AZ EN RU

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

  Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
    Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi Aparatının əməkdaşı Pənah Mehdiyev ölkəmizdə digər sahələr kimi təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıb. 
    Qeyd edilib ki, dövlət hər zaman qayğıya ehtiyacı olan ailələrə diqqət ayırır, onların problemləri ilə yaxından maraqlanır. Həmçinin sosial vəziyyətindən asılı olmayaraq, hər bir şəxsin təhsil almasında yaxından iştirak edir. Ölkəmizin digər bölgələrində olduğu kimi, muxtar respublikada da mütəmadi olaraq sosial əhəmiyyətli tədbirlər həyata keçirilir. 
    Vurğulanıb ki, ölkə başçısı tərəfindən muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da əzmkarlıq və səy göstəriləcək. 
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxışlarında qeyd ediblər ki, muxtar respublikada bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli, şəhid və qazi uşaqlarının asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. 
    Çıxış edənlər uşaqları Bilik Günü münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
    Valideynlər adından çıxış edən Mətanət Hüseynova muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
    Qeyd edək ki, sosial qayğıya ehtiyacı olan 896 uşağa, o cümlədən 500 sağlamlıq imkanları məhdud uşaq, 396 aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli, çoxuşaqlı ailələr və qazi uşaqlarına məktəbli formaları və dərs ləvazimatları verilib. Həmin gün aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən muxtar respublikanın rayonlarında da anoloji tədbirlər keçirilib, sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları təqdim edilib.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.09.2023 15:20