AZ EN RU

Sosial-iqtisadi tərəqqiyə qovuşan Naxçıvanda əldə olunan bütün uğurların əsasında inkişafın Heydər Əliyev modeli dayanır

Müstəqil Azərbaycan Respublikası bugünkü mövcudluğunu və inkişafını xalqımızın ümummilli lideri Heydər Əliyevə borcludur. Ulu Öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə milli qurtuluş tarixinə çevrilib. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı milli qurtuluşun bəhrələridir.

Ulu Öndərin parlaq dühası, uzaq gələcəyə hədəflənmiş müdrik siyasəti Naxçıvanın təhlükəsizliyini və yüksəlişini təmin edib

Ölkəmizin xilası, gələcəyi uğrunda aparılan mübarizədə, milli qurtuluşa gedən yolda Ümummilli Liderimizin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu dövrdə dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlayıb, blokada şəraitində olan muxtar respublikanın erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görüb. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrilib.

Bu gün ölkəmizdə və muxtar respublikamızda dahi şəxsiyyətin siyasi xətti uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 69, kənd təsərrüfatı məhsulları 15, sənaye istehsalının həcmi 117 dəfə artıb, 100 minə yaxın yeni iş yerləri açılıb, yaşayış məntəqələri böyüyüb, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranıb. Tikinti-quruculuq işləri geniş vüsət alıb, 233 elm və təhsil ocağı, 364 mədəniyyət, 252 səhiyyə, 29 idman obyekti, 353 inzibati bina, 1346 istehsal və xidmət sahəsi tikilib, 1112 müxtəlif təyinatlı obyekt yenidən qurulub və ya əsaslı təmir olunub, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”.

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır

Bu gün muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərin uzaqgörən siyasətinin bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə deyib: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk”.

Muxtar respublikada bu gün 11 elektrik stansiyası var. Onlardan da 9-u bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Ötən ay bu sıraya Şərur rayonunun Zeyvə kəndində qurulan yeni Günəş Elektrik Stansiyası da qoşulub. Stansiyanın tikintisi üçün 35 hektar əkinəyararsız torpaq sahəsi ayrılıb. Ayrılan 15 hektar ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib. Ötən ilin iyun ayında İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovat gücündə transformator yarımstansiyaları quraşdırılıb. Mayın 5-də – Ulu Öndərin anadan olmasının 99 illiyi ərəfəsində Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpaolunan enerji ilə təmin edilir. Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəmək mümkündür. Naxçıvan şəhərində, Kəngərli və Şərur rayonlarında Günəş və su, Culfa rayonunda isə külək elektrik stansiyalarının qurulması nəzərdə tutulmuşdur. Hazırda Ordubad rayonunda iki su elektrik stansiyasının qurulması davam etdirilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Culfa rayonunda 1,1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasının açılışı olmuşdur. 10 yeni Külək Elektrik Stansiyasının qurulmasına isə qısa zamanda başlanılacaqdır. Eyni zamanda qarşıdakı illərdə hər birinin gücü 1,5 meqavat olan 5 külək elektrik stansiyasının qurulması da nəzərdə tutulmuşdur. Bu tədbirlərdən sonra muxtar respublikanın enerji tələbatı tamamilə bərpa olunan enerji hesabına ödəniləcəkdir. Həyata keçirilən tədbirlər imkan verəcək ki, muxtar respublikada energetika sistemində yenidənqurma işləri aparılsın, gəlirlər artırılsın, energetiklərin maddi vəziyyəti yaxşılaşdırılsın və muxtar respublikada dayanıqlı enerji sistemi qurulsun.

“İnsanların həyatını ərzaqsız təsəvvür etmək mümkün olmadığı kimi, enerjisiz də təsəvvür etmək mümkün deyil”, – deyən Ali Məclisin Sədri bildirib ki, buna görə də elektrik enerjisinə olan tələbatın artdığını nəzərə alaraq yeni elektrik stansiyalarının qurulması işi davamlı həyata keçirilir.

Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib. Sonra muxtar respublika rəhbəri Şərur rayonunda tikiləcək 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının layihəsinə və əraziyə baxıb, işlərə başlanılması barədə tapşırıqlar verib.

Ötən ay keçirilən “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans əlamətdar hadisə kimi yadda qalıb

Mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və konfrans iştirakçıları teatrın foyesində ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Sonra konfrans öz işinə başlayıb.

Ali Məclisin Sədri “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın iştirakçılarını salamlayıb, çıxışında deyib: “Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır. Azərbaycanın sülhsevər xarici siyasəti, ilk növbədə onun dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı faydalı, iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir”. Ümummilli Liderimizin əsasını qoyduğu bu yol hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq edir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir. Bu qələbənin ən mühüm diplomatik nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması olacaqdır.

“Ümummilli lider Heydər Əliyev məktəbinin özünəməxsusluğu ondadır ki, o dünən olduğu kimi, bu gün də, gələcəkdə də müstəqil Azərbaycanın əsas siyasi və ideoloji dayağıdır”, - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizi bundan sonra da inkişaf etdirmək və qüdrətli dövlətə çevirmək üçün ən başlıcası Azərbaycanda Heydər Əliyev yolu davam etdirilməlidir”, - fikirləri ilə tamamlayıb, bu yolda hər kəsə uğurlar arzulayıb, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransa mühüm əhəmiyyət verdiyini qeyd edib, təşəbbüskarlara və iştirakçılara təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun çıxışından sonra ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub. Konfrans bədii hissə ilə davam edib, Naxçıvan Dövlət Filarmoniyası tərəfindən Ulu Öndərin sevdiyi və Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət konsert proqramı təqdim olunub.

1941-1945-ci illər müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi ehtiramla anılıb

Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. Muxtar respublikanın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında qəhrəmanlıqlar göstəriblər, 402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınıb. Həmyerlilərimiz Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçərək göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli “Vətən Müharibəsi”, 315-i “Qırmızı Ulduz”, 29-u “Qırmızı Bayraq” ordenləri ilə təltif olunublar.

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.

Mayın 9-da Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.

Muxtar respublika ilə qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq inkişaf edir

Bu gün mühüm strateji tərəfdaş olan, eyni tarixə, eyni dilə, eyni dinə mənsub olan Azərbaycan-Türkiyə əlaqələri sürətlə inkişaf edir. Ölkələrimiz arasındakı sarsılmaz əsaslara söykənən münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə, muxtar respublika ilə qardaş ölkə arasındakı təhsil sahəsində səmərəli əməkdaşlıq məmnunluq doğurur.

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, vaxtilə hər iki universitetdə olduğunu xatırladıb. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirib, universitetlər arasında qarşılıqlı təcrübə, eləcə də müəllim-tələbə mübadiləsinin, ikili diplom layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Mayın 24-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türk Tarix Qurumunun sədri Birol Çətin ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında imzalanan əməkdaşlıq protokolunun əhəmiyyətini vurğulayıb, ortaq türk tarixinin yazılmasının vacibliyini diqqətə çatdırıb. Qədim türk torpağı olan Naxçıvanın tarixinin Nuh Peyğəmbərlə bağlı olduğunu bildirən Ali Məclisin Sədri Anadolunun türkləşməsində və İslam dininin o ərazilərdə yayılmasında Naxçıvanın rolundan danışıb.

Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs edib, Naxçıvanşünaslığın mühüm elmi nailiyyətlərlə zənginləşdirildiyini qeyd edib, birgə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Ulu Öndərimizin xatirəsi dərin ehtiramla daim yad edilir

Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçiliyə xidmət nümunəsidir. Ulu Öndərimiz Azərbaycanın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirib, hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldıb.

