AZ EN RU

Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib

    Bu münasibətlə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir səlahiyyətini icra edən Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev və Həmkarlar İttifaqları Şurası sədrinin müavini Ramiz Cəfərov çıxış edərək muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələri haqqında məlumat veriblər. Bildirilib ki, bu gün bütün kateqoriyalardan olan uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Onların hüquqlarının və sağlamlıqlarının qorunması, sosial müdafiəsinin, asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər, o cümlədən monitorinqlər, seminarlar keçirilir. 

    Çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb olunurlar. Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulmuşdur. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
    Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Turanə Tağıyeva bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısına görə dövlət rəhbərliyinə öz minnətdarlığını bildirib. 
    Tədbirin sonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimləri təqdim edilib. 
    Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, tək valideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla, 40 uşağa Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, 264 uşağa Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası tərəfindən, 150 uşağa isə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qış geyimi verilib. Ümumilikdə, 454 xüsusi qayğıya ehtiyacı olan uşaq isti geyimlə təmin olunub. 
    Tədbir analoji olaraq muxtar respublikanın bütün rayonlarında da təşkil olunub. Belə ki, Naxçıvan şəhəri üzrə 122, Şərur rayonu üzrə 69, Babək rayonu üzrə 99, Ordubad rayonu üzrə 28, Culfa rayonu üzrə 55, Kəngərli rayonu üzrə 40, Şahbuz rayonu üzrə 14, Sədərək rayonu üzrə 27 uşaq qış geyimi ilə təmin edilib.    

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti
 

Nəşr edilib : 01.12.2023 16:13