AZ EN RU

Soyqırımı faciəsi – qisası döyüş meydanında alınan tarix

Estafet

    Mart Azərbaycan xalqının milli bayramı olan Novruzun gəlişi ayıdır. Hamı bu ayı böyük həvəslə, yeni ümidlərlə, xoş arzularla gözləyir. 1918 -ci ilin baharını da Azərbaycan xalqı sıxıntılardan qurtulmaq, daha xoşbəxt həyat arzusu ilə gözləyirdi. Xalqımız elliklə qışın başa çatması, yazın gəlişinin sevinci içində idi. Lakin bu, uzun sürmədi. “Mart çıxdı, dərd çıxdı”, – deyən xalqımız hələ martın son günündə qarşılaşacaqları qanlı oyunlardan xəbərsiz idilər. Kim bilərdi ki, xoş niyyətli bu xalqın qara bəxtinə nələr yazılıb, ozamankı bolşeviklərin və daşnakların acgözlüyü Azərbaycan xalqına nələr yaşadacaq. Qoynunda çıxan qara qızıla görə qürurlanan Xəzər dənizi də sanki olacaqları duymuşdu. Ona görə də elə bil mazut yerinə qan qoxusu gəlirdi dənizdən. 1918-ci ilin martında xalqın bütün arzuları bir güzgü kimi yerə düşərək çilik-çilik oldu. Həmin ilin mart ayı bir xalqın tarixə düşən qara bayramına çevrildi. Bunun səbəbi isə Rusiya bolşeviklərinin işğalçılıq siyasəti olan bütün Qafqaz xalqlarını birləşdirmək arzusuna qarşı Azərbaycan xalqının istiqlaliyyət istəməsi idi. Məhz buna görə də V.İ.Lenin başda olmaqla bolşevik Rusiyası bütün Azərbaycanda hakimiyyəti ələ keçirmək siyasəti yeridirdi. Bu məqsədlə Rusiya Xalq Komissarları Soveti (XKS) S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Beləcə,  Azərbaycanda güclənməkdə olan milli dirçəliş və milli azadlıq hərəkatını beşikdə ikən boğmaq üçün Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın göstərişi ilə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildi. Hətta bu qırğınlara ciddi hazırlaşan S.Şaumyan İ.Stalinə məktub yazaraq Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili sürətdə 10 milyon rubl göndərilməsini xahiş etmişdi. İstəyi nəzərə alan Moskva ermənilərə böyük maddi-mənəvi dəstəyi əsirgəmədi. Çünki əvvəlcədən planlaşdırılan bu soyqırımında bolşeviklərin zərbə qüvvəsini “daşnaksütyun” təşkil edirdi. Buna görə də S. Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirilirdi. Həmçinin Şaumyanın yaratdığı Qırmızı ordunun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən təşkil olunmuşdu.
    Martın 30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlman türklərə ilk atəşi açırlar və onlara qarşı soyqırımına başlayırlar. Martın 31-də isə səhər tezdən bolşevik -daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum edirlər. S.Şaumyanın xahişi və V.İ.Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən iki təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin müsəlman türkləri yaşayan digər məhəllələrini bombalamağa başlayırlar. Martın 31-də səhərin sübh çağında erməni hərbi quldur dəstələrinin başçıları və silahlanmış erməni “ziyalıları” təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərilir. Burada onların törətdikləri vəhşiliklər işıqlandırılmasın deyə bu quldur dəstələri bir çox qəzetlərin mətbəəsini yandırmışdılar. İnsan qanına susayan cəlladların cinayətləri bununla kifayətlənmirdi. Daha sonra bu soyqırımı Şamaxı, Quba, Qarabağ bölgəsi, Zəngəzur, Naxçıvan, Lənkəran və Gəncədə də davam etdi. Şəhər və kəndlərimiz yandırıldı, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edildi.
    1918-ci ildə müsəlman türklərinə qarşı törətdikləri soyqırımda ermənilər  unutmuşdular ki, həqiqət günəşini şərin zülməti söndürə bilməz. Ötən əsrin sonlarında ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu tarixi hadisələrə siyasi-hüquqi qiymət verilməsinə nail oldu. Dahi şəxsiyyətin erməni vandalizminin beynəlxalq arenada ifşası, Azərbaycanın tarixi həqiqətlərinin təbliği istiqamətində gördüyü müqəddəs işlər qətiyyətlə davam etdirildi, Ermənistanın faşist niyyətli, terrorçu bir dövlət olduğu bütün dünyaya bir daha tanıdıldı.     
    2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə təcavüzü isə Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. Ordumuz 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın alınması, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, əsl şücaət göstərdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diz çökdürüldü, tamamilə məhv edildi. Dövlət-xalq-ordu birliyi sayəsində haqq işimiz qalib gəldi, həqiqət günəşi yenidən parlayaraq keçmişin də qaranlıqlarına işıq saldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün şəhidlərimizin , tarixboyu erməni vandalizminin qurbanları olan bütün həmvətənlərimizin qisası döyüş meydanında alındı. Bu Tarixi Zəfərimiz ermənilərin ikiyüzillik əsassız iddialarının boşa çıxması, əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsi, xalqımıza qarşı törədilmiş soyqırımlara ən layiqli cavab oldu. Bundan sonra erməni vəhşiliklərinə heç bir vəchlə yol verməyəcək milli həmrəyliyimiz daim var olsun, azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız daim dalğalansın, ay-ulduzu aydın sabahlarıımıza işıq salsın!..

İlahə Allahverdiyeva 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə
 III kurs tələbəsi 

Nəşr edilib : 29.03.2022 18:18