AZ EN RU

Söz üstündə şam tək yanıb əriyən şair

    Hər kəsin həyatında mütləq ona köməklik edən, dəstək olan, ən azından imkan daxilində qarşılıqsız hörmət gördüyü yaxşı insanlar olub. Mən də həyatım boyu, xüsusilə poezi­ya yollarında həmişə yaxşı insanlara tuş gəlmişəm. İlk qələm təcrübələrimi hələ uşaq vaxtlarında, ötən əsrin 90-cı illərinin əvvəllərində kağıza köçürəndə evimizdə sözdən anlayan vardı. Atam həmişə yazdıqlarımın dəyərindən çox toxunduğum mövzuların mahiyyətini qiymətləndirməklə mənə qol-qanad verib. 1994-cü ildən isə Qubada türk liseyində oxuyanda məktəbimizdəki poezi­ya dərnəyinə sevimli şairimiz Ramiz Qusarçaylı rəhbərlik edib. Universitetin ilk iki kursunu isə Qazaxda oxumuşam. Burada da Barat Vüsal qarşıma çıxıb. 2000-ci ildən, Naxçıvan Dövlət Universitetinə köçürüləndən isə Asim Yadigarla qarşılaşmışam. Həmin vaxt bir qrupda oxuduğum tələbə yoldaşlarımdan biri də Asim Yadigarın qızı Günay xanım idi. Beləliklə də, Asim müəllimlə tanışlığım, ünsiyyətim, o vaxtdan bu günədək isə yaradıcı əlaqələrim, tale dostluğu yarandı. 

