AZ EN RU

STEAM təhsil festivalı təəccübləndirdi, sevindirdi, qürur hissləri yaşatdı

Müasir texnologiyanın, yaradıcı düşüncənin, əl əməyinin

məhsulu olan layihələr böyük-kiçik, hamının diqqətini çəkdi

İyunun 11-də elmin, texnikanın, yeniliyin bir arada olduğu “STEAM təhsil  festivalı” keçirildi. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən ilk festival böyükdən-kiçiyə hamının diqqətini çəkdi. Bilik və bacarıqların yarışdığı, müasir texnologiyaların marağa səbəb olduğu festivalda muxtar respublikanın ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan şagird və tələbələrin yaradıcı düşüncələrinin gücü ilə ərsəyə gətirdiyi layihələr  düşündürdü, maarifləndirdi. Festivaldan da aydın oldu ki, muxtar respublikada tətbiq edilən STEAM təhsil metodu  qısa zaman ərzində  gələcəyin yaradıcı, innovativ düşüncəli, peşəkar gəncliyini,sözün əsl mənasında,ortaya çıxara bildi. Bu festivalda  hər kəsdə maraq sevinc, fərəh hisslərini gördük. “Şərq qapısı” qəzeti olaraq STEAM təhsilli şagirdlərin, STEAM-ı tədris edən müəllimlərin və festival iştirakçılarının  təəssüratlarını öyrəndik...

Festivalda Naxçıvan Dövlət Universitetinin layihələri böyük maraqla qarşılanıb. Universitetin İKT və Elektron təhsil şöbəsinin  müdiri Hüseyn Əsgərli qeyd etdi ki, memarlıq, mühəndislik, incəsənət layihələri və mobil tətbiqlər stendlərində ali təhsil ocağının, ümumilikdə,  30-a yaxın layihəsi festivala gələnlərin böyük marağına səbəb olub. Həmçinin festivalda Naxçıvan Dövlət Universitetinin ENACTUS komandasının TermoBee süni arı yeşiyi layihəsi, Texnologiya mərkəzi tərəfindən hazırlanan müxtəlif əl işləri də sərgilənib. Universitetin müəllimləri tərəfindən steam, startap və süni intellekt kimi mövzuları əhatə edən Azərbaycan dilində yazılmış nəşrlər də bu festivalda oxuculara təqdim edilib. ağıllı çöp qutusu, ağıllı otbiçən maşın, ağıllı şkaf, ağıllı işıqfor, oyun buttonu, ağıllı ev, meşə yanğınları üçün ağıllı sistem, wifi ilə idarə olunan qapı kilidi, səs sistemi ilə idarə olunan ev əşyaları, ağıllı istixana, görmə məhdudiyyətli  insanlar üçün detektor layihələri yaşıl və sosial texnologiyalar kateqoriyaları müsabiqəsində öz layihələrini nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən “Ağıllı ot biçən” layihəsi yaşıl texnologiyalar kateqoriyası üzrə birinci yerə, ağıllı şkaf layihəsi isə sosial texnologiyalar kateqoriyası üzrə ikinci yerə layiq görülüb.

“Naxçıvan” Universiteti Riyaziyyat-informatika  kafedrasının baş müəllimi Şamil Hümbətovqeyd etdi ki, festivala 30-a yaxın iştirakçı, 15 layihə ilə gəliblər. Bu ali təhsil ocağındakı STEAM kabinəsində yaradılan şəraittələbələrə çox böyük stimul verir və onlar gözəl layihələrlə çıxış edirlər. Bu festival onlara hazırladıqları layihələri təqdim etmək imkanı verdi. Festivalın təşəbbüskarlarına minnətdarlığımızı bildiririk. Universitetin Kompüter mühəndisliyi ixtisasının tələbəsi Fərhad Heydərovhazırladığı layihə barədə bizə məlumat verdi: -Layihəmiz “Energello”adlanır.  Energy(enerji) vəambrella (çətir) sözlərinin birləşməsindən ibarətdir. Digər çətirlərdən fərqli olaraq bizim çətirimiz tərs  şəkildə açılır və yağış suyundan enerji əldə olunur. Yağış suyu toplanır və kənd təsərrüfatında istifadə üçün yararlıdır. Quraşdırdığımız generator vasitəsilə yağış suyu bizə enerji verir, həmçinin işıq sensorları vasitəsilə çətirimiz avtomatik olaraq açılır və insanları qızmar günəş şüalarından qoruyur. Bununla  yanaşı günəş panelləri qurmuşuq ki, onlar da enerjini təmin edirlər. Belə festivalların keçirilməsi bu sahədə maraqlı olan insanları texnoloji yönümlü ixtisaslara təşviq edir.

