AZ EN RU

Sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya səfəri təşkil olunub

    Ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxsin və şəhid ailəsi üzvlərinin bu günlərdə muxtar respublikaya səfəri təşkil olunub. 

    Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində,  Darıdağ Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsinə, “Əcəmi” seyrəngahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub, daha sonra onlar Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə ziyarət təşkil olunub. Ziyarətin ardından “Sahil Parkı”nda qonaqlar üçün çay süfrəsi təşkil edilib.
    Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.07.2022 20:37