AZ EN RU

Sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya növbəti səfəri olub

    Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, habelə müalicə və istirahətlərinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir. 
    Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyaya aid şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur.
    Bu günlərdə xüsusi qayğıya ehtiyacı olan daha bir qrup insanın muxtar respublikaya növbəti səfəri təşkil edilib. Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Darıdağ” Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən biri sayılan Möminə xatın türbəsinə, Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası olub, daha sonra qonaqlar “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. 
    Eyni zamanda bu səfərdə respublika əhəmiyyətli bir neçə media orqanının nümayəndələri də iştirak edib, Duzdağ Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika Müalicə Mərkəzində şəhid ailələri üzvləri, sağlamlıq imkanları məhdud şəxslər və digər imtiyazlı kateqoriyadan olanlara göstərilən xidmətlərlə əyani tanış olublar.
    Qonaqlara məlumat verilib ki, sözügedən müəssisələrdə bronxial-astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və digər xəstəlikləri olan pasiyentlər qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Bu prosedurlar nəticəsində xəstələrdə pozitiv dəyişikliklər müşahidə edilir.
    Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.11.2022 20:19