AZ EN RU

Standartlara uyğun fəaliyyətin təmin olunması təşviq edilir

    Muxtar respublikada istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması, onların daxili bazarla yanaşı, xarici bazarlara çıxışına dəstək göstərilməsi, istehsal prosesində, eləcə də xidmət sferasının təşkilində müasir yanaşmanın təmin olunması Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətində prioritet istiqamətdir. Eyni zamanda məhsulların keyfiyyətinə nəzarət də mütəmadi olaraq diqqətdə saxlanılır. Bu istiqamətdə noyabr ayında, ümumilikdə, məhsulların 93, o cümlədən qida məhsullarının 85 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nöqsan aşkar edilməmişdir.     

    “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət    Proqramı”nın icrası istiqamətində aidiyyəti orqanlar ilə birgə Babək rayonunun Didivar və Şahbuz rayonunun Qızıl Qışlaq kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirici görüşlər keçirilmiş, bal məhsulunun fiziki-kimyəvi göstəricilərinə dair müvafiq standartdan çıxarışlar təqdim olunmuşdur. “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Turizm Departamenti ilə birgə turizm sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir.
    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 19, meyvə-tərəvəz məhsullarının isə 6 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur. Hesabat dövründə təsərrüfat subyektlərinə emal olunmuş kənd təsərrüfatı məhsulları üçün 16 etiket layihəsinin standartlara uyğun hazırlanması üzrə metodik köməklik göstərilmişdir. 
    “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində noyabr ayında sənaye məhsullarının 85 halda laboratoriya analizləri aparılmış, nöqsan aşkar edilməmişdir. 
    “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə Şərur şəhərində ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, 30 ailə təsərrüfatı nümayəndəsinə maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Görüşlər zamanı ailə təsərrüfatı məhsullarının tədarük və satışını asanlaşdırmaq məqsədilə ölkəmizin digər bölgələrində ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektlərinə məxsus 30 ünvan kartı ailə təsərrüfatı nümayəndələrinə paylanılmışdır. Ötən ay 6 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin standartlara uyğun göstərilməsini təmin etmək məqsədilə 30 etiket layihəsinin hazırlanmasına metodik köməklik göstərilmişdir. 4-6 noyabr tarixlərdə keçirilmiş “Ailə təsərrüfatı məhsulları” festivalında ailə təsərrüfatlarına 315 hazır etiket təqdim olunmuşdur. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə           nəzarətin aparılması üçün İqtisadiyyat Nazirliyi ilə birgə məhsullardan 3 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, standartlara uyğunluq müəyyən edilmiş və sınaq protokollarının surəti ailə təsərrüfatlarına çatdırılmışdır.
    2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir. 
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində aparılan tədbirlər çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə noyabr ayında 30 təsərrüfat subyektinin rəhbərləri ilə maarifləndirici görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində isə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə heyvan mənşəli məhsullar istehsal edən 3 müəssisədən 5 halda nümunələr seçilərək laboratoriyaya təqdim edilmiş, analizlər üzrə heyvan mənşəli xəstəlik və ya bakteriya aşkar olunmamışdır.
    Hesabat ayında aidiyyəti qurumların əməkdaşları ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalı və satışı məhdudlaşdırılmışdır. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar 
və İstehlak Bazarına Nəzarət Dövlət 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 14.12.2022 19:42