AZ EN RU

SSRİ Ali Sovetinin xalq deputatı: “Ulu Öndərlə görüşü həyatımın dönüş nöqtəsi, uğura gedən yolumun təməli adlandırıram”

    Kültəpə kəndi xalqımızın zəngin maddi irsinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin əvəzsiz tarixi eksponatına çevrilməklə yanaşı, həm də ölkəmizə ictimai-siyasi həyatda, elmi mühitdə mühüm rol oynayan bir sıra tanınmış şəxslər bəxş edib. Azərbaycanın Əməkdar mühəndisi Həsən Həsənov, kimya elmləri doktoru Bayram Rzayev, Əməkdar həkim İbrahim Ağayev, Əməkdar müəllim Məhəmməd Səfərəliyev kimi bu yurdda dünyaya göz açan neçə-neçə  alim, müəllim, tibb işçisi işıqlı sabahlar, aydın gələcək naminə mühüm xidmətlər göstəriblər. Əməyi, zəhməti ilə ucalan kənd sakinlərindən biri də Tərlan İmamverdiyevadır. Maraqlı həyat hekayəsinə, zəngin tərcümeyi hala malik Tərlan xanım 1956-cı il avqustun 18-də anadan olub. Orta təhsilini Kərimbəyli kəndindəki 10 illik məktəbdə alıb. Atası Nəsib kişi Qərbi Azərbaycanın Dərələyəz mahalının Qışlaq kəndində yaşayıb.

    Tərlan İmamverdiyevanın dediklərindən: –  Atam evin böyük uşağı idi, ondan balaca iki qardaşı, bir bacısı olub. Yaşadıqları Qışlaq kəndi dağlıq ərazidə yerləşdiyindən, əsasən, heyvandarlıqla, meyvəçiliklə məşğul imişlər. 1918-1920-ci illərdə ermənilərin yürütdüyü amansız deportasiya siyasəti, törətdikləri təxribatlar atamgilin ailəsindən də yan keçməyib. O zaman atamın 12-13 yaşı var imiş. Rəhmətlik deyirdi ki, 1918-ci ildə gəlmə ermənilər Qışlaq kəndinə hücum edərək azərbaycanlılara onları öldürəcəkləri ilə bağlı hədə-qorxu gəlməyə başlayıblar. Daha sonra kənd camaatını taxıl anbarına yığıb qapısını bağlayıblar. Babamgil də orada imiş. Atam məhəllədə yaşayan yerli erməni uşaqlarından eşidib ki, taxıl anbarına od vurub içəridəki bütün azərbaycanlıları yandıracaqlar. Əmimlə birgə ələ keçməmək üçün macal tapıb qaçıblar evdən. Babam isə bir vasitə ilə qardaşını, 3-4 nəfər qohum-qonşunu axşamüstü taxıl anbarından çıxarmağa müvəffəq olub... Gəlmə ermənilər yerlilərdən daha azğın, daha qəddar idilər. Onlar qarşılarına çıxan hər kəsi, uşaq-böyük, qadın, yaşlı demədən kənddən çıxmağa məcbur edir, əks-təqdirdə öldürəcəkləri ilə hədələyirdilər. Heç kəs bir-birinə kömək edə bilmirdi, hərə öz canının hayında idi. Həmin vaxt erməni zülmündən qurtulmaq üçün nənəm də bibimi qucağına alıb evdən qaçaraq kəndin aşağısındakı “Doqquz donu” adlanan böyük bir kolluğunda gizlənib. Arxasınca gələn erməni həmin koluğun kənarında hey dolaşıb axtarsa da, yerlərini müəyyən edə bilməyib. Yaxşı ki, 4-5 yaşında olan bibim səsini çıxarmayıb. Qaş qaralana yaxın erməni “qurda-quşa yem olsun” deyərək oradan uzaqlaşıb. Nənəm kolun içindən çıxaraq “Allaha təvəkkül, nə ola, ola” ümidi ilə düzəlib yola. Bir qədər getdikdən sonra yuxarı tərəfdən 4-5 nəfərin gəldiyini görüb, erməni olduqlarını zənn edərək bərk qorxu hissi keçirib. Xoşbəxtlikdən gələnlər babamgil imiş. Onlar gecə ilə Naxçıvana, Şərurun Dizə kəndinə pənah gətiriblər. Nənəmlə, bibim Dizədə 2-3 gün qalsalar da əvvəlcə aldıqları mənəvi və fiziki işgəncələrdən, qorxu hissindən dünyalarını dəyişiblər. Qışlaqdan çıxanda yolda əmilərimi bibiləri götürərək ümid yeri kimi İrana keçirib. Vay o keçməyə, buna əməlli-başlı peşman olublar. Farslar da ermənilər kimi pis rəftar edib onlarla. Oradan da məcbur qalıb Naxçıvana gəlməli olublar. Arazdan keçəndə əmilərimi su aparıb. Atamgillə gələnləri əvvəlcə Naxçıvan şəhərində uşaq evinə yığıblar, daha sonra isə varlı insanların himayəsində təsərrüfat işlərinə cəlb ediblər. Müəyyən zaman keçdikdən sonra Kültəpə kəndinə köçüb burada özlərinə daimi məskən salıblar...