    Asim müəllim o vaxt Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Ədəbi-bədii verilişlər redaksiyasının baş redaktoru idi. İlk dəfə televiziya ekranlarına da Asim müəllimin sayəsində ayaq açdım. Yaxşı xatırlayıram, 5-6 şeirimi səsləndirdim, özüm haqqında danışdım. O görüşdən sonra şeirlərimə yüksək qiymət verən Asim Yadigar mənə ilk kitabımı çıxarmağı məsləhət gördü. Nəşriyyat, çap vərəqi, redaktor, korrektor sözlərini çox az hallarda eşitdiyim bir vaxtda şeir dəftərçəmi götürüb yollandım Asim müəllimin yanına. Elə onun ilk dəfə “Yolun uğurlu olsun” ön sözü ilə ədəbi ictimaiyyətə qədəm qoydum. 
    Bütün bunları yazmağıma səbəb Asim Yadigarın bu yaxınlarda, daha dəqiq desəm, yanvar ayının 5-də 70 yaşının tamam olmasıdır. Asim Yadigar 5 yanvar 1954-cü ildə dünyaya gəlib. Ömrünün daha bir yubileyini qeyd edən, hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, bütün bunların fövqündə isə dəyərli söz adamı, şair Asim Yadigar haqqında ürəyimdəki sözləri qələmə almaq keçdi könlümdən. 
    Bütün təyinlərdən əvvəl şair kimi xarakterizə etdiyimiz Asim Yadigar çoxşaxəli yaradıcılıq istiqamətində öz fəaliyyətini uğurla və məhsuldarlıqla davam etdirən qələm sahibidir. Şairliyindən ictimai fəaliyyətinə kimi, ailə başçısından birlik rəhbərinə kimi və bu şəkildə bir çox paralellikləri göstərə biləcəyimiz Asim Yadigar hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, vicdanla, milli təəssübkeşliklə, vətəndaş mövqeyi ilə daim seçilən söz adamıdır. Bütün bunların fonunda isə yəni onun çoxşaxəli yaradıcılığında bir istiqamət daha qabarıq şəkildə özünü büruzə verir. Bu da Asim müəllimin şairliyidir. Şair kimi yaradıcılığında lirik poeziya poemalarındakı epik şeirlə, dramaturgiyasındakı mənzum dramla, mətbuatdakı bədii publisistikası ilə müqayisədə bir neçə addım öndədir. Qısacası, cəmiyyət üçün Asim Yadigar lirik poeziyası ilə daha çox tanıdığımız və tanınan şair obrazındadır.
    Akademik İsa Həbibbəyli Asim Yadigar haqqındakı portret yazısının adını “Vətəndaşlıq mövqeyi, plyus lirizm” adlandırması da xarakterin bir sərlövhədə ümumiləşdirilməsi baxımından olduqca uğurlu səslənir. İsa müəllim çox haqlı olaraq yazır: “Azərbaycan şeirinin orta nəslinin tanınmış nümayəndələrindən biri olan Asim Yadigarın da şeirlərində mümkün olduqca vətəndaşlıq ruhu, ictimai və milli idealların poetik bədii vasitələrlə obrazlı şəkildə ifadə olunmasına ciddi fikir verilir. Daha doğrusu, Asim Yadigar şeirlərinin ictimai məzmununu lirikanın dili ilə ifadə etməyi əsas məqsəd kimi qəbul edib, yoluna davam edir”.
    Asim Yadigar yaxşı şair olmaqla yanaşı, yaxşı insan, yaxşı yolyoldaşı, sirdaşdır. 2022-ci ilin iyul ayında Şuşada keçirilən “Vaqif Poeziya Günləri”nə gedərkən də Asim müəllimlə yolyoldaşlığı etdik. Yuxarıda dediyim sözlərimi bu dəfə daha qətiyyətlə deyə bilərəm. Yollar insanları daha da doğmalaşdırırmış deyiminin arxasında yollarda yoldaşlıq edə bilməyin məsuliyyəti də var. 
    Məmməd İsmayılın yaddaşımda yurd salmış iki misrasını xatırlayıram:
    Şair ki sevilən şair olmadı,
    O, insan kimi də hörmətdən düşər.
    Asim Yadigar şeirləriylə ürəklərə yol tapmış şairlərdəndir. Onun şeirlərində poeziyamızın bir çox janrlarında qələmə alınmış o qədər gözəl nümunələr var ki, istər-istəməz ruhunu riqqətə gətirir, ovqatını təzələyir, oxuduğundan heyrətlənib yenidən oxumaq istəyirsən. 
    “Zirvə yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”, “Kalba Musa çeşməsi”, “Bahar”, “Bir ömrün nəğməsi”, “Sənətinin vurğunu”, “Bir nurlu heykəl yarat”, “O mənim ürəyim deyil”, “Xaqani” və ikicildlik “Seçilmiş əsərləri”ndən ibarət 14 kitabın müəllifi olan Asim Yadigar Naxçıvanda yaşasa da, sözüylə, şeirləriylə Azərbaycanı boydan-boya dolaşıb. Qonşu ölkələrdəki mötəbər kürsülərdən onun şeirləri ürəklərə yol tapa bilib. O həm də məhsuldar fəaliyyəti ilə seçilən biridir. 
