AZ EN RU

Sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində sosial qayğıya ehtiyacı olan məktəblilər qış geyimi ilə təmin ediliblər.
    Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün görülən işlərdən danışıblar. Vurğulayıblar ki, belə uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb edilirlər. Bu sahədə görülən sistemli tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzinin yaradılması və fəaliyyət qaydasının təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq Naxçıvan şəhər                   2 nömrəli tam orta məktəbin nəzdində Distant Təhsil Mərkəzinin yaradılmasıdır. Mərkəzin fəaliyyəti ilə sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılanır, onların cəmiyyətə uyğunlaşması və təhsil almaq imkanı təmin edilir. Həmçinin muxtar respublikada audio və elektron kitabxana xidmətləri yaradılmış, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil olunmuşdur. Nitq problemləri olanlar üçün isə defektoloji bölmə fəaliyyət göstərir.
    Bildirilib ki, muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulmuşdur. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin edilməsi də bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
    Tədbirdə çıxış edən Nahidə Əliyeva sosial qayğıya ehtiyacı olan şagirdlərə göstərilən dövlət qayğısına görə valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, sağlamlıq imkanları məhdud 283, hərəkət qabiliyyəti məhdud 24, aztəminatlı ailələrin övladlarından isə 162 olmaqla, ümumilikdə, 523 uşağa isti qış geyimi hədiyyə edilib. Geyimlər Naxçıvan şəhərində təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, rayonlarda isə aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndəsi tərəfindən şagirdlərə təqdim olunub. Distant təhsilə cəlb edilən hərəkət qabiliyyəti məhdud uşaqlara isə evlərində qış geyimləri verilib.
    Qeyd edək ki, bu kateqoriyadan olan şagirdlər sentyabr ayında məktəbli geyimi və dərs ləvazimatları ilə də təmin olunub.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.11.2022 20:50