Ulu Öndərin Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında ölkəmizə, həmçinin doğulub boya-başa çatdığı Naxçıvana bağlılığı, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbəti və ardıcıl qayğısı nəsillərə nümunə olub. Bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz Liderin ölkəmiz naminə gördüyü bütün bu işləri heç vaxt unutmur, dahi şəxsiyyətin siyasi məktəbinin layiqli məzunları Ulu Öndərin əziz xatirəsini daim yad edir, Heydər Əliyev irsinin təbliğinə xüsusi diqqət yetirirlər. Məhz buna görədir ki, hələ sağlığında Naxçıvanda Ulu Öndərin abidəsi ucaldılıb, həyat və fəaliyyətinə həsr olunmuş muzey yaradılıb.

Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Sonra Ali Məclisinin Sədri və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinin fondunda saxlanan rəsm əsərləri və xalçalardan ibarət sərgiyə baxıblar. Sərgi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri deyib: “Bu gün Ulu Öndərimizin doğum günüdür. Böyük şəxsiyyətin ruhuna ehtiramımızı bildiririk. Bizimlə bərabər olmasa da, Onun əməlləri yaşayır. Hazırda Ümummilli Liderimizin ideyalarının, yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan sabit və inkişaf etmiş ölkədir.

Şərur rayonunun quruculuq xəritəsi genişlənir

Ümummilli Liderimiz deyib: “Şərur rayonunun imkanları böyükdür... Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”. Bu gün Ulu Öndərin arzuları reallığa çevrilib. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan quruculuq işləri Şərur rayonunu da əhatə edib.

Təkcə 2021-2022-ci illərdə Şərur şəhərində 40 mənzilli yaşayış binasının, Gigiyena və Epidemiologiya Şöbəsinin, eləcə də xidmət sahələrinin istifadəyə verilməsi, Saat Meydanının, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Şərur Rayon Şöbəsinin inzibati binasının, 7 yaşayış binasının, yeraltı piyada keçidinin, “Araz” Elm İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsinin, Sərxanlı kəndində içməli su xəttinin, Ərəbyengicə kəndində Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış komplekslərinin, 8 meqavatlıq Şərur Günəş Elektrik Stansiyasının, Muğanlı və Maxta yarımstansiyaların tikintisi, yenidən qurulması və əsaslı təmir işləri başa çatdırılıb. Həmçinin ötən il Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kompleks quruculuq işləri aparılıb. Hazırda rayonun Vərməziyar, Alışar, Həmzəli və Axura kəndlərində inşaat işləri davam etdirilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik avtomobil yolunun, Ərəbyengicə kəndində Sərhəd Zastavasına gedən yolun, eyni zamanda, Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kənddaxili yolların yenidənqurulması başa çatdırılıb. Görülən işlər rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb, onların qurub yaratmaq əzmini daha da artırıb.

Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması məskunlaşmanın artmasına səbəb olub. Hazırda da rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər, sənaye və mədəniyyət müəssisələri tikilərək istifadəyə verilir.

Mayın 10-da - ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binası istifadəyə verilib. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri deyib: “Bu gün Ümummilli Liderimizin anadan olduğu gündür. Ulu Öndərin siyasi xətti Şəruru da inkişafa qovuşdurub. Şərur rayonu yarandığı gündən ötən dövrdə heç vaxt bu qədər inkişaf etməmiş, rayonda bu qədər geniş quruculuq işləri aparılmamışdır. Təkcə quruculuq işləri deyil, Şərur rayonu eyni zamanda kənd təsərrüfatı rayonudur. Aqrar sahə inkişaf etdirilir, bol məhsul istehsal olunur. Ölkəmizin ərzaq təhlükəsizliyində Şərur rayonunun da payı vardır. Bundan başqa, rayonun sənayeləşməsi üçün tədbirlər görülür. Sənaye məhəlləsi yaradılır, kiçik sahibkarlıq müəssisələrinin qurulması üçün dövlət tərəfindən kreditlər verilir, ailə təsərrüfatları inkişaf etdirilir. Bir sözlə, bu gün rayonun inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında da əhaliyə xidmətlər göstəriləcəkdir. Ona görə də kollektivlər yaradılan şəraitdən istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, dövlətin qayğısına layiqli işlə cavab verməlidir”.

