AZ EN RU

Söz dünyasının lövbər adamı – Mahirə Nağıqızı

    Mahirə Nağı qızı Hüseynova həm gözəl pedaqoq, həm istedadlı şairə, həm də vətənpərvər ziyalı, zəhmətkeş alimdir. Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Mahirə Hüseynova Azərbaycanın ziyalılar yurdu olan Naxçıvanda, Kəngərli rayonunun Sust kəndində dünyaya göz açıb. Gözəl bir pedaqoq kimi “İlin ən yaxşı müəllimi” adını alıb, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Alim kimi ana dilimizin tədqiqi sahəsində çoxsaylı qiymətli əsərlər ərsəyə gətirib. Elm sahəsindəki xidmətlərinə görə “İlin alimi” media mükafatını alıb. Çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə xanım, öz sözləri ilə desək, “öyrədənlərin öyrədənidir”.

    Mahirə xanım Azərbaycan elminin inkişafına xidmət edən sanballı alimlərdən biridir. Onun dilçilik sahəsində apardığı tədqiqatlar və çap etdirdiyi əsərlər mühüm yenilikləri və verdiyi töhfələri ilə səciyyəvidir. Alimin 2012-ci ildə uğurla müdafiə etdiyi “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda dissertasiya işi ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Alimin müxtəlif mövzuları əhatə edən 26 kitab, monoqrafiya, dərslik, metodiki vəsait və sair kimi əsərləri onun yaradıcılıq əhatəsini və elmi maraq dairəsini təzahür etdirir. “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (S.Sadiqova ilə birlikdə) kimi əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri milli düşüncəli alim baxışı ilə əhatəli şəkildə təqdim olunmuşdur. M.Hüseynovanın böyük zəhmətlə ərsəyə gətirdiyi “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri”, “Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” kimi əsərlərində Azərbaycan elminin üç ağır sütununu təşkil edən görkəmli alimlərimiz və onların elmimizi zənginləşdirən yaradıcı fəaliyyətlərindən bəhs edilmişdir. Müəllimimiz və görkəmli alimimiz olan Mahirə xanım Hüseynovanın elmi-tədqiqat və yaradıcılıq əhatəsi daha da genişlənərək Azərbaycan dilçiliyinin ən aktual, problematik sahə və məsələlərini əhatə etmiş, çoxsaylı elmi əsərlərin ərsəyə gəlməsi ilə nəticələnmişdir. “Aşıq və el şairlərinin fonopoetikası”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin leksikası”, “Aşıq və el şairlərinin poetikası”, “Üslubi morfologiya”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” və çoxsaylı əsərləri elmimizə qazandırdığı töhfələri ilə diqqəti cəlb etməkdədir. Alim çox məharətlə Azərbaycan xalqının bütün mənəvi mədəniyyəti, dəyərləri və mirasını qarşılıqlı elmi-tədqiqat müstəvisində birləşdirmiş, olduqca ciddi əhəmiyyət kəsb edən nəticələrlə zəngin monoqrafiyalar ortaya qoymuşdur. Əslən Qərbi Azərbaycanımızdan olan tanınmış elm adamı bölgənin folklor, aşıq mühiti, el sənətkarlarının yaradıcılığı zəminində ana dilimizin bir sıra məsələlərini ədəbi dil tədqiqatları ilə bir məntiq müstəvisində bağlamağa nail olmuşdur.
    Mahirə Nağıqızı həm də istedadlı, təbli bir şairədir. Elmi səriştəsi ilə sənətkarlıq səriştəsi bir-birini tamamlayaraq onu ustad şairə kimi söz aləminə tanıtmış, yaradıcılığını akademik İsa Həbibbəylinin təbirincə desək,  “haqqa çağıran söz” olaraq yoğurmuşdur. Şairə “Mənim anam”, “Yaşadacaq anam məni”, “Ana kəndim Xalxalım”, “Sözün hikməti”, “Analı dünyam”, “Haqqa çağıran səs”, “Bayatılar”, “Vətəndir” bədii yaradıcılıq əsərləri, şeir kitabları ilə geniş oxucu kütləsi tərəfindən sevilmişdir. Mahirə Nağıqızı bir şairə kimi istedadla ərsəyə gətirdiyi əsərlərinə görə “Qızıl qələm” mükafatı almışdır.
    Söz var su kimidir, lətafəti ilə, şırıltısı ilə axıb insanı özünə məftun edir, söz var daş kimidir, qaya ağırlığı daşıyır. Müasir ədəbi prosesdə öz qələmi və imzası ilə tanınmış Mahirə Nağıqızının şeiriyyəti də məhz belədir: bəzən su kimi axıcı, bəzən də daş kimi ağır. Mahirə Nağıqızının qəlbinin zənginliyi, ruhunun dərinliyi, sözünün qüvvəti və əlvanlığı, məhəbbətinin məğzi ilə sözündə, bədii irsində əksini tapıb. Şairə Mahirə Nağıqızının yaradıcılığı üslub püxtəliyi, ifadə gözəlliyi, dil zənginliyi baxımından da özünəməxsus və mahiranədir. Şairənin bədii irsində ana mövzusu başlıca yerdə gəlir, hər sözünün başında durur, yaradıcılığında əzəmətli bir obraz kimi canlanır. İstər Vətən, istərsə də bizi dünyaya gətirən və Vətənlə bağlayan ana məhəbbəti bu yaradıcılığın fövqündə dayanır:

        Atamla yanaşı daş qaldırardı,
        Deyərdi bu  daşlar ocaq daşıdı.
        Bezmədi, qəlbində nə gücü vardı,
        Anam sinəsində ocaq daşıdı.

    Şairə ana məhəbbətindən, ana nəvazişindən məharətlə söz açır. Bütün analarımızın simasını, həyatını və sair şair yaratdığı möhtəşəm və əzəmətli ana obrazında canlandırıb. “Çöllərdə yavanlıq axtaran”, “daş əlləri ilə özünə sığal verməyə utanan və bu sığala yadırğayan”, “bütün gəlinliyini corab toxuyub, paltar yamayıb, çörək bişirib, ev təmizləyən”, “daşı daş üstə qoyub, amma ürəyindən daş asmayan” əzəmətli, fədakar bir ANA obrazı, siması canlandırılıb misra-misra, söz-söz.
       Hər əldə bir ayrı dad olduğu kimi, hər qələmdə də bir ayrı məharət var. Hər qələm öz qəlbinin, hissinin söz duyumu və dadını vərəqlərə tökür. Mahirə Nağıqızının şeiriyyətinin elə bir mərhəmliyi, məlhəmliyi, qəlbə yaxınlığı var ki, bu qədər cana yaxınlığın sirri  haqqında düşünməyə bilmirsən. Mahirə xanımın şeir dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən məharətlə istifadə edilmişdir. Şair şeirlərindən birində yazır:

        Bitər sərhədlərin bu yer üzündə,
        Qəlbimdə sərhədin nədən bitmədi?
        Gəmisən, üzürsən eşq dənizimdə,
        Sənə məhəbbətim, Vətən, bitmədi.

    Vətənə məhəbbətin min-min sözdə ifadə tapdığı eyniyyətin orijinal, bənzərsiz bir nümunəsi qarşımızda dayanıb. Vətən siyasi cəhətdən konkret sərhədlərlə yer tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən və ona məhəbbət sonsuz, sərhədsizdir. Mahirə Nağıqızı  böyük sənətkarlıq məharətilə obrazlı ifadələrini ən orijinal, özünəməxsus ifadə tapıntıları ilə əks etdirməyə müvəffəq olub. Dərin bir qəlb göynərtisi ilə yazılan “Şəhid nəğməsi” şeirində ürək sızıltısı ilə milli qürur bir-birinə yovuşuq təzahür tapıb:

        Burdan yavaş gedin, astadan keçin,
        Qəbirlər titrəyər, daş dinə bilər.
        Bir güllə gücünə sakit olanlar,
        Bir addım səsinə diksinə bilər.

    Mahirə Nağıqızı şəhidləri “sağlığında döyüşən əsgər”, məzarlarını isə “Vətənin istehkamı” adlandırır.
    O, “Şəhid nəğməsi”, “Son döyüşə hazır ol”, “Al bayrağım” və sair şeirlərində Vətən məhəbbəti, qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik hisslərini ülviləşdirərək ifadə edir. “Son döyüşə hazır ol” şeirində hələ 44 günlük Vətən müharibəsindən, şanlı Zəfərimizdən əvvəl hamı kimi özünün torpaqlarımızın işğaldan azad edilməsi haqqında arzularını dilə gətirib, bu döyüşü son döyüş, Şuşaya olan səfəri müqəddəs pirimizlə görüş adlandırıb:

    Azərbaycan əsgəri, yolun Şuşaya gedər,
    O yürüşün naminə son döyüşə hazır ol!
    İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,
    Pir görüşün naminə, son döyüşə hazır ol!

    Bayraq mövzusunda yazılan çoxsaylı şeirlər içərisində Mahirə xanım “Al bayrağım” adlı şeirində milli bayrağımızın rənglərini ruhumuzun rəng çaları kimi xarakterizə etməklə bərabər, ruhumuzu üçrəngli uca bayrağımızın dirəyi adlandırır:

    Min illərdir, içimiz rənglərini göyərdir,
    Yaşamaq haqqımızın əbədi rəmzisən bir.
    Ruhumuz-qəlbimizdə asılan dirəyindir,
    O dirəkdə uca dur, qal, bayrağım, dalğalan!

    Ümumiyyətlə, Mahirə Nağıqızı şeiriyyət dilinə çox məsuliyyətlə yanaşmış, ana dilinin bütün imkanlarından məharətlə faydalanmış, orijinal bədii məcazlar ortaya qoymuşdur. Onun yaradıcılığındakı Vətən sevgisi təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun doğma, şirin dili ilə, onun şəhdi-şəkəri, imkanlarından uğurla, məharətlə istifadə ilə nümayiş etdirilir. Müəllif çox təsiredici və orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər işlətməklə şeiriyyətini əlvanlaşdırır, gözəlləşdirir və məna, hikmət verir. “Nazlı, nazlı”, “Niyə?”, “Əllərin”, “Qəlbində bir yuvam olsa”, “Gözəl”, “Həmən yol” və digər şeirlərində, sözün əsl mənasında, ustalıqla qurulmuş söz oyunu və məharətli dil istifadəsini görmək mümkündür. Həm də ayrıca bir bədii məziyyət burasındadır ki, istedadlı müəllif həm estetik cəhətdən gözəl, mükəmməl söz zənginliyi yaratmış, həm də mənaca dərin, hikmətli, yüksək obrazlılığa malik fikirlər ifadə etməyə müvəffəq olmuşdur.         
    Elə buna görədir ki, onun yaradıcılığı, üslubu, dili, eləcə də bədii-estetik cəhətdən mükəmməl əsərləri bir çox bəstəkarlarımızın da diqqətini cəlb etmiş, əsərlərinə nə qədər gözəl mahnılar bəstələnmişdir. “Azərbaycana”, “Azərbaycan”, “Ata Heydər, oğul İlham”, “Vətən”, “Layla çal, yatım, ana”, “Ana”, “Ay ana”, “Dolanım”, “Balam” və başqaları bu gün də sevilə-sevilə dinlənilən ən gözəl mahnılarımızdandır.
    Ədəbiyyatın ən başlıca mövzularından birini təşkil edən məhəbbət mövzusunda Mahirə Nağıqızının da çox orijinal nümunələri yer alıb. Yeni dövrün ədəbiyyat-şeir yolçularından olan istedadlı şair Mahirə Nağıqızının özü demiş, “dərdilə bəxtəvər adam”, sözün ucalığına doğru yol gedən söz adamıdır. Necə deyərlər, “Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”… Mahirə xanım haqqında gözəl sözlərini yazmış filologiya elmləri doktoru Qurban Bayramovun qeyd etdiyi kimi, “Mahirə Nağıqızı Hüseynova bir alim, bir şair, bir pedaqoq kimi qazandığı bütün statuslar onun halal-hümmət haqqıdır, halal şərəfidir, halal şöhrətidir”.

Zülfiyyə İSMAYIL, 
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin dosentləri

Nəşr edilib : 24.05.2023 18:54