AZ EN RU

Soyqırımı qurbanları ehtiramla yad edilib

Yeni Azərbaycan Partiyası Culfa rayon Təşkilatının təşkilatçılığı ilə Yaycı kəndində Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçılar əvvəlcə Yaycı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında abadlıq işləri aparıb, yeni tinglər əkib, suvarma işləri həyata keçirib, abidə önünə gül dəstələri qoyaraq soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra kənd mərkəzində davam edən tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək bildirib ki,  təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı 200 ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarların köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi. Məhz bu səbəbdən 1918-ci ilin mart hadisələrində hədsiz sayda azərbaycanlı erməni zülmünün qurbanı olub. Bu hadisələr zamanı ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçmədi. Ermənilərin Naxçıvana hücumu həmin ilin iyun ayına təsadüf edir. Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kənddə, Cəhri, Sirab, Nehrəm, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Nursu, Kolanı, Mahmudoba, Tumbul və onlarla başqa yaşayış məntəqələrinə hücum edən ermənilərə Andronik adlı erməni cəlladının başçılıq etdiyi göstərilir. Rayonumuzun ən böyük yaşayış məskəni olan Yaycı kəndi də erməni daşnaklarının hücumuna, əhalisi soyqırımına məruz qalmışdır. Həmin vaxt 4 minə yaxın əhalisi olan Yaycı kəndi yerlə-yeksan edilmiş, kənd əhalisinin 2000-2500 nəfəri qətlə yetirilmiş və minlərlə Yaycı sakini – uşaq, qadın, qoca erməni quldurlarından canlarını qurtarmaq istəyərkən yollarda öldürülmüşlər. Əbrəqunus, Qazançı, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədən ermənilər Ordubada doğru irəliləyərək orada da minlərlə günahsız insanı qətlə yetirmişlər.

Qeyd olunmuşdur ki, bu qanlı faciələrin mahiyyəti yalnız Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndərimizin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il respublikamızda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir.

Sonra çıxışlar olmuş, Yаycı kənd 1 və 2 nömrəli tаm оrtа məktəblərin şаgirdləri sоyqırımına aid şeirlər söyləmişlər.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.03.2023 16:14