Sonra Ali Məclisin Sədri Şərur şəhər Mərkəzi Stadionunda olub, burada həyata keçiriləcək yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi mədəniyyətimizin inkişafına əhəmiyyətli töhfədir

Bu gün muxtar respublikada mədəniyyətin hərtərəfli inkişafı təmin edilib. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şərur Rayon Mədəniyyət Sarayının inşası da mədəniyyətə göstərilən qayğının bariz nümunəsidir. Bu möhtəşəm sarayın açılışı əlamətdar bir günə - Ümummilli Liderimizin doğum gününə təsadüf edib. Bu gün mədəniyyət işçiləri üçün ikiqat bayramdır. Çünki milli mədəniyyətimiz ulu öndər Heydər Əliyev ideyalarından güc alır. Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Muxtar respublika rəhbəri deyib: “Əhaliyə kitabxana vasitəsilə, musiqi, incəsənət məktəbləri, xalq teatrı, folklor, yallı qrupları və bir çox başqa sahələrdə mədəni xidmətlər göstərilir. Sarayın istifadəyə verilməsi ilə bu sahədə yeni dövr başlayır. Bu da ondan ibarətdir ki, artıq kollektivlər sərbəst şəkildə müxtəlif mədəniyyət tədbirləri həyata keçirə biləcəklər. Mədəniyyət şöbəsi rayon İcra Hakimiyyəti ilə birlikdə rayonda müxtəlif tədbirlərin hazırlanıb keçirilməsini təmin etməli, muxtar respublikanın teatr və musiqi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramları təşkil olunmalıdır. Bunun üçün lazımlı şərait və imkanlar vardır. “Şərur” Xalq Yallı Ansamblı üçün də lazımi şərait yaradılmışdır. Bu yallı qrupu təkcə müxtəlif konsertlər, tədbirlər zamanı çıxışlar etməməli, yaradılan şəraitdən istifadə edərək bu sənətin yaşadılmasına nail olmalıdırlar. Ümummilli Liderimiz deyirdi ki, “Şərur yallısı Naxçıvanın tacıdır”. Şərur yallısı muxtar respublikamızın qədimliyini özündə yaşadan sənət nümunəsidir. Yeni Mədəniyyət Sarayı sadəcə rayonun simasının dəyişilməsi üçün yox, həm də mədəni-kütləvi tədbirlərin əhatə dairəsinin genişləndirilməsi üçün tikilmişdir. Vaxtilə burada mədəniyyət evi olmuşdur. Lakin şəraiti tələblərə cavab vermədiyindən sökülərək yerində 275 yerlik müasir Mədəniyyət Sarayı tikilmişdir. Mədəniyyət Sarayının qapıları daim açıq olmalı, müxtəlif tədbirlər keçirilməlidir. Şərur Rayon Xalq Teatrı da fəaliyyətini gücləndirməlidir. 1981-ci ildə xalq teatrı statusu alan bu mədəniyyət ocağı daha çox çalışmalı, aparıcı teatr statusu almalıdır”.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, sonra binada yaradılan şəraitlə tanış olub, ansamblın üzvləri ilə görüşüb.

Son illər muxtar respublikada yenidən qurulan və ya tikilərək istifadəyə verilən yeni yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Mayın 10-da Ali Məclisin Sədri Şərur şəhərində tikiləcək yeni yaşayış binasının layihəsinə və əraziyə baxıb, tikinti işlərinə başlanılması barədə tapşırıqlar verib.

Şərur Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir

Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.

Həmin gün Ali Məclisin Sədri Şərur Sənaye Məhəlləsində görülən işlərlə maraqlanıb, sənaye məhəlləsində əsasən yerli xammala əsaslanan müəssisələrin qurulması barədə tapşırıqlar verib.

