AZ EN RU

Sözü və əməli bir olan Müzəffər Ali Baş Komandan

“Nəyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”.
Azərbaycan Respublikasının Prezidenti 
İlhаm Əliyеv

Tarixi günlər yaşayırıq. Yüzillik tarixin şahidləriyik bu gün. Bəzi proseslərin bitməsinə, başqa proseslərin başlamasına, dəyişən yeni dünya düzəninə şahidlik edirik indi hər birimiz. Bir də dəyişən Azərbaycan reallıqlarına, Cənubi Qafqazda məhz Azərbaycanın diktə etdiyi, yönləndirdiyi, dəyişdirdiyi yeni geosiyasi gerçəkliyə şahidlik edirik. 20 il bundan əvvəl təkcə başqa xalqlara yox, elə bizim özümüzə də yuxu kimi görünənlərin bu gün reallığa çevrilməsi böyük tarixin yenidən yazılması üçün görülən işlərin, aparılan mübarizənin nəticəsidir. 
    Cənab Prezidentin hələ bu il oktyabrın 15-də Xankəndidəki çıxışı zamanı “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” bəyanatından sonra 3 il əvvəlki hadisələri də xatırlamalı oldum. Üçtərəfli bəyanatın maddələrinin izahında yaşanan çaşqınlıq, Qarabağın bəzi hissələrinin tam azad edilməməsi və bu fonda media vasitəsilə həmin yaşayış məntəqələri haqqında tirajlanan fərqli məlumatlar hər bir Azərbaycan vətəndaşında ciddi suallar yaratmışdı. Bundan istifadə edən bəzi cılız media qurumları aparılan siyasətə və qazanılan qələbəyə kölgə salmağa çalışırdılar. 
    İnsanlarda inamsızlıq və ümidsizlik yaratmaq məqsədilə o zamanlar tirajlanan informasiyalara qarşı ölkə Prezidentinin “Mən o vaxt demişdim ki, nəyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm” fikirləri isə keçən müddət ərzində bütün daşların yerinə oturduğunu, bütün arzuların gerçəkləşdiyini bir daha bizə göstərdi. Azərbaycan Prezidenti Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda, Sərsəngdə bayrağımızı göylərə çəkdi. Hər şeyin ən doğru vaxtını bilənlərə və ümidsizliyə düşənlərə də bir üzr borcludur indi həmin “media quruluşları”. Böyük səhvə düşdülər və əlbəttə ki, yanıldılar. 
    Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Məhz elə buna görə bu, 100 ilin tarixidir. Qarabağın azadlığı Azərbaycan tarixinin müstəqillikdən sonra ən böyük hadisəsidir. Bir əsrlik qələbədir, ürəyi Azərbaycanla döyünən hər kəsin qələbəsidir. Xankəndidəyik, Xankəndinin mərkəzindəyik. Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında.
    Avrasiyada mühüm nəqliyyat qovşağına çevrilən Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi təkcə bölgədə deyil, daha da böyük coğrafiyada böyük məna daşıyır. İndi Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Məlum münaqişənin həlli üçün güclü siyasi və hüquqi zəmin yarandı. “Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”, – deyərək bu prinsipi prioritet elan edən dövlət başçısı məhz bu iki amilin başlanğıcı ilə qarşısına qoyduğu böyük vəzifəni yerinə yetirdi.
    Təmkinlə gözləmək və ilmə-ilmə toxumaq – gələcək amal uğrunda səbirlə çalışmaq. İstədiyimiz isə o torpaqlarda dalğalanan Azərbaycan Bayrağı idi. Azərbaycan həmişə sülhün tərəfdarı və carçısı olub. Problemin sülh yolu ilə həll olunması da ölkə başçısının çalışdığı birinci istiqamət idi. “On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır”, – deyən Prezident dünya ölkələrinin prosesə göstərdiyi laqeyd münasibət, bu məsələ ilə məşğul olmuş vasitəçilərin faktiki olaraq münaqişəni dondurmaq istəyi, münaqişəni əbədi etmək istəyi fonunda onların arzularını və istəklərini puç etməyi növbəti dəfə bacardı. 