    Tərlan xanım deyir ki, uşaq vaxtından öz ev-eşiyindən didərgin salınan atası elə hey ulu babalarımızın “torpaq çəkir” ifadəsini xatırladar, öz doğma torpağı, ana yurdu Qərbi Azərbaycanda keçən çağlarını yada salarmış. Dediyinə görə ara sakitləşəndən sonra babası ilə birgə bu həsrəti, nisgili ovutmaq üçün gizli şəkildə Dərələyəzin Qışlaq kəndindəki evlərinə baş çəkiblər. Lakin gördükləri mənzərədən nəinki ürəklərinə su səpilib, qanları daha da qaralaraq əlacsız halda geri qayıdıblar. Şahidi olublar ki, nə bir zamanlar əzab-əziyyətlə qurub-yaratdıqları o ev qalıb, evdəki qiymətli əşyalar, nə də o bağça-bağ, hamısını mənfurlar oğurlayıb, mənimsəyiblər... Tərlan xanımın atası zəhmətkeş, əməksevər insan olub. Naxçıvanda yaşadığı illərdə öz nümunəvi təsərrüfat fəaliyyəti, ictimai işlərdəki fəallığı ilə hörmət-izzət qazanıb. 1945-1950-ci illərdə Nəsib kişi kolxoz sədri, yerli partiya təşkilatının sədri, ferma müdiri kimi vəzifələrdə çalışıb, 1980-ci il yanvarın 2-si isə dünyasını dəyişib...
    1973-cü ilin sentyabrın 16-sı... Tərlanın əmək fəaliyyətində, həyat yollarında yaşıl işığın yandığı gün... 17 yaşlı gənc qızın heç vaxt unutmadığı, yaddaşına əbədilik qırmızı xətlə yazılan tarix... Həmin gündən “Naxçıvan” üzümçülük sovxozunda Mədət Nəsirovun başçılıq etdiyi briqadada işləməyə başlayır Tərlan. Rəfiqələri Zibayət, Səlfinaz, Gülarə, Zərxarə də bu briqada da çalışırlar. Əl-ələ verib çalışırlar ki, el-oba yanında üzləri ağ olsun, dövlətə bol məhsul versinlər. Briqadanın həm başçısı, həm də üzvləri verdikləri sözün həmişə sahibi olurlar, öhdəliklər artıqlaması ilə yerinə yetirilir. Tərlan da briqadaya işə düzələndən qısa zaman sonra ona bəslənilən ümidləri artıqlaması ilə doğrulda bilir... 
