AZ EN RU

STEAM istedadlı və intellektual potensiala malik gəncliyi üzə çıxarır

    Son illər dünya təhsil sistemində özünə xüsusi yer tutan təhsil metodlarından biri də STEAM-dır. Təhsil sistemində bu metodun əsas üstünlüyü tədrisdə əməkdaşlıq, ünsiyyət, yaradıcılıq, informasiya və kommunikasiya bacarıqlarını inkişaf etdirməkdir. Naxçıvan Muxtar Respublikasında təhsilin bütün mərhələləri kimi, STEAM tədrisin də maddi-texniki bazası möhkəmləndirilib. Məhz bunun nəticəsində muxtar respublikada innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “İnteraktiv dərs” kimi layihələr tətbiq edilir. Eyni zamanda STEAM metodu ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə edilir, metodik vəsaitlər hazırlanıb məktəblərə paylanılır.

    Son zamanlarda bu təhsil metodu üzrə muxtar respublikadakı ümumtəhsil məktəbləri şagirdlərinin qazandığı uğurlar ələlxüsus vurğulanmalıdır. Artıq bir çox beynəlxalq müsabiqələrdə mükafatlar qazanan yeniyetmələrimizə “Sabahın tədqiqatçıları” da deyə bilərik. Onlardan biri Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Liseyin 8-ci sinif şagirdi Hüseyn Tahirovdur. İxtiraları ilə hamını təəccübləndirən gəncin ən uğurlu layihələri sırasında “Ağıllı aptek” layihəsi xüsusilə seçilir: “Son illər insanların daha çox ölümünə səbəb onların səhv dərmanlardan istifadə etməsidir. Bu layihə ilə problem tam aradan qaldırılacaq. “Ağıllı aptek”dən evdə, eləcə də əczaxanalarda istifadə etmək mümkündür. Belə ki, bu layihədə həm dərman haqqında məlumat verilir, həm də hansı dərmandan istifadə olunması lazım olduğu bildirilir. Bu mənim öz ideyamdır və heç bir yerdə yoxdur, iki həftəyə hazırlamışam. 3D printeri ilə çıxarılan bu layihə telefonla idarə olunur. Gələcəkdə isə telefondan istifadə edilməyəcək və elektrikə qoşulacaq”.
    Hüseyn Tahirov 2022-ci ildə STEAM Azərbaycan Festivalının (SAF) iştirakçısı olub: “Bu festivalda digər ölkələrin də nümayəndələri iştirak edirdi. Təqdim etdiyim layihə üzrə ikinci oldum. Bu layihə daha çox Fövqəladə Hallar Nazirliyi üçündür. Belə ki, robot baş verən qəza zamanı insan müdaxiləsi olmadan zərərçəkənləri xilas edir”.

    Kamal Qafarov Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdidir. O, eyni zamanda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində robotexnika dərnəyinin üzvüdür: “İndiyədək 64 layihəm olub və ilk dəfə 2020-ci ildən başlayaraq STEAM Azərbaycan və beynəlxalq səviyyəli müsabiqələrdə iştirak etmişəm. SAF-2021-ci ildə ilk dəfə Azərbaycan üçüncüsü olmuşam. Eyni zamanda ölkə rəhbərləri və dünyanın bir çox tanınmış şəxslərinin iştirak etdiyi “Texnofest Azərbaycan”ın iştirakçısı olmuşam. Həmin müddətdə bütün qonaqlar layihəmizi bəyənib, onlar arasında Səlcuk Bayraktarın da olması sevindirici idi. Bizim layihəyə baxdı və bəyəndi. Bununla yanaşı, muxtar respublikada keçirilən bir çox müsabiqələrin qalibi və mükafatçısı olmuşam”.
    Kamal Qafarov kənd təsərrüfatında heyvanların yemlənməsi üçün də layihə hazırlayıb: “Bu layihə fermerlər və bu sahə ilə məşğul olan təsərrüfatçılar üçündür. Sistem üzərində yemlənmənin vaxtı qurulur və həmin vaxt müddətində yemlənmə gedir”.

    Naxçıvan Qarnizonu tam orta məktəbinin 8-ci sinif şagirdi Rauf Babayev isə SAF-2022-yə dron kateqoriyası üzrə qatılıb: “İlk dəfə qatıldığım müsabiqədə qalib olmaq gözəl və qürurverici hissdir. Dronda əvvəlcə onun fiqurlarını düzəltmişəm və unokartdan istifadə etmişəm. Gələcəkdə bunu daha da təkmilləşdirmək istəyirəm”.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev bildirib ki, bu tədris metodu həyatımızın bir hissəsinə çevrilməklə təhsil sisteminə həm struktur, həm də güc dəyişikliyi gətirib: “Bildiyiniz kimi, dünyəvi təhsil sistemində bir çox innovativ layihələr təhsilin inkişafı istiqamətində aparılır. 2018-2019-cu tədris ilindən ölkə üzrə yeni təhsil metodu olan STEAM təhsil tətbiq olunmağa başlanılıb. Sevindirici haldır ki, bu təhsil metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Təhsildə yeniliklər və yeni addım, yeni metod olan STEAM təhsilinin innovativ tətbiqi ilkin olaraq muxtar respublikanın 15 pilot məktəbində layihə olaraq yaradıldı. Yaradılan məktəblərdə şagirdlərin təhsil sistemində uğurlu nəticələrindən sonra digər məktəblərdə də STEAM kabinələri quruldu və bu gün muxtar respublikanın 113 ümumtəhsil məktəbində belə kabinə yaradılıb. Kabinələrin quraşdırılması üçün məktəblərdə böyük otaqlar seçilib və bunlar dövlətin qayğısı ilə xüsusi olaraq dizayn edilib, elektron lövhələr, təhsil üçün lazımi avadanlıqlar və kompüterlər alınıb. Dərslərin tədrisi üçün vəsaitlərə ehtiyac var idi və bunların əldə olunması üçün Təhsil Nazirliyi tərəfindən bir sıra xarici ədəbiyyatlar, kitablar tərcümə olunaraq çap edilib və 2000-ə yaxın tədris vəsaiti məktəblərə paylanılıb”. 
    Kadr hazırlığından da söhbət açan Murad Babayev dedi: “Bu müddət ərzində kadr hazırlığı – müəllimlərin peşəkarlığı da diqqətdə saxlanılıb. Bu günədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eyni zamanda beynəlxalq təlimçilər tərəfindən muxtar respublikanın 400-dən artıq müəlliminə STEAM təlimi keçirilib. Həmin müəllimlər isə Təhsil Nazirliyi tərəfindən sertifikata layiq görülüblər və bunun nəticəsində məktəblərdə STEAM təhsili aparmaq hüququ qazanıblar. 3 ilə yaxındır, muxtar respublikada tədris olunan STEAM şagirdlərin gələcəyinə doğru atılmış bir addım, təhsil metodudur. Bu gün şagirdlərimiz bu təhsil metodunda artıq uğurlu nəticələr əldə edirlər. Muxtar respublikada bir sıra robot layihələr, müsabiqələr keçirilir, şagirdlər uğurlu nəticələr qazanırlar. Sevindirici haldır ki, şagirdlərimiz ölkədaxili yarışlarda, müsabiqələrdə də böyük nailiyyətlər əldə edirlər. 2021 və 2022-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən SAF layihələrində şagirdlərimiz iştirak edib, uğurlu nəticələr qazanıblar”. 
    STEAM təhsilin əhəmiyyəti nəzərə alınaraq bu gün muxtar respublikada STEAM Təlim-Tədris Mərkəzi də inşa edilib və avadanlıqlarla təmin olunub. Ümid edirik ki, bu istedadlı yeniyetmələr gələcəkdə ölkəmizin inkişafına töhfə verməklə yanaşı, həm də öz ixtiraları ilə Azərbaycan gəncinin nəyə qadir olduğunu bir daha nümayiş etdirmiş olacaqlar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.02.2023 22:41