    Asim müəllimin yazdığı şeirlər içərisində yaddaşımda həkk etdiyim bir çox nümunə var. Amma tarixçi alimə ünvanlanmış şeirində bir vətəndaş narahatlığını, milli təəssübkeşlik duyğusunu aydınca görmək olur:
    Xalqlar var qələmdən tutur qılınctək,
    Qələmlə döyüşüb zəfər çalırlar.
    Elə tarix yazır tarixyazanlar,
    Tarixin özünü çaşbaş salırlar.
    Bir bəndini nümunə gətirdiyim bu şeirdə şair nə qədər gözəl ifadə edib qələmin qüdrətini. Kimin qələm tutanı güclüdürsə, o xalqın tarixi də güclüdür ifadəsi, məncə, bütöv bir zamanın ifadəsidir. Və zaman bunu şairdən alacaq, xalq bunu şairdən alaraq özünün folklor genofonduna daxil edəcək, minilliklər boyu yaşadacaq. Atalar sözü, məsəllər səviyyəsində qoruyacaqdır. 
    Sözlərində öz kədərindən, sevincindən daha çox xalqının kədəri və sevinci duyulan şairin şeirlərində millət yanğılı, Vətən sevdalı, xalq eşqiylə döyünən çoxsaylı nümunələrə rast gəlirik.
    “Bir nağıl de”, “Səni döyüşə göndərirəm”, “Azərbaycan Bayrağı”, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq”, “Darıxan məzarlar”, “Vur, komandir, vur”, “Zəfər yolu”, “Fərhad oynayırdı Cıdır düzündə”, “Əsgərin” və bu qəbildən olan yüzlərlə şeirində Asim Yadigar təkcə şair deyil, həm də vətəndaşdı, əsgərdi, şəhiddi. 
    Asim müəllim bəzən bir misra üstündə ağlamağı bacaran şairdi. Sözün qədrini bilənlər, sözə tapınanlar, sözə xidmət edənlər nə o sözü dəyərdən düşməyə qoyarlar, nə də onu havayı sərf edərlər. Bu mənada, Asim Yadigar da sözə ən qiymətli varlığı kimi yanaşır. Ona görə də şeirlərinin birində deyir ki:
    Söz üstündə əriyirəm, yanıram şam tək,
    Elə bil ki, oturmuşam köz üstündə mən.
    Ağlayıram için-için, bir kimsə bilmir,
    Ağlayıram bircə misra, söz üstündə mən.
    Sözə bu cür həssas yanaşan şairin yaradıcılığında istədiyiniz qədər maraqlı şeirlərə rast gələ bilərsiniz. Belə ki, “Muğam”, “Qızımın “üsyanı”, “Mən böyük adamam”, “Özümlə söhbət”, “Darıxan məzarlar”, “Hər şeyin sonu var”, “Unut bu sevdanı”, “Bir damla yaş kimi” və sair şeirlərin siyahısını o qədər artırmaq olar ki... 
    Poeziya aşiqi, söz divanəsi Asim Yadigarın həm də qeyri-adi yaddaşı var. Onun hafizəsində xalqın söz xəzinəsinin yüzlərlə nümunəsindən əlavə, Xaqanidən, Nizamidən, Həsənoğludan, Nəsimidən, Füzulidən, Xətaidən, Vaqifdən, Dədə Ələsgərdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, ən müasir Azərbaycan poeziyasının dəyərli nümunələri, eləcə də Türkiyə və Şərq poeziyasının tanınmış onlarla şairinin, rus və dünya klassiklərinin yüzlərlə, yaddaşını silkələsən, bəlkə də, minlərlə nümunəsi hifz olunub. Bütün bunlarla yanaşı, o özünün qələmə aldığı, həcmcə kiçik, yaxud böyüklüyündən asılı olmayaraq, bütün nümunələrini əzbərdən bilir. Hətta bəzən şair dostlarının öz şeirlərini söyləyərkən unutduqları misraları Asim müəllim onlara xatırladır. 
    Bu gün də təkcə şair və yazıçılar yox, bəzən ayrı-ayrı sahələrdə çalışan ziyalılar belə hər hansı bir misrada, şeirdə dara düşəndə mütləq Asim müəllimin zəngin yaddaşına üz tuturlar. 
    İnsan arzuları qətiyyən tükənmir. Asim müəllimin də hələ arzusunda olduğu çox şeylərin var olduğuna əminəm. Bu mənada, mən Asim Yadigarı 70 illik yubileyi münasibətilə təbrik edirəm. Sizə uca Tanrıdan uzun və sağlam bir ömür arzulayıram. Bir də ki, şair qəlbi kövrək olur, – deyirlər. “Qurd oğlu, qurd olasan gərək bu zəmanədə, yaşamaz canım, gözüm, çiçək bu zəmanədə” desəniz də, nə qədər ki, şairlər var, ürəklərə yol tapan şeirlər var, o şeirlərdə hələ çox çiçəklər ətrafa gözəllik bəxş edəcək. 

Elxan YURDOĞLU 

Nəşr edilib : 07.01.2024 22:07