AZ EN RU

SPECA-nın yubileyinə həsr olunmuş Zirvə görüşü Gürcüstan mətbuatının da diqqət mərkəzində olub

Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

“realnews.ge”, “sputnik-georgia.ru”, “qafqazturk.com”, “aktual.ge”, “interpressnews.ge”, “24news.ge”, “1tv.ge”, “kavkasia.net, “adjaratv.ge”, “newsday.ge” portalları tədbir barədə silsilə materiallar dərc ediblər.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan xəbərlərdə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşünün əhəmiyyəti xüsusi qeyd olunur.

İnformasiya portalları və televiziyalar, eyni zamanda, Azərbaycan Prezidentinin Zirvə görüşündəki çıxışı və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü barədə də informasiyalar yayıblar.

“Kavkasia.net” portalında dərc olunan materialda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: “Dünyada eyni vaxtda iki və ya daha çox stulda oturmaq, bir neçə ağaya qulluq etmək istəyən və özlərini daha böyük dövlətlər arasında qarşıdurma meydanına çevirən bir çox uğursuz asılı ölkələr var. Onlardan biri də Ermənistandır.

Belə ölkələri, sözün əsl mənasında, müstəqil adlandırmaq olmaz. Belə ölkələrin siyasəti öz xalqının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.

“Realnews.ge” saytında yayılan xəbərdə də Prezident İlham Əliyevin çıxışından fikirlər oxuculara çatdırılıb. Materialda bildirilib: “Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir”. Eyni zamanda, bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.

Portalın digər xəbərində isə deyilir ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Dövlətimizin başçısının nitqindən gətirilən digər sitatda qeyd olunur: “İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”.

“Aktual.g”e portalında yayılan materialda isə vurğulanıb: “Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür”.

“Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

“Qafqazturk.com” dərc olunan xəbərdə dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib: “Azərbaycanda əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.

“Sputnik-georgia.ru” saytı Azərbaycan Prezidenti ilə Gürcüstan Baş nazirinin görüşü barədə material yayıb. Xəbərdə deyilir ki, görüşdə əsas diqqət iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə yönəldilib və Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Nəşr edilib : 24.11.2023 19:26