AZ EN RU

Soyqırımı tariximiz - faciələrlə dolu qan yaddaşımız

    Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələr, faciələr, misligörünməmiş soyqırımlar yazılıb. 31 mart soyqırımı, 20 Yanvar, Xocalı faciələri, Qaradağlı soyqırımı və digərləri erməni faşizminin gerçək üzünü göstərən fakt, Türk dünyası və bəşəriyyət əleyhinə törədilmiş cinayətlərdir. Soyqırımı tariximiz haqqında Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayevlə  həmsöhbət olduq. 

    Abdulla müəllim bildirdi ki, Azərbaycan xalqının qan yaddaşına daxil olmuş faciələrin hamısı öz kökü etibarilə vaxtilə Osmanlı imperiyasını bölüşdürmək məqsədilə ortaya atılmış uydurma “erməni soyqırımı” ilə birbaşa bağlıdır. Belə ki, XIX əsrin əvvəllərindən çar Rusiyasının köməkliyi və himayəsi altında Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər Osmanlı torpaqlarında özlərinin dövlətlərini yaratmağın mümkünsüzlüyünü yəqin etdikdən sonra Azərbaycan torpaqlarında bu niyyətlərini reallaşdırmağa çalışmış və təəssüflər olsun ki, buna nail ola bilmişlər. Ermənilər bu xülyalarını həyata keçirmək məqsədilə XX əsrin əvvəllərindən başlayaraq əsrin sonlarına qədər müxtəlif mərhələlərdə xalqımıza qarşı qanlı qırğınlar həyata keçirmişlər. İstər 1905-1907-ci illərdə, istər 1918-1920-ci illərdə, istərsə də 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti gerçəkləşmiş, XX əsrin 20-30-cu illərində repressiya siyasətinin ən ağır forması Azərbaycanda həyata keçirilmiş, 1948-1953-cü illərdə SSRİ səviyyəsində 150 min nəfərdən artıq soydaşımız indi Ermənistan adlandırılan Qərbi Azərbaycandakı öz tarixi-etnik torpaqlarından deportasiyaya məruz qalmışdı. Tam əminliklə və qətiyyətlə demək olar ki, keçmiş sovetlər birliyinə daxil olan müttəfiq respublikalar içərisində heç bir respublika Azərbaycan xalqı qədər soyqırımına, deportasiyaya, repressiyaya məruz qalmamış, torpaqları zəbt edilərək başqa bir müttəfiq respublikaya verilməmişdir.

