AZ EN RU

Söykənmişik qocaman bir çinara

və ya xan çinarın “söhbəti”...

Günlərdən şənbədir… İş həftəsinin yekunlaşmasına baxmayaraq, media kollektivi olaraq yolumuz Ordubadadır. Azərbaycanın incisi sayılan Ordubada… Bir gün öncədən hazırlaşmışıq bu səfərə. “Şərq qapısı” qəzetinin jurnalistləri ilə birgə muxtar respublikamızda fəaliyyət göstərən media orqanlarının bir qrup əməkdaşı da turda iştirak edir. Səfərin maraqlı və yaddaqalan olacağı günün ilk dəqiqələrindən bəllidir. Çünki hər kəs böyük şövqlə, işin məsuliyyətini dərk edərək təyin olunan yerdə, təyin olunan saatda hazırdır. İşimiz həm də ona görə məsuliyyətlidir ki, bu səfərlə Ordubad şəhərinin minillik tarixinə qayıdacaq, əsrlərin yadigarı olan tarixi-memarlıq abidələrini seyr edəcək, hər birimiz püşkatma ilə seçdiyimiz müəyyən bir mövzunun işıqlandırılmasında gücümüzü, necə deyərlər, əsl jurnalist məharətimizi göstərməyə çalışacağıq...

Bizi Ordubada aparan avtomobillər şəhərimizin gözoxşayan mənzərəsini geridə qoyur. Yol boyunca uzanan ağaclar, kənd evlərinin həyətlərində boyverən ot tayaları, uzaqdan tamaşa etdiyimiz vüqarlı dağlar və daha nələr-nələr diqqətimizi özünə cəlb edir. Bunların hər biri diyarımızın ecazkar mənzərələri, insanı valeh edən gözəlliyidir…
Culfa rayonu ərazisindən başlayaraq havanın temperaturu bir xeyli dəyişir. Yurdumuzun bu guşəsi xan Arazın sahilində yerləşdiyi üçün lap qədimdən küləkli və sərin olub. Bu rayon həm də bir neçə tarixi filmimizin çəkilişinə qucaq açıb. Magistral yolun sol tərəfində uzanan alçaq təpəliklərə baxıb həmkarlarımla “Babək” filminin bəzi hissələrinin də burada çəkildiyi  barədə söhbətə girişirik. Elə bu mövzuda söhbət edə-edə yol bizi Ordubada yaxınlaşdırmaqdadır…
Budur, bu da Ordubad  şəhəri... Bu qədim məkana ayaq basanda, onun saf, təmiz havasını ciyərlərinə çəkəndə, bu yerlərə ilk dəfə gəlmiş olsan belə şəhərin gözəlliyi, insanlarının səmimiyyəti, qonaqpərvərliyi, bir sözlə, Ordubada xas olan hər şeyi insan rahat şəkildə hiss edir. Qədim darvazalar, yaşı yüzü ötmüş hündür çinar ağacları, qədim tikililər... Bunlar qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı Ordubad şəhərinin dəyişilməyən görkəmidir.
…Məşhur Cümə məscidinin, tarixi mənbələrə istinadən desək, Şah Abbas məscidinin arxasındakı Çay evində Ordubadın adla deyilən bu dadlı nemətinə qonaq oluruq. Jurnalistlərlə birgə səfərimizin məqsədini müzakirə edir, nəyi necə ictimaiyyətə təqdim edəcəyimiz barəsində söhbət aparırıq… Təqribən, yarımsaatlıq söhbətin ardından həmkarlarla qədim Qeysəriyyə binasının yanında cəm olub mövzu seçir və Ordubad şəhərinin dörd bir tərəfinə yola düşürük... Çox maraqlı, bir o qədər də xatirə dolu haldır həmkarların doğru, operativ informasiya uğrunda, necə deyərlər, mübarizə aparması, hər küçədə bir jurnalistin xəbər toplaması, müsahibə alması, ordubadlılarla söhbət etməsi… Kimisi Ordubadın qədim məhəllələrindən, kimisi də tariximizin saxlanc yeri olan muzeylərdən reportaj hazırlamağa başlayır. Kimisi büllur kimi saf, təmiz suyu ilə insanlara, təbiətə həyat verən kəhrizlərin sorağına düşərkən, kimisi də qədim məscidlərdən, mədrəsələrdən məlumatlar toplayır. Elə mənim Ordubadın yaşı yüzü ötən çinarları ilə görüşüm də bu minvalla başladı; bəxtimə “Çinar” mövzusu düşdüyü andan etibarən…
Ordubad rayonunda yaşı bilinməyən çinar ağacları çoxdur. Rayon ərazisindəki ən qədim çinar isə şəhərin Sərşəhər məhəlləsində, qədim Sərşəhər məscidinin qarşısında yerləşən qoca çinar ağacıdır. Ordubadlıların “xan çinar” adlandırdığı çinar ağacı barəsində olan rəvayətlərdə deyilir ki, böyük şair, görkəmli alim-filosof Nizami Gəncəvi bu çinarın kölgəsində dincəlib, yaxınlığında qaynayan saf, təmiz kəhrizin suyundan içib və bu məkandan yoluna davam edib. Bu kimi tarixi faktlara nəzər yetirəndə çinarın yaşının minə çatdığını deyə bilərik.