Muxtar respublikada ilk: Naxçıvan şəhərində elektrobuslar fəaliyyət göstərəcək

Muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların tikilməsi və ya yenidən qurularaq istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili marşrutunda iritutumlu, yüksək komfortlu avtobusların gətirilərək xəttə salınması sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib. İctimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan avtonəqliyyat vasitələrinin texniki cəhətdən sazlığına mütəmadi nəzarət olunur, əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsi yüksəldilir. Görülən işlərin davamı olaraq Çin Xalq Respublikasının istehsalı olan 6 “King Long” markalı elektrobus alınıb gətirilib. Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə həmin elektrobuslar təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək deyib: “Bu gün muxtar respublikada bütün yaşayış məntəqələrini əhatə edən nəqliyyat xidməti həyata keçirilir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində 70-ə yaxın avtobus vasitəsilə əhaliyə sərnişindaşıma xidməti göstərilir, hər gün minlərlə insan şəhərdaxili marşrutlardan istifadə edir. Ona görə də bu sahədə işlər dövrün tələblərinə uyğun qurulmalı, avtobuslar daim yenilənməli və müasirləşməlidir. Bu gün dünyada ekoloji problemlərə diqqət artırılıbdır. Dünya ekosistemində mütəxəssislərin verdiyi rəyə görə karbon qazı özünün son həddinə yaxınlaşmışdır. Ona görə də müxtəlif tədbirlər görülməlidir. Bunlardan biri də elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilməsindən, eləcə də ərazilərin yaşıllığının qorunması və artırılmasından ibarətdir. Muxtar respublikada da bu istiqamətdə tədbirlər görülür, yaşıllıq sahələri artırılır, təbiət qorunur. Artıq elektriklə işləyən avtobusların alınmasına da başlanılmışdır. Naxçıvan şəhərinin nəqliyyat sisteminə uyğun olduğuna görə elektrobuslar şəhər marşrutlarında istifadə olunacaqdır”.

Sonra elektrobuslara baxış olub. Ali Məclisin Sədri elektrobusları idarə edəcək sürücülərin hazırlanması, tələbata uyğun yeni marşrut xətlərinin açılması barədə tapşırıqlar verib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksi istifadəyə verilib

Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə edib. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb. Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunub.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, yaradılan şəraitlə maraqlanıb, diviziyada tikiləcək hamam-camaşırxana kompleksinin ərazisinə və layihəsinə də baxıb. Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və ətrafda yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə keçmiş 41-ci sərhəd dəstəsinin əmlak və silah-sursatının tamamilə muxtar respublikaya təhvil verildiyini və Naxçıvan Sərhəd Dəstəsinin yaradıldığını bildirib, Azərbaycanın üçrəngli bayrağının qaldırıldığı ilk sərhəd dəstəsi kimi Naxçıvan Sərhəd Dəstəsinin keçdiyi yola nəzər salıb. Həmin dövrdə Ordubad rayonu ərazisində iki, Şərur rayonu ərazisində isə bir zastavanın Ermənistan sərhəd qoşunlarının tabeliyindən geri alındığını bildirən Ali Məclisin Sədri Naxçıvan Sərhəd Dəstəsinin inkişaf edərək “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrildiyini və muxtar respublikada dövlət sərhədlərimizin etibarlı mühafizə edildiyini diqqətə çatdırıb. Muxtar respublika rəhbəri şəxsi heyətə təşəkkür edib, idman kompleksindən sərhədçi ailələrinin də istifadə etməsi, müxtəlif idman növləri üzrə daxili yarışların keçirilməsi barədə tapşırıqlar verib.

Qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlər açır

Ulu Öndərimiz ölkəmizə qonşu olan dövlətlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafı da dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlıq bu əlaqələrə öz töhfəsini verir. İqtisadi-ticarət, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrin mühüm əhəmiyyəti vardır. Son illər həyata keçirilən qarşılıqlı səfərlər isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlər açıb.

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslam Şurası Məclisi sədrinin birinci müavini, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları Naxçıvan Muxtar Respublikasında görməkdən və Əli Nikzadın İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri seçilməsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq qruplarının, iqtisadi şuraların fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri həmsədri olduğu Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun fəaliyyəti və tərkibi barədə məlumat verib.