Heydər Əliyev adına Hərbi Liseyin kursantı Xəzri Səfərov söhbət zamanı dedi ki, bu festivala müasir dövrdə bütün dünyanın diqqətini çəkən  dron(pilotsuz uçuş aparatı)ilə qatılıb: -Bunlar hərbidə geniş istifadə olunur. Hazırladığı dronun adı HL-24-dür. Bu, liseyin yaradılmasının 24-cü il dönümü münasibətilə belə adlandırılıb. Onun içərisində idarəetmə pultu, real zamanı idarəetmə pultu, 2 ədəd motor, bir ədəd pərvanə motoru, qabaq kamerası və sair vardır. Dronun uçuş müddəti 30 dəqiqədir, 10 kilometr məsafə qət edir, sürəti 10-100 kilometr arası dəyişir.

Festivalda Naxçıvan Dövlət Texniki Kollecinin  Elektrik təchizatı ixtisasının III kurs tələbəsi Xəzər Novruzov tələbə yoldaşları ilə birgə maraqlı layihə ilə iştirak edirdi. O bildirdi ki, layihələrinin adı “Ağıllı dəmiryolu”dur. Burada qatarların hərəkəti tənzimlənib, Günəş Elektrik Stansiyası quraşdırılıb ki, o,işıqlandırmanı təmin edir. Su elektrik stansiyası  isə Naxçıvanın simvolu sayılan Haçadağın ətəyində yerləşir. Bu enerji növü  mühitimizi təmiz saxlayır, atmosferə heç bir ziyan vurmur. Həmçinin yaşayış massivi qurulub, qatarların hərəkətini tənzimləmək üçün dispetçer binası, market, dəmiryolçuların yataqxanası, mili-mənəvi dəyərlərimizi yaşadan abidələrimiz də layihədə yer alıb.

Şərur rayonundan   23 məktəbdən 92 şagirdin layihələri festivala çıxarılıb.  Püsyan kənd tam orta məktəbinin layihəsi 3-cü yerə layiq görülüb. Danyeri kənd tam orta məktəbin 6-cı sinif şagirdi Elcan Fərzəliyev deyir ki,  gələcəkdə mühəndis olmaq arzusundadır. Müəllimlərinin köməyi, valideynlərinin dəstəyi və məktəbdə yaradılan şəraitdən istifadə edərək kiçik də olsa müəyyən kəşflər edir. Bugünki festivala Robotqolla qatılıb. Sevinir ki, hazırladığırobotqolla belə bir festivala gəlib və onu yaşıdlarıma və digər rayonlardan gələn insanlara nümayiş etdirə bilib.

Kəngərli rayonunun 7 məktəbindən 26 şagird 7  kateqoriya üzrə öz layihələri ilə festivalda iştirak edirdi . Şagirdlərin hazırladığı iki layihə ikinci yerə layiq görülüb. Xok kəndi tam orta məktəbinin 7-ci sinif şagirdi Ayxan Yusifov öz əl işi ilə rəğbət qazanan şagirdlərdəndir. O, bizə hazırladığı robot qol - serva motorun hansı özəlliklərə sahib olduğunu qeyd etdi:Bu robotun köməyi ilə sənayedə insan gücünü minimuma endirə, xətanın hüdudlarını azalda  istehsalın miqdarını artıra bilirik. Gələcəkdə bu layihəni daha da genişləndirməyə və robotqolumükəmməlləşdirməyə, yeni kəşflər etməyə səy göstərəcəyəm. Bizim üçün yaradılan şərait çox qürurvericidir. Ali Məclis Sədrinin şəxsən gəlib bizim layihələrlə maraqlanması sevincimizə səbəb oldu.

