AZ EN RU

Sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Sosial şəbəkələrin gələcəyimizə təsiri” mövzusunda təlim təşkil olunub. 
11 iyun 2024-cü il tarixdə uşaq, yeniyetmə və gənclərin zərərli informasiyalardan qorunması istiqamətində təşkil olunan maarifləndirici təlim Şərur rayon Arbatan kənd tam orta məktəbində baş tutub.
Təlimdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Cəfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva çıxış edərək gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, yetkin insanlar sosial şəbəkələrdən  istifadə imkanlarını müəyyən edə bildikləri halda, dünyagörüşü tam formalaşmamış uşaqlar burada yaşlarına uyğun olmayan informasiyalarla rastlaşa bilərlər. Sosial şəbəkələrdə çox vaxt keçirmək və yaşa uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Ona görə də uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq mümkündür. 
Sonda şagird və müəllimlərlə yanaşı valideynlərin də iştirak etdiyi və 55 nəfərin yararlandığı təlimdə suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 11.06.2024 21:40