    Hər il payızın sonunda sovxozda ümumi iclas keçirirlər, görülmüş işlər, götürülən öhdəliklər, ödənilən planlar müzakirə olunar, uğurlar, nöqsanlar qeyd edilərdi. “Naxçıvan” üzümçülük sovxozunun briqada başçısı Mədət Nəsirov qürurla danışar, xüsusən də Tərlanın adını böyük hörmət və fəxarətlə çəkərdi. Doğrudan da, Tərlan az vaxt ərzində böyük işlər görmüşdü. İclaslarda onun işgüzarlığından, yaradıcılığından, bacarığından ağızdolusu söhbət gedərdi. Buna hamı sevinərdi. Ən çox da atası Nəsib kişi. “Ot kökü üstə bitər”, – deyiblər. Məhz Tərlanın belə zəhmətkeşliyi, əməksevərliyi, işə can yandırması, verilən tapşırığa məsuliyyətlə yanaşması şübhəsiz ki, atasından qalma genetik bir dəyər idi... Fəsillər ötüşür, illər ayları əvəzləyir, Tərlanın ömür təqviminə yeni-yeni nailiyyətlər yazılır. 1975-ci ildə Tərlanın işlədiyi “Naxçıvan” üzümçülük sovxozu Azərbaycan KP MK-nın, respublika Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqları Şurasının və Azərbaycan LKGİ MK-nın “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunur. 
    Tərlan İmamverdiyev qeyd edir ki, 1978-ci ildə rayon partiya komitəsinin rəhbərliyi tərəfindən böyük əmək sərf edən, işinə məsuliyyətlə, canla-başla yanaşan zəhmətkeşlərin xalq deputatı kimi namizədliyi irəli sürülürdü. O zaman Naxçıvandan bu ada layiq 15-20 nəfər seçib Bakıya göndərdilər ki, onlardan da biri mən idim. Üç dəfə bizi orada qəbul edib, haqqımızda geniş məlumat almaq məqsədilə sorğu-suala çəkdilər. Nəhayət, dekabr ayında dördüncü, əsas görüşümüz baş tutdu. O zaman Azərbaycan KP MK-nın birinci katibi olan dahi şəxsiyyət Heydər Əliyev bizi komitədə qəbul etdi. Böyük fəxrlə həyatımın dönüş nöqtəsi, uğura gedən yolumun təməli adlandırıram həmin görüşü... O günə kimi yalnız televiziyadan görür, radiodan eşidib bilirdim ki, Ulu Öndər gecəsini-gündüzünə qataraq insanların rifahı, xalqımızın gələcəyi, ölkəmizin inkişafı üçün yorulmadan çalışır, kəndli ilə kəndli, alimlə alim, şairlə şair dilində danışır. Bizi qəbul edəndə bu böyük insanın fədakarlığının, əzmkarlığının, səmimiyyətinin əyani şəkildə bir daha şahidi oldum. Qəbul axşam saat 2300 radələrinə təsadüf etməsinə baxmayaraq çox gümrah idi, əhvalında qətiyyən yorğunluq hiss olunmurdu. Görüşə girməzdən öncə, sözün həqiqi mənasında, həyəcandan dil-dodağım bir-birinə dolaşırdı. Nə deyəcəyimi, nə danışacağımı unutmuşdum. Ancaq dahi şəxsiyyət ilk andaca elə səmimi mühit yaratdı ki, təlaş, həyəcan hissi qalmadı. Əsl kəndli, torpaq adamı dilində danışdı mənimlə, ailə vəziyyətimlə, təhsilimlə, sovxozun işi ilə yaxından maraqlandı. Ümummilli Lider mənim xalq deputatı kimi namizədliyimi dəstəklədi və dedi ki sən mütləq təhsil almalısan. Məhz Onun təşəbbüsü ilə 1980-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti)  Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə qəbul olaraq 1985-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirdim...
