AZ EN RU

Soyuducu anbarlar ərzaq təchizatında vacib amillərdəndir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda sosial-iqtisadi inkişaf istiqamətində 11 prioritet özünə yer alıb. 
    Məlumdur ki, kənd təsərrüfatı iqtisadiyyatın ən aparıcı sahələrindən biridir və muxtar respublikanın coğrafi iqlim şəraiti, məhsuldar və münbit torpağı hələ qədim zamanlardan burada adıçəkilən sahə insanların daimi məşğuliyyətinə çevrilib. Dövlət Proqramı isə torpaq mülkiyyətçilərinə, fiziki şəxslərə, sahibkarlara daha böyük uğurlar vəd edir. Unutmayaq ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin üzərinə mühüm vəzifələr düşür. Bunun üçün yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi günün tələbidir. Bu mənada, muxtar respublikada soyuducu anbarlara olan tələbatı ödəmək üçün görülən işlər öz bəhrələrini verməkdədir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Məlumat verildi ki, soyuducu anbarların yaradılması istehlakçıları qış dövründə müxtəlif ərzaq məhsulları ilə təmin etmək istiqamətində başlıca amillərdən biridir. Həmçinin bu anbarların hər biri yeni iş yerlərinin açılması deməkdir. 
    Onu da öyrəndik ki, sahibkarlığın inkişafına verilən dəstək, güzəştli kreditlər və şəxsi vəsaitlər hesabına bu gün muxtar respublikamızda soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 22880 tona çatdırılıb. Hazırda Naxçıvanda dövlət maliyyə dəstəyi ilə yaradılmış, bilavasitə istehsalçıların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi üçün tutumu 15550 ton olan ixtisaslaşdırılmış soyuducu anbar və sahibkarlıq subyektlərinin öz istehsal məhsullarının saxlanması üzrə tutumu 7330 ton olan digər təyinatlı ərzaq məhsulları üçün anbarlar mövcuddur. 
    Biz də bununla bağlı “Şərq qapısı” olaraq bu günlərdə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən soyuducu anbarların fəaliyyətini izləmək qərarına gəldik. İlk olaraq Şərur rayonuna üz tutduq. Məlumat üçün bildirək ki, bu bölgədə 30-dək müxtəliftutumlu soyuducu anbar sahibkarların, torpaq mülkiyyətçilərinin və fiziki şəxslərin istifadəsindədir. Onlardan biri də rayonun Məmmədsabir kəndində fəaliyyət göstərən Yusif Quliyevə məxsus olan “Yusifoğlu” soyuducu anbarıdır. Anbar 2009-cu ildə fəaliyyətə başlayıb. Yusif Quliyevin sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondundan kredit götürərək 330 tonluq anbarı bir qədər genişləndirərək 540 ton tutuma çatdırıb. Bununla kifayətlənməyən sahibkar anbarın yerləşdiyi ərazidə 2 hektar bağ salıb, burada əkilmiş cəviz, fındıq, alma ağacları artıq məhsul verir. Həmin məhsullar, əsasən, həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına və mövsümi müxtəlif festivallara çıxarılır. Orqanik olan bu məhsulların, hətta Bakı şəhərində də alıcıları var. Yusif Quliyev anbarın yerləşdiyi ərazidə həm də 2100 kvadratmetr sahədə istilikxana inşa etdirib. Burada tərəvəz yetişdirilir. Şərurlular ilboyu bu tərəvəzlərdən istifadə edirlər. Həmin ərazidə           5 hektar sahədə kartof əkini həyata keçirilib, yüksək məhsuldarlığa nail olunub. Sahibkar Yusif Quliyevin daha bir layihəsi ərazidə 0,4 hektar sahədə ailəvi istirahət mərkəzinin inşasına başlanılmasıdır. Şərur kimi böyük bir rayonda belə istirahət mərkəzinin yaradılması ömrünü torpağa bağlamış insanların, gənclərin, ağsaqqalların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi daşıdığından bu layihə bölgə sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Biz də arzulayırıq ki, sahibkarın bundan əvvəlki layihələri kimi bu layihəsi də ona uğurlar gətirsin. Bu məqamda həm istehsal sahələrinin, həm də soyuducu anbar bir neçə nəfərin məşğulluğuna şərait yaratması da xüsusi vurğulanmalıdır. 
    Gəldiyimiz qənaət belə oldu ki, şərait yaradılan hər bir işdə uğur qazanmaq çətin deyil. Elə adıçəkilən Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında özünə yer almış və görüləcək digər işlər bu qənaətimizi bir daha gücləndirməklə ona əminlik yaradır ki, qədim diyarımızın sakinləri ilboyu özümüzün istehsal etdiyimiz kənd təsərrüfatı məhsulları ilə təmin olunacaqlar.

 Muxtar MƏMMƏDOV

Nəşr edilib : 02.11.2023 20:20