AZ EN RU

Sosial müdafiə tədbirləri ötən il də uğurla davam etdirilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Nicat Babayev bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ötən il 2972 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuş, onlardan 622 nəfərini əmək yarmarkalarında işə göndərilənlər təşkil etmişdir. Bəhs olunan dövrdə 1566 nəfər ailə üzvündən ibarət 330 ailə özünüməşğulluq proqramına cəlb edilmişdir ki, bu da 2020-ci illə müqayisədə 39 ailə çox deməkdir.
    Diqqətə çatdırılmışdır ki, son illər muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təkcə ötən il Vətən müharibəsində böyük şücaət göstərən 28 şəhid və qazinin ailələri mənzillərlə, 28 nəfər müvafiq kateqoriyadan olan şəxs isə minik avtomobilləri ilə təmin olunmuşdur. Vətən müharibəsi qazilərindən əyani müayinə əsasında 52 nəfərə sağlamlıq imkanlarının məhdudlaşması ilə bağlı təyinat aparılmış, 62 ailə özünüməşğulluq proqramına cəlb edilmiş, məşğulluq sahəsində keçirilən digər tədbirlərdə bu kateqoriyadan olan şəxslərə üstünlük verilmişdir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan çox şəxslə seanslar aparılmışdır. 
    Qeyd olunmuşdur ki, ötən müddət ərzində 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilmiş, şəhidlərin 283 ailə üzvünə Prezident təqaüdü, 42 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Bununla yanaşı, bu sahədə göstərilən xidmətləri əhatə edən elektron baza hazır­lanaraq istifadəyə verilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”nun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 17 nəfərin kredit borcları ödənilmiş, 35 ailənin isə məişət şəraiti yaxşılaşdırılmışdır.
    Nicat Babayev çıxışının davamında bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyanın günün tələbləri səviyyəsində təşkili məqsədilə bərpa müəssisələrinin fəaliyyəti davam etdirilmiş, 20 adda müasir tibbi avadanlıqlar alınmış və müayinə otaqlarında bütün zəruri şərait yaradılmışdır. İl ərzində bərpa mərkəzlərində 545 nəfərin müalicələri təşkil edilmiş, 305 şəxsə protez və ortopedik xidmətlər göstərilmiş, 716 nəfər reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
    Ötən il hərəkət qabiliyyəti məhdud uşaqlar üçün təşkil olunmuş distant tədris prosesinə yeni cəlb edilən şagirdlər zəruri dərs ləvazimatları və texniki avadanlıqlarla təmin olunmuşdur. Hazırda Distant Tədris Mərkəzində 15, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 8 nəfər eşitmə və danışma qabiliyyəti məhdud şəxslə distant dərslər davam etdirilir.
    Məruzə ətrafında çıxışlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.01.2022 00:25