    1979-cu il mart ayının 4-ü... SSRİ Ali Sovetinə növbəti seçkilərin keçirildiyi gün... Tərlan xanımın həyatında unudulmaz bir tarix... Ona yüksək etimad göstərilərək SSRİ Ali Sovetinə deputat seçilir. Bu 23 yaşlı zəhmətkeş qızın əməyinə verilən ən yüksək qiymət idi. Bir deputat kimi, o gündən Tərlanın məsuliyyəti, qayğıları daha da çoxalır. Ancaq bu onu qətiyyən ruhdan salmır, əksinə, işgüzarlığını xeyli artırır. Səsi tez-tez partiya komitəsinin iclaslarında eşidilir, jurnalistlərə müsahibələr verir, mavi ekranda çıxışlar edir. 1980-ci ilin may ayında “Naxçıvan” üzümçülük sovxozunun bütün işçi heyəti üçün olduqca əlamətdar hadisə baş verir. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvana səfəri çərçivəsində Sirab kəndinə gedən yolun üzərində yerləşən tarla düşərgəsinə, üzümçülük sahəsinə də baş çəkərək zəhmətkeşlərlə görüş keçirir. Həmin görüşdə “Naxçıvan” üzümçülük sovxozunun direktoru, iqtisad elmləri namizədi Ramazan İsmayılov, o zaman Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləyən Kamran Rəhimov (1975-1983), 1958-ci ildən başlayaraq Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1963-cü ildən 1990-cı ilin mart ayınadək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifələrində çalışan, sonralar “SSRİ-ni dağıdan” azərbaycanlı qadın kimi tarixə düşən Səkinə Əliyeva da iştirak edir. Ulu Öndər bütün zəhmətkeşlərlə ətraflı danışıb, güzəranları, gündəlik qayğıları, iş şəraitləri ilə maraqlanır. SSRİ Ali Soveti deputatı dövlət döş nişanını sinəsində böyük fəxrlə daşıyan Tərlan İmamverdiyeva bir qədər kənarda dayanır. Dahi şəxsiyyət “briqadir, yaxına gəl” deyərək Tərlanı yanına çağırır, ailə vəziyyəti, sovxozun işi, üzümçülük sahəsi, öhdəlikləri, planları barədə soruşur. Həmin görüşdən stimul alan üzümçü Tərlan İmamverdiyevanın uğurları daha da çoxalır. Ulu Öndərin ona bəslədiyi ümidləri doğruldur. Belə ki, 1981-ci ilin fevral ayında “Naxçıvan” üzümçülük sovxozunun direktoru, iqtisad elmləri namizədi Ramazan İsmayılov Tərlanla söhbət əsnasında ona briqada başçısı olmağı təklif edir. Böyük işin məsuliyyətini bir qədər tərəddüddən sonra üzərinə götürən Tərlanın başçılığı ilə üzümçülük briqadası qısa müddətdə böyük uğurlara imza atır, qarşıya qoyulan tapşırıqları artıqlaması ilə həyata keçirir. Belə ki, həmin il öhdəsində olan 54 hektar məhsuldar bağdan 130 ton əvəzinə 511,5 ton yüksək keyfiyyətli üzüm toplayıb, qəbul məntəqəsinə yola salır. 
    Tərlan İmamverdiyeva vaxtilə SSRİ Ali Sovetinin xalq deputatı olmaqla yanaşı, Naxçıvan vilayət və Babək rayon komsomol komitələrinin büro üzvü seçilib, “Qırmızı əmək bayrağı” ordeni, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə də təltif olunub. Həmçinin zəhmətkeş qadın Azərbaycan komsomolunun XXXI Qurultayının nümayəndəsi olub, həmin qurultayda Azərbaycan LKGİ MK-nın üzvü seçilib. Bütün mərtəbələrə əməyi ilə qalxan Tərlan xanım o illəri ən əziz xatirə kimi yaddaşında yaşadır, Ulu Öndərin ona göstərdiyi diqqəti, qayğını daim minnətdarlıq hissi ilə xatırlayır, dahi şəxsiyyətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dünyaya göz açdığı Kültəpə kəndində yaradılan müasir şəraitdən, insanların güzəranından, yaşayış yerində arxeoloji qazıntıların aparılmasından, tarixi irsimizin yaşadılmasından könüldolusu razılıq edir. Əməyi güllər açan 67 yaşlı bu əmək qəhrəmanının zəngin, mənalı həyatından bugünkü gənclərimizin də örnək, nümunə götürməsi diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 13.07.2023 20:18