Xan çinarın kölgəsində dayanıb onun əzəmətinə tamaşa etmək, bu yerlərin qədim sakini olan elimizin min yaşlı yurddaşının “söz-söhbətinə” qulaq vermək çox gözəl hissdir. Gövdəsinə söykənib dörd bir tərəfə uzanmış qol-budaqlarına baxdıqca sanki tarixin karvanında bu gündən gələcəyə yol alıb gedirsən. Eşidirsən budaqların bir-biri ilə olan o şirin söhbətini; xan çinarın onlara, sənə, mənə, bizə danışdığı mətləbləri. Onun söhbəti həm də ona görə şirindir, əvəzsizdir ki, hələ bu yerlərdə indiki insanlar olmayanda xan çinarın kökləri çoxdan bu torpağa tutunmuşdu. Bu yerlərin insanları eşitdikləri hadisələri rəvayətlər, hekayələr, nağıllar kimi nəql edəndə qocaman çinar onları görmüşdü, yaşamışdı, hər anına şahid olmuşdu minillik tarixin… 
…Danışır xan çinar; danışır bizə Ordubadın şərəfli tarixindən, bu diyarda böyüyüb boya-başa çatan dahilərimizin, Vətən mücahidlərinin keşməkeşli həyatından; mətbuat üçün qələmini silaha çevirən M.S. Ordubadinin gözlərini bürüyən “Dumanlı Təbriz”dən, “Qılınc və qələm”in bitib-tükənməyən mücadiləsindən, mübarizəsindən... Danışır xan çinar; danışır bizə Yusif Məmmədəliyevin əvəzsiz, fədakar əməyindən, elm yolunda qəlbini şam kimi əridən Məhəmməd Tağı Sidqinin ardıcıllarından, kölgəsində dinclik tapanların söylədiyi o şirin, əvəzsiz rəvayətlərdən, hekayələrdən ürəkdolusu danışır. O danışır, biz isə dinləyirik. Gəlin siz də dinləyin Ordubadın ən azı özü qədər qədim, keçmiş və gələcəyə yolyoldaşlığı edən elimizin min yaşlı yurddaşının – xan çinarın söhbətini…
O danışdıqca sanki Nuhun gəmisinə əyləşib seyrinə çıxırsan bu qədim diyarın. Hər addımında bir tarix, hər tarixində bir əzəmət, qədimlik, ehtişam yatan Ordubadı onun min yaşlı sakinindən dinləyirsən. Söhbətinə qulaq asdıqca sanki bu yurdun gözəlliyinin bir daha fərqinə varırsan. Gəmiqayada daşlaşmış həqiqətləri, Xaraba Gilanın bağrından qopan səsləri eşidirsən, bir daha şahid olursan qədim şəhərin qədimliyinə…
Danışır xan çinar; danışır yurdumuzun başından sonuna qədər bir-birinə qol-qanad vermiş Zəngəzurun, Dərələyəzin keçilməz hesab etdiyimiz düşmən çəpərindən, Qapıcıq dağının fövqündən boylanan Günəşin işvə-nazından, bu dağların başında özünə məskən qurmuş el atası Dədə Qorqudun ağarmış saçlarını xatırladan qarından, boranından. Danışır ruzi-bərəkət ətri verən çöllərin qışın oğlan çağında sinəsində şıltaqlıq edən küləyindən, çiskinindən… Danışdıqca sanki əllərimizdən tutub Vətənin şanlı tarixini gəzdirir. Budaqları pərçimlənib bir istiqamətə bənd olur; uzaqdan görünən Əlincəqalanın yollarına işarə edir. Sanki bizi o tarixə aparmaq istəyir. Aparır da…