    “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır”, – deyərək xalqa bağlılığın, xalqla həmrəy olmağın, Lider-Xalq birliyinin ən yaxşı nümunəsini bir daha dünyaya bəyan etdi. Dekabrın 21-də Xankəndidə keçirilən “Qarabağ”-MOİK oyununda isə cənab Prezident bu barədə fikirlərini belə ifadə etdi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq, qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması, təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”.
    Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə “erməni Qarabağı”nın tarixinə son qoyuldu. Xarici oyunçuların bir çoxunun Azərbaycanın bu əraziyə nəzarəti güc hesabına bərpa etməsindən narazılığına baxmayaraq,  Qarabağın Azərbaycana mənsub olmasını heç kim danmır. Bu il sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etmək üçün keçirdiyi lokal xarakterli antiterror tədbirlərini beynəlxalq müstəviyə ölkəmiz əleyhinə çevrilmiş proseslər kimi təqdim etməyə çalışan, beynəlxalq hüquqa uyğun şəkildə görülən işləri Azərbaycanın həyata keçirdiyi “qanunsuz əməllər” kimi əks etdirməyə çalışan, nədənsə 30 il ərzində beynəlxalq hüququn bərpa olunmasına qarşı kar, kor və lal olan bəzi qüvvələrin indi birdən-birə Azərbaycana qarşı fəal mövqeyə keçib ölkəmizi ədalətsiz proses aparmaqla günahlandıran erməni havadarlarına isə Ali Baş Komandan olaraq ölkə başçısının dediyi sözlər və verdiyi açıq mesajlar, xüsusilə Şərqi Zəngəzurda olduqca qüdrətli və əzəmətli səsləndi. “Biz, nəticədə, harada istəsəydik, orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin” kimi əsl sərkərdə, Ali Baş Komandan açıqlaması bizim hərbi-siyasi gücümüzü, beynəlxalq müstəvidəki iradəmizi çox açıq və qətiyyətli şəkidə bütün dünyaya bəyan etməkdir. Bu bizim sözümüzə sadiqliyimizin, sülh tərəfdarı olduğumuzun və regionun gələcəyi üçün əhəmiyyətli işlər görmək istədiyimizin ən yaxşı təzahürü idi. 
    “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”, – deyən cənab İlham Əliyevin rəhbərliyi ilə hər gün, hər saat bu müqəddəs məqsədə çatmaq üçün atılan addımlar öz bəhrəsini verdi. Biz xoşbəxt nəsilik ki, canlı əfsanənin şahidi olduq: bu günü canlı yaşadıq və gördük. Müzəffər Sərkərdə 100 illik problemə – erməni separatizminə son qoydu. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atılıb. İndi bizim ayaq səslərimiz Xankəndidən gəlir. Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi kimi ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etdilər; Ölkə başçısının sözləri ilə desək: “Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq... Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
    “Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”, – deyən cənab Prezidentin oktyabrın 15-də və dekabrın 21-də Xankəndiyə tarixi səfərləri Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, prezidentliyinin 20 illiyinə ən layiqli töhfə, xalqın qarşısında verdiyi sözləri tutmasına ən yaxşı sübut, bu günə qədər görülən işlərin yekun hesabatı idi. Başqa sözlə desək: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax bu kadrlara yaxşı baxsın”.

    O çətin dövrlərdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərdi, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Biz Ümummilli Liderin 100 illiyini Onun siyasətinə, Onun tarixi irsinə hörmət göstərərək, Onun siyasətini davam etdirərək qeyd edirik. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir. “Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”.

 Məmməd BABAYEV

Nəşr edilib : 22.12.2023 17:49