    Zəngəzurun işğalının Naxçıvanın taleyində rolu barədə danışan Abdulla müəllim deyir: – Aprel çevrilişindən sonra Zəngəzurun işğalına nail olan ermənilər az sonra SSRİ-nin yaranması ilə sovet hökumətinin himayəsi altında heç bir əsas olmadan Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkilinə nail oldular. Baxmayaraq ki, Ermənistan ərazisində azərbaycanlılar çoxluq təşkil edirdilər, onlar bu cür muxtariyyətə malik deyildilər. Bütün bunlardan şirnikləşən ermənilər hissə-hissə torpaqlarımızı ələ keçirirdilər. Bunun bariz nümunələrindən biri də sovet hökumətinin beynəlxalq Qars müqaviləsinin şərtlərini heçə sayaraq Naxçıvanın doqquz kəndinin 1928-ci ildə Ermənistana verilməsi idi. Bütün bunlar onun göstəricisi idi ki, sovet hökuməti beynəlxalq sülh müqavilələrinin şərtlərinə və müttəfiqlik haqqında SSRİ qanunlarına hörmət göstərməyərək Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini genişləndirməyə çalışırdı. Nəhayət, XX əsrin sonlarında sovetlər birliyinin dağılması ilə yaranmış şəraitdən istifadə edən ermənilər növbəti dəfə Azərbaycana qarşı ərazi iddiaları qaldırmış, bu dəfə Dağlıq Qarabağ və Naxçıvanı Ermənistana birləşdirmək məqsədilə fəaliyyətə başlamışlar. Ermənistan ərazisində yaşayan 250 min nəfərdən artıq azərbaycanlının vəhşicəsinə qovulması, 216 azərbaycanlının öldürülməsi ilə müşayiət olunan son mərhələ qısa zamanda başa çatdıqdan sonra ermənilər Dağlıq Qarabağ və ətraf rayonların işğalı prosesini gerçəkləşdirməyə başladılar. 1988-ci ilin dekabr ayında Ermənistanda baş verən zəlzələdən sonra dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan ən müasir silahlar əldə edən ermənilər silahlı dəstələr yaradaraq azərbaycanlıların öldürülməsinə, doğma yurd-yuvalarından qovulmasına başladılar. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycan daxilində iqtidarla müxalifət arasında olan ixtilaflar da ermənilərin bu niyyətlərini həyata keçirmələrinə imkan və şərait yaratdı.
    Abdulla müəllim ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən qanlı cinayətlərdən biri, əsrin faciəsi hesab olunan Xocalı faciəsi haqqında danışaraq qeyd etdi ki, bu faciə azərbaycanlı əhaliyə qarşı tətbiq edilmiş faciələrin ən dəhşətlisi idi. XX əsrin sonlarında “dünyanın demokratik dövlətləri”nin gözləri qarşısında xalqımıza qarşı bəşəri cinayət törədildi. Lakin Xocalı faciəsinə qədər də xalqımız bir sıra dəhşətli faciələr yaşamalı olmuşdur.
    XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan daxilində yaranmış hakimiyyət böhranı getdikcə dərinləşməyə başlamış, hakimiyyətdə olanlar ölkəni idarə etmək qabiliyyətini tamamilə itirmişdi. Yaranmış belə bir vəziyyətdən bir tərəfdən müxalifət istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışır, digər tərəfdən isə Rusiyanın bölgədə olan hərbi hissələrinin köməyindən istifadə edən erməni quldur dəstələri ərazilərimizi işğal edir, əhalini öldürür, evlərindən qovurdular. Belə ki, erməni quldurları yanvarın 15-də Kərkicahanı, fevralın 10-da Malıbəyli və Quşçular kəndlərini ələ keçirərək Xocalıya və Şuşaya gedən yolu nəzarət altına almağa çalışırdılar. Şuşa şəhərini mühasirə vəziyyətindən xilas etmək üçün ordumuzun həyata keçirdiyi və 33 nəfərin ölümü, 34 nəfərin itkin düşməsi, 36 nəfərin yaralanması ilə nəticələnmiş Daşaltı əməliyyatı uğursuzluqla nəticələnmişdi. Bundan sonra ermənilər xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Qaradağlı faciəsini həyata keçirmişdilər. Beləliklə, Xocavənd, Malıbəyli, Kərkicahan kəndlərinin işğalından sonra növbəti hədəf Qaradağlı kəndini ələ keçirmək idi. Getdikcə kənddə vəziyyətin pisləşməsi, istər sovet rəhbərliyinin, istərsə də Azərbaycan rəhbərliyinin hadisələrə biganə qalması hələ neçə-neçə faciələrimizin gözlənildiyindən xəbər verirdi.
    Müsahibim vurğuladı ki, ermənilərin torpaqlarımıza qarşı iddialar qaldırması ilə eyni vaxtda digər kəndlərimiz kimi, Qaradağlı kəndinin də faciəli günlərinin başlanğıcı qoyulub: – Hələ 1990-cı il noyabr ayının 24-də kəndin üç  sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, 1991-ci il yanvarın 9-da isə üç nəfər sakin ermənilərin açdığı atəş nəticəsində öldürülmüş, martın 8-də daha 2 sakin kənd yaxınlığında düşmən tərəfindən qətlə yetirilmiş, iyunun 28-də 6 nəfər yenə də diri-diri yandırılmış, sentyabrın 8-də kəndə məxsus avtobusun atəşə tutulması nəticəsində avtobusda olan 40 nəfərdən 8-i düşmən gülləsinə tuş gəlmişdir. Bunların sayını artırmaq olar.  Erməni quldur dəstələri fevral ayının 14-də keçmiş SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən, fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verəcək əsrin faciəsində iştirak edəcək 366-cı motoatıcı alayın hərbi qüvvələrinin və bu hərbi hissəyə məxsus olan texnikanın köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndi üzərinə hücuma keçdilər. Öz adını Cənubi Azərbaycan ərazisində olan Qaradağ mahalının adından götürən, mənşəcə qızılbaşların Qaradağlı tayfasının burada məskunlaşması nəticəsində yaranmış kəndin əhalisi mənfur düşmənə qarşı çox mərdliklə müqavimət göstərmiş, lakin qeyri-bərabər döyüş düşmənin fevral ayının 17-də kəndi ələ keçirməsi ilə nəticələnmişdir. Xocavənd rayonunun ən qədim yaşayış məskənlərindən biri olan Qaradağlı kəndi ermənilər tərəfindən mühasirəyə alınmasına baxmayaraq, dörd il ərzində mənfur düşmənə qarşı qəhrəmancasına mübarizə aparmış, düşmənə qarşı qeyri-bərabər döyüşlərdə şəhidlər vermişdir. Kənd uğrunda gedən qanlı döyüşlərdə 77 nəfər kənd sakini qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Kəndin işğal edilməsi ilə 118 nəfəri əsir alan düşmən onlardan 101 nəfərini vəhşicəsinə qətlə yetirmişdir. Ələ keçirilən əsirlərin əksəriyyəti canlı şəkildə silos quyularında basdırılmışdır. 21 nəfər ahıl və qoca, 10 qadın, 8 məktəbli erməni vəhşiliyinin qurbanı olmuşdur. Kəndin “Bəylik” adlanan yerində 23 kənd sakini güllələnərək öldürülmüşdür. Ermənilərin kəndi işğal etmələri nəticəsində 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 nəfərlik orta məktəb, 26 çarpayılıq xəstəxana və  800-dən çox kənd sakini öz doğma torpaqlarında 30 ilə yaxın köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Xocalı və digər faciələrimizdə olduğu kimi, Qaradağlı faciəsində də insanlar xüsusi qəddarlıqla öldürülmüşdü. Beləliklə, 1992-ci il fevralın 17-də ələ keçirilən Qaradağlı kəndi digər yaşayış məntəqələrimiz kimi, ermənilər tərəfindən yandırılaraq yer üzündən silinmişdir. Qaradağlı faciəsindən az sonra insanlıq tarixində oxşarı olmayan və tarixə “əsrin faciəsi” kimi düşmüş Xocalı faciəsi baş vermişdir. 
    Abdulla müəllim qeyd etdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra başımıza gətirilən faciələrin araşdırılması istiqamətində mühüm addımlar atılmış,  digər faciələrimiz kimi, Qaradağlı faciəsinin də beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə bu barədə film çəkilmiş və bir sıra tədbirlər həyata keçirilmişdir. 2008-ci il oktyabr ayının 8-də Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşması məqsədilə salınmış yeni qəsəbənin açılışında çıxış edən Prezident cənab İlham Əliyev Qaradağlı faciəsinin tanıdılması istiqamətində verdiyi tapşırıqdan sonra bu sahədə fəaliyyət xüsusilə artırılmış, qısa zamanda “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir”, “Qaradağlı Mübarizə” filmləri çəkilərək Azərbaycan, ingilis və rus dillərində ictimaiyyətə təqdim olunmuş, “Qaradağlı soyqırımı: Şahidlərin dili ilə” kitabı nəşr olunmuşdur. Hər il Qaradağlı kəndində baş verən faciənin və əsrin faciəsi – Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır. Müstəqil Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Şanlı Zəfər həm də xalqımızın tarixboyu məruz qaldığı soyqırımı qurbanlarının qisasının döyüş meydanında alınması ilə milli tariximizə əbədi həkk olundu. 

    Bəli, 44 günlük şanlı Vətən müharibəsində qüdrətli ordumuz düşmən üzərində Qələbə çaldı, tarixi ədaləti bərpa etdi, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı, ərazi bütövlüyümüz bərpa olundu. Ölkə başçısı Prezident cənab İlham Əliyev 2020-ci ildə Ağdama səfəri zamanı demişdi: “Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik, onları qabağımızda diz çökdürmüşük… Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!” Bu gün “Qarabağda erməni  hərəkatının 35 illiyi” ilə bağlı çıxışlar edən Ermənistan hökuməti və ermənilər unutmasınlar ki,  bu hərəkat yalnız  qan tökülməsinə, dağıntılara səbəb olub, lakin qarşısına qoyduğu  hədəfə heç vaxt çata bilməyib. Ermənistan törətdiyi hər bir müharibə cinayətinə görə cavab verməyə gec-tez məhkum olacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 22.02.2023 20:30