AZ EN RU

Sosial-iqtisadi inkişafın başlıca amili dövlət qayğısıdır

    Muxtar respublikamızın sakinləri torpağa bağlı, zəhmətdən çəkinməyən, necə deyərlər, daşdan pul çıxarmağı bacaran insanlardır. Üstəgəl, Naxçıvan öz yeraltı və yerüstü sərvətləri, bərəkətli və məhsuldar torpaq sahələri ilə ölkə səviyyəsində ən zəngin bir diyardır. Gəlin görək bu gün həmin sərvətlərdən necə istifadə olunur? Burada da bir məsələni xatırlamağa dəyər: iş təkcə onunla bitmir ki, muxtar respublikada güclü iqtisadiyyata nail olmaq üçün geniş potensial var. Məsələ bu potensialdan necə istifadə etməkdir ki, bunun da son illərdə öz həllini tapması hesabına iqtisadiyyatımız güclənib. Bu gün bir qarış torpağımız belə əkilməmiş qalmır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Hər il muxtar respublikada genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilir, regiona yeni kənd təsərrüfatı texnikaları gətirilir. Taxılçılığın, katofçuluğun, heyvandarlığın və digər sahələrin inkişafı üçün yardımlar verilir. Digər tərəfdən yeni emal və istehsal sahələrinin fəaliyyəti genişləndirilir. Bu müəssisələrin məhsulları daxili bazarda yerli istehsalın çəkisini artırıb. Bəzi məhsullarımız ixrac olunur. Rəqabətədavamlı məhsul istehsalı üçün layihələr həyata keçirilir. Külli miqdarda kreditlər verilir. Bu isə sosial-iqtisadi inkişafda xüsusi çəkisi olan sahibkarlığın inkişafında mühüm amillərdən biridir. Sahibkarlığın inkişafı həm də minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Bir iş yeri isə bir ailənin yaşayış səviyyəsinin yüksəