AZ EN RU

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təlimlərinə start verilib

    Noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi nəzərə alınaraq növbəti təlimlərə start verilib. 
    Qeyd edək ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı üçün ixtisaslaşmış kadrlar tələb olunur. Bunun üçün də müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər keçirilir. Bu günədək 400-ə yaxın müəllim belə təlimlərdə iştirak edib. Bu sahədə görülən işlərin davamı olaraq 17-18 noyabr tarixlərdə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yeni təlimlərə də 54 müəllim cəlb edilib. Ümumilikdə, bu günədək STEAM təhsil metodu ilə bağlı Ağbulaqda təşkil olunan təlimlərdən 150 müəllim və 150 şagird yararlanıb.
    Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri Ceyran Məmmədova, Fuad Babayev, Ələkbər Əliyev, Nailə Kazımova və Mirhəsən Tahirov tərəfindən keçiriləcək təlimdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, TinkerCad proqramında modelləşdirmə, micro:bit və arduino texnologiyası, kodlaşdırmanın aparılması, 3D modelləşdirmə, 3D printerin iş prinsipi, scratch kodlama bloku, robot təhsil dəstlərinin idarə olunması və lego EV3 modelindən istifadə bacarıqları öyrədiləcək.
    Qeyd edək ki, proqrama, həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, iştirakçıların müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını səmərəli keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir. Həmçinin təlim müddətində müəllimlərin yiyələndikləri bacarıqlar və öyrəndikləri yenilikləri müzakirə etmələri üçün diskussiyalar da təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.11.2022 20:12