Müasir otellərin istifadəyə verilməsi turizm sektorunun inkişafına töhfə verir

“Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”, – deyən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, özəl bölməyə dövlət dəstəyi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş Dövlət proqramları yeni istehsal və xidmət sahələri ilə yanaşı, həm də əlverişli investisiya mühiti yaradıb. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 88 faizi ötüb. Hazırda muxtar respublikada otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.

Müasir otellərin istifadəyə verilməsi turizm sektorunun inkişafının dəstəklənməsinə, otel biznesinin genişləndirilməsinə, turistlərin rahatlığının təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına və ümumi inkişafa verilən töhfədir. Bu istiqamətdə atılan addımlardan biri də Naxçıvan şəhərində istifadəyə verilən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mayın 19-da yeni xidmət kompleksi fəaliyyətə başlayıb.

Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb, yeni xidmət kompleksinin fəaliyyətə başlaması münasibətilə gələcək istifadəçiləri və kollektivi təbrik edərək deyib: “Bu gün muxtar respublikada xidmət sahəsində yeni bir ünvan - “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə verilir. Yeni xidmət sahələrinin yaradılması ölkəmizin mədəni inkişafının göstəricisidir. O ölkələrdə bu cür xidmətlər təşkil olunur ki, orada inkişaf, sabitlik, dövlət-xalq birliyi var və özəl bölmənin inkişafı üçün şəffaf şərait yaradılıb. Azərbaycanda da inkişaf və sabitlik var, Ümummilli Liderimizin yolu sədaqətlə davam etdirilir. Bütün bunların nəticəsidir ki, insanların yaşayış şəraiti yaxşılaşır, yeni iş yerləri açılır və turistlərə yüksək mədəni xidmət göstərilir”.

Ali Məclisin Sədri yeni xidmət kompleksinin muxtar respublikanın həyatında önəmli yer tutacağına əminliyini bildirib, yaradılanların qorunması və qurulanlardan səmərəli istifadə olunması, cəmiyyətin tanıdılması və xidmətin təşkili barədə tapşırıqlar verib.

Müstəqilliyimiz inkişafımızın təminatıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edib, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilib.

Mayın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müstəqillik tariximizə və keçilən inkişaf yoluna həsr olunmuş çıxışından sonra Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konserti başlayıb.

Ali Məclisin Sədri səhnə arxasına keçərək Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin üzvləri ilə görüşüb, onlara uğurlu konsert proqramına görə təşəkkür edib, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

“Mədəniyyət hər bir ölkənin inkişafının göstəricisidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, musiqi kollektivləri də mədəniyyətin daşıyıcıları olaraq ölkəmizi musiqi və mədəniyyət sahəsində təmsil edir, tanıdırlar. Ona görə simfonik orkestrin bugünkü çıxışı onu deməyə əsas verir ki, kollektiv qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəkdir. Ali Məclisin Sədri bütün bunların yaradılan şəraitdən səmərəli istifadə nəticəsində mümkün olduğunu bildirib, kollektivə uğurlar arzulayıb.

Həmin gün Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxıb. Ali Məclisin Sədri miniatür kitabların çapı, qalereyanın yeni əsərlərlə zənginləşdirilməsi barədə tapşırıqlar verib.

Naxçıvan bu gün Şərqlə Qərbin, tarixlə müasirliyin vəhdətindən gələcəyə işıq saçan nurlu diyardır

Göründüyü kimi, ötən illər ərzində ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. 30 ildir blokadada yaşayan muxtar respublika sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi modelini formalaşdırıb. Məhz bunun nəticəsidir ki, Naxçıvan dünyada Nuhun diyarı, sabitlik, təmizlik, inkişaf məkanı kimi tanınır. Naxçıvan bu gün həm də turizm mərkəzidir. Hər il yüz minlərlə turist bu qədim diyara səyahət edərək onun hüsnünə heyran qalır. Naxçıvan bu gün Şərqlə Qərbin, tarixlə müasirliyin vəhdətindən gələcəyə işıq, nur saçan nurlu diyardır! Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi isə Naxçıvanı daha böyük nailiyyətlərə doğru aparır. Ötən ay biz bunun bir daha şahidi olduq.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Nəşr edilib : 16.06.2022 12:28