühəndislik səriştələri, müxtəlif proqramlaşdırma dillərinin tətbiqini və müasir İnformasiya Kommunikasiya Texnologiyaları  avadanlıqlarından istifadə qabiliyyətlərini öyrətmək məqsədilə STEAM Təlim-Tədris Mərkəzinə götürələcək mütəxəssis kadrların müsahibə mərhələsində vəzifəsi üzrə bacarığını müvafiq meyarlar üzrə 10 ballıq sistem əsasında qiymətləndirib. 
       Müsahibəyə 7 vakant vəzifənin tutulması üçün 28 namizəd müraciət etmiş, onlardan 15 namizəd müsahibə üçün elan olunmuş vakant vəzifə üzrə uyğun olduğundan müsahibə mərhələsində iştirak hüququ qazanıb. Müsahibə mərhələsində iştirak edən 15 namizədin 5-i müvafiq keçid balını toplayaraq uğur qazanıb. 
Qeyd edək ki, qaydalara əsasən müsahibədə 100 ballıq sistemdən 60 və ya daha çox bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.
İşə qəbul müsahibəsində obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi də aparılıb. 
         Yeni yaradılan  STEAM Təlim-Tədris Mərkəzində  Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. STEAM dərslərinin tədrisi üçün 2 illik dərs proqramları hazırlanacaq. Daha sonra proqrama uyğun olaraq şagirdlər dərsdən sonra mərkəzə cəlb ediləcək. STEAM dərsləri 3D çap, microbit və arduino ilə proqramlaşdırma, elektrik mühəndisliyi, robotexnika, CNC lazer kəsiciləri, pilotsuz uçuş aparatları (tədris dronları) üçün hazırlanmış tədris proqramı üzrə təşkil olunacaq. Burada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.

                                                              
                                                                Naxçıvan Muxtar Respublikası Təhsil 
                                                                Nazirliyinin    mətbuat xidməti

Nəşr edilib : 20.04.2023 10:23