Sədərək rayonunun 3 məktəbindən 12 şagirdin 6 kateqoriya üzrə 13 layihəsi festivalda nümayiş olunub.  Sədərək kənd 2 saylı tam orta məktəbin7-ci sinif şagirdi Ümid İbrahimov qədim silah növü olan mancanaq  hazırlayıb. Onun bu layihəyə marağını öyrəndik: - Cəbhə bölgəsində yaşadığımız üçün demək olar ki, hər gün məktəbə, qohumlarının evlərinə gedəndə yol kənarlarında səngərlərə yaxın ərazilərdə ağır silahları görürük. Elə  silah istehsalında istifadə olunan mancanağı da hazırlamaq marağı oradan yarandı. Tarix kitablarında oxuyruq ki, bir çox döyüşlərdə  bu mancanaqlardan istifadə edilib. Ağır daşları belə mancanaqlar vasitəsi ilə uzaq məsafədən qala divarlarına atıb onları dağıtmağa nail olublar.

Babək rayonunun Araz kənd tam orta məktəbinin VIII sinif şagirdi Fatimə Seyidova qeyd etdi ki, festivalda “Ağıllı ev” layihəsi ilə iştirak edirlər. Bu evin içərisində təhlükəsizlik sistemi, istixana və ağıllı qaraj qurulub: -STEAM mənim və sinif yoldaşlarımın həyatında bir çox müsbət dəyişiklikləryaratdı. Daha pratik üsulla öyrənməni və tətbiq etməyi bacardıq. Ən əsası da STEAMla özümüzü yenidən kəşf etdik, nələrə qadir olduğumuzuçıxara bildik. Məktəbin biologiya və STEAM müəllimi Mirvari Qurbanovaisə qeyd etdi ki, STEAMla bağlı indiyədək keçirilən bir çox layihələrdə iştirak ediblər və fərqlənmə diplomu alıblar. Festivala “Robotunu yarat”, “Ağıllı ev”,  “Sənaye RobotQoll” kateqoriyası üzrə müxtəlif layihələrlə gəliblər:  - Şagirdlərimiz STEAMlazəkalarını inkişaf etdirirlər. Əllərindən istifadə etməklədüşüncə və fikirlərini ortaya çıxarırlar.Belə yaradan, bacaran şagirdləri daha yüksəklərdə görürəm. Onlar daha böyük layihələrlə dünyada tanınacaqlar.

Ordubad şəhər 3 nömrəli tam orta məktəbin STEAM müəllimi Humay Bağırov söhbətimiz zamanı  dedi ki,  ötən ildən məktəblərində STEAM kabinəsi yaradılıb. 2 “Robotunu yarat”, 2 “Micro: Bit Coding” kateqoriyaları üzrə layihələri var. Festival çox yaxşı keçir, maraqla baxırlar. STEAM-da şagirdləri fərqli proqramlardan istifadə edirlər. Öz üzərində çalışan, yaxşı ideyaları olan şagirdlərimiz gələcəkdə daha böyük uğurlar qazanacaqlar. 

Ordubad şəhər 1 nömrəli tam orta məktəbin Riyaziyyat-İnformatika müəllimi Natəvan Fərzəliyeva isə qeyd etdi ki, 2  kateqoriya üzrə festivalda iştirak edirlər: - STEAM VI-VII siniflər üzrə  tətbiq edilsə də III-IV-V sinif şagirdlərimiz də ona maraq göstərirlər. Burada şagird toxunur,yaradır və kəşf edir. Bu metod gələcəyimizi yaradanlar, gənc mühəndislərimizi yetişdirir.Festivalı təşkil edənlərə minnətdarlığımı bildirirəm. Qısa zaman ərzində belə festivalın keçirilməsi təqdirəlayiqdir. Növbəti belə festivalların keçirilməsini arzulayırıq.

Naxçıvan Müəllimlər İnstitutundan festivala qatılan layihə rəhbəri Cəfər Sadiqcə deyir ki,  STEAM təhsilinin məqsədi, düşündüklərini reallaşdıra bilən, XXI əsr bacarıqlarına sahib gənclər yetişdirməkdir. Bu baxımdan bu gün keçirilən “STEAM təhsil festivalı”nın da əhəmiyyəti böyükdür. Müsabiqələrdə Sosial texnologiyalar və Yaşıl texnologiyalar nominasiyası üzrə 1-ci yerə layiq görüldük. Bundan sonra da fəaliyyətimizi davam etdirəcək, muxtar respublikamızda STEAM-ın inkişafına dəstək verməyə çalışacağıq.

Şahbuz rayonunun Biçənək kənd tam orta məktəbinin 11-ci sinif  şagirdi Göyçəm İbrahimov dedi ki, “STEAM təhsil festivalı” Naxçıvanda ilk dəfə keçirilsə də, böyük maraqla qarşılandı. May ayından başlayaraq biz bu festivala hazırlaşmağa başladıq. Bir neçə nominasiya üzrə iştirak etdiyimiz festivalda mancanaq robot müsabiqəsi üzrə1-ci yerə layiq görüldük. STEAM yaradıcı gənclərin üzə çıxarılmasında əvəzsiz vasitədir. Bu cür festivalların bundan sonrada davamlı təşkil olunmasını səbirsizliklə gözləyəcəyik.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Amin Abbaslı dedi: -STEAM yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oyanyır. Bu gün  hər hansı ixtisas seçərkən əmək bazarı üçün tələbat daha çox nəzərə alınır. Bu baxımdan, özündə təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı ehtiva edən STEAM peşələrinin demək olar ki, analoqu  yoxdur. Muxtar respublikamızda da STEAM təhsil sahəsinə böyük diqqət və qayğı göstərilir. Keçirilən festival da bu qayğının bariz nümunəsidir. Sevincliyəm ki, hazırladığımız layihə ilə birinci yerə layiq görüldük.

Festivalda uğurlu layihə ilə çıxış edən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin layihə rəhbəri Əfsanə Orucova təqdim etdiyi 2 layihənin birinciliyinin sevincini bizimlə bölüşdü. Əvvəlcə festival təşkilatçılarına minnətdarlıq edən Əfsanə müəllimə dedi ki, neçə aydır, bir neçə layihə üzərində çalışıblar. Həmin layihələrdən biri “Qısa film” layihəsi üzrə “danışan təbiət” adlı filmdir. Nuray Əsədova, Ramin Nağıyev və Nihad Cabbarlının hazırladığı film cəmiyyəti təbiəti qorumağa səsləyir. Filmin hazırlanmasında əsas məqsəd Naxçıvanın təbiətini, abidələri, fauna və florasını təbliğ etməkdir. Birincilik qazanan digər layihə isə Aypara Əmiyeva və Yusif Mahmudovun hazırladığı “labirint robot” layihəsidir. Bu robotun funksiyası isə maneələrə rast gəldikdə idarəni dayandırması və qısa müddət ərzində nəzərdə tutulan məsafəni qət etməsidir.

Digər uğurlu layihə təqdimatı ilə birincilik qazanan məktəb isə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin hazırladığı “Robotunu yarat” layihəsidir. Məktəbin STEAM kabinə müdiri, layihə rəhbəri İfadə Babayeva dedi ki, məktəbimizin şagirdləri Qurban Rzayev, Bilal Musayev, Məsum Möhbalıyev və Vüsal Məmmədovun ixtira etdiyi bu robotun funksiyası plastik tullantılardan 3 D printerləri üçün flomenthazırlamasıdır. Xarici ölkələrdə istehsal olunan “floment” adlı bu xammal 3 D printerlərinin müxtəlif fiqurları çap etməsi üçün əsas vasitədir. 

“Lego Sumo”kateqoriyası üzrə festivala qoşulan –Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Kamal Qafarov da qaliblik sevincini bizimlə paylaşdı: Festivalda “Leqo Sumo” layihəsi üzrə 20 komanda arasında yarış keçirildi. Sevincliyəm ki, həmin komandalar içərisində yaratdığım robot qalib oldu. Festivalda iştirak etmək bu sahəyə marağımı daha da artırdı. Çalışacağam ki, yeni və əhəmiyyətli layihələr üzərində işləyərək daha böyük uğurlar qazanım.

Beləliklə “STEAM təhsil festivalı” əsl təhsil bayramı kimi maraqlı anlarla yadda qaldı. Ölkəmizin uğurlu gəncliyi, milli dəyərlərə sadiq etibarlı vətəndaşları, qlobal çağırışlara, əmək bazarının tələblərinə cavab verəcək bilikli kadr təminatı da məhz belə festivallar vasitəsilə ortaya çıxır. Dünyada gedən sürətli elmi-texnoloji yeniliklər fonunda muxtar respublikamızda keçirilən bu festival uzun müddətyaddaşlarda qalacaq.

          Ramiyyə ƏKBƏROVA

Güntac ŞAHMƏMMƏDLİ

Gülcamal TAHİROVA

Telli MƏMMƏDOVA

Nəşr edilib : 13.06.2022 15:43