Danışır xan çinar; danışır Topal Teymurun Əlincə qalasına olan qara sevdasından, bu Vətəndə yaşayıb-yaratmış Nəiminin faciəli qətlindən, İmadəddin Nəsiminin dünyaya səs salmış təlimindən, hürufilərin canı, qanı bahasına qoruduğu o böyük ideyadan – Allahın bu dünyanın əşrəfi sayılan insanın üz cizgilərindəki səltənətindən ürəkdolusu danışır. Hər sözündə, söhbətində illərdir, ürəyində daşıdığı kədərin, qəmin ağrılı-acılı xatirələri hiss olunur. Axı necə hiss olunmasın? Bir halda ki, bu diyarda yaşayan, onun şahid olduqlarını görən, duyan kim var ondan savayı. Xan çinardan başqa kim görüb Osmanlı-Qacarlar müharibəsinin dəhşətini, sözügedən cəngin Ordubad şəhərinə vurduğu zərbəni? Kim görüb Murad Mirzə və Əlvənd Mirzənin Şərur düzündəki qanlı döyüşünü, bu yerlərə hakim olan Qaraqoyunlu, Ağqoyunlu sülaləsinin, Səfəvi hakimiyyətinin işıqlı günlərdən ayrılıb addım-addım tənəzzülə qovuşmasını…
Danışır xan çinar; danışır yaxın Şərqin cənnəti, Qafqazın dilbər guşəsi, incilərin incisi, ellərin sevinci olan Ordubad şəhərinin gülərüz, mehriban, səmimi insanlarından. Söhbətində doğma ordubadlıların nəfəsinin təravəti, gülərüzlülükləri, söz-söhbətlərinin şirinliyi hiss olunur… O danışdıqca sanki Ordubadı qarış-qarış gəzib hər kəndin, qəsəbənin, məhəllənin, hər evin, ocağın qonağı olur, bu qədim məmləkətin ağsaqqal babalarından, ağbirçək nənələrindən xeyir-dua alırıq. Bu yerlərin insanlarının dilində əzbər olan ifadələri xatırladır bizə qocaman çinar. Söyləyir ki, ordubadlılar üçün qonaq Tanrı nemətidir, gərək onu böyük hörmətlə, ehtiramla qarşılayasan, halal süfrədə olan bütün naz-nemətləri qonaq süfrəsinə düzəsən, eyni qayda ilə də qonağı yola salasan. Danışır xan çinar; danışır bizə Ordubadın dadlı-tamlı, yediyin zaman damaqlarda dad buraxan əvəzsiz təamlarından, bu yerin məşhur, ləzzətli neməti olan qayğanağından, qaysavasından, görünüşü ilə insana gəl-gəl edən sucuğundan. Söhbət açır bizə Ordubad limonunun qəlblərə təravət verən xoş ətrindən, əriyin, armudun gözoxşayan, gümrah görünüşündən, dağların bu yerlərin insanına şəfa mənbəyi kimi bəxş etdiyi kəklikotunun, solmazçiçəyin, yarpızın, nanənin dillər əzbəri olan dad-tamından…
…Zamanın sorağı ilə bu diyarı qarış-qarış gəzdikcə Ordubadın yaşı minilliklərə çatan tarixində daha çox mətləblər duyursan, daha çox həqiqətlərin fərqinə varırsan. Bu yurdun yalnız xan çinarı yox, elə hər daşı, qayası fərqli tarixlərdən, eşidəndə yaddaşımızda iz salacaq hadisələrdən xəbər verir bizə… Qədim Sərşəhər məscidinin söhbətinə qulaq versən, bu torpaqda İslam mədəniyyətinin hakimliyindən, ordubadlıların dinə olan sonsuz etiqadından, elmə, maarifə olan sonsuz bağlılığından danışacaq, qədim Əxtər məktəbi bu irfan ocağında elmə, təhsilə yiyələnmiş ziya sahiblərinin nurlu sabahlarından, Azərbaycanda baş verən Cəlairilər hərəkatının məramından, Şah Abbasa qarşı baş verən qanlı üsyanları yatırarkən ordubadlıların necə böyük qəhrəmanlıq, igidlik nümayiş etdirdiyindən söhbət açacaq bizə. Daha nələr-nələr bu qədim yurdun tarixindən soraq verəcək, nə sirlər, söhbətlər aydınlanacaq onların kəlmələrində... Biz Ordubad şəhərinin şirin nağılını xan çinardan dinlədik, xan çinara söykənib çıxdıq bu diyarın seyrinə. Gəlin siz də dinləyin elimizin min yaşlı yurddaşının – xan çinarın “söhbəti”ni…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 26.04.2024 11:50