AZ EN RU

Standartların tələblərinə uyğun məhsul istehsalı təşviq olunur

    İqtisadiyyatın dayanıqlı inkişafını və ixracın stimullaşdırılmasını şərtləndirən mühüm məsələlərdən biri keyfiyyət amilidir. Bu baxımdan muxtar respublikada istehsal olunan məhsulların keyfiyyətinə nəzarətin aparılması işi cari ilin yanvar ayında da diqqətdə saxlanılmış, məhsulların 46, o cümlədən qida məhsullarının 39 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqmətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 9, meyvə-tərəvəz məhsullarının isə 4 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur.
    Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi davam etdirilməkdədir. Ötən ay 7 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 12 etiket layihəsi hazırlanmışdır.
    Xarici bazarlara çıxış imkanlarının artırılması, xüsusilə diqqət mərkəzindədir. 2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, Ali Məclis Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmişdir. Xidmətin təşəbbüsü ilə yaradılmış müvafiq sahibkarlıq subyektləri qrupu tərəfindən Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
    Muxtar respublikada istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin diqqətdə saxlanılması üçün 3 müəssisədə istehsal olunan arağın 6, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyənləşdirilmişdir. 
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qaz cihazlarına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalına icazə verilməmişdir. 
    Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası 
Antiinhisar və İstehlak Bazarına 
Nəzarət Dövlət Xidməti 

Nəşr edilib : 11.02.2022 18:46