AZ EN RU

Startap layihələrinin təqdimatı keçirilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iqtisadi sahədə startap layihələrinin təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Dünya iqtisadiyyatı və Beynəlxalq ticarət və logistika ixtisaslarında təhsil alan və startap komandalarında təmsil olunan tələbələri iştirak edib. 
    Tədbiri giriş sözü ilə komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, hami təşkilat olaraq Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan tələbələrinə “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanmasında köməklik göstərilməsi və onların dəyərləndirilməsi diqqətdə saxlanılıb. Bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi məqəsdilə cari tədris ilinin əvvəlində təsdiqlənmiş birgə tədbirlər planına əsasən müvafiq işlər görülüb komitədə yaradılmış İnnovasiya Mərkəzi, Ekspert şurası və İnnovasiya laboratoriyasının imkanlarından istifadə edilib. Tələbələrin iştirakı ilə gömrük işinə dair müxtəlif mövzularda keçirilmiş praktik seminar və görüşlər, tələbələrin gömrük orqanlarının fəaliyyəti ilə yerindəcə tanışlığının təşkili, gömrük orqanlarında iki aya yaxın davam edən istehsalat təcrübəsi iqtisadi sahədə yeni innovativ ideyaların formalaşması və startapların meydana çıxması baxımından əhəmiyyətli olub. 
    Komitənin İnnovasiya Mərkəzinin rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli muxtar respublikamızda startap hərəkatının geniş vüsət almasından danışıb. Bildirilib ki, iqtisadi sahədə innovativ layihələrin hazırlanması ilə bağlı görülmüş işlərin nəticəsi olaraq, ümumilikdə, 9 layihə üzərində iş aparılıb, gələcək perspektivi, iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq uğurlu layihələr “Startap Naxçıvan” portalına təqdim olunub. 
    Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov qeyd edib ki, ali təhsil ocağı ilə gömrük xidməti arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və birgə tədbirlər planının həyata keçirilməsi tələbələr səmərəli innovasiya mühitinin formalaşması və innovativ təkliflərin dəyərləndirilməsi üçün əlverişli şərait yaradır. 
    Sonra Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə IV kurs tələbələrinin hazırladıqları üç yeni layihənin təqdimatı olub. Tələbələrdən Kamal Babazadə Naxçıvanda elektron ticarət platforması – “N-TRADE”, Hüseyn Vəlizadə turizm sahəsində elektron bələdçi – “NAXTRAVEL”, Səkinə Osmanlı isə işləyən qadınlara ev işlərində və sosial həyatda köməkçi xidmətlər təklif edən “Happy Business Lady” layihələrini təqdim ediblər. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılıb, təkliflər dəyərləndirilib, təqdimatların təkmilləşdirilərək “Startap Naxçıvan” portalına təqdim olunması qərara alınıb.
     “N-TRADE” layihəsi “Ən yaxşı layihə” nominasiyası üzrə qalib elan olunub. Hər üç layihə üzrə startap komandalarının kapitanlarına sertifikat və pul mükafatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 08.06.2022 20:20