AZ EN RU

Startap layihəsinin təqdimatı keçirilib

    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Naxçıvan” Universitetində təhsil alan tələbələr üçün “Bank Savadlılığı Layihəsi” çərçivəsində “İnnovativ Bank Məhsulu” adlı startap layihəsinin təqdimatı keçirilib.
    İqtisadiyyat kafedrasının dekanı Zakir Məmmədov  tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, artıq startap layihələrinin keçirilməsi “Naxçıvan” Universitetində ənənə halını alıb. O həmçinin tələbələrin startap layihəsinə olan yüksək marağını diqqətə çatdıraraq tələbələrin bu layihədə yüksək səviyyədə iştirak edəcəyindən əminliyini ifadə edib.
    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin əməkdaşı Pərviz Babayev tədbirin keçirilməsində əsas məqsədin startap hərəkatının genişləndirilməsi, muxtar respublikada fəaliyyət göstərən kommersiya banklarında mövcud olan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi yönündə tələbələrin  innovativ ideyalarının reallaşdırılmasına kömək etməkdən ibarət olduğunu bildirib. 
    Tədbir zamanı tələbələrə “Bank Savadlılığı” komandasının üzvü Pərviz Babayev tərəfindən innovativ bank məhsulu startap layihəsi haqqında məlumat verilib. Komandanın digər üzvü Mərhəmət Bayramov tərəfindən yaradılmış layihələrin təqdimat şərtləri, o cümlədən bank xidmətləri ilə bağlı müxtəlif mövzular elektron slaydlarla tədris olunub, tələbələrin sualları cavablandırılıb.
    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən seçilmiş layihələr təşkil olunacaq yekun təqdimat mərhələsində aidiyyatı münsiflər heyyətinə təqdim ediləcəkdir. Munsiflər heyyəti tərəfindən rəğbət görmüş layihələr mükafatlandırılacaq və seçilmiş layihələrin icrası istiqamətində kommersiya bankları ilə müvafiq işlər həyata keçiriləcəkdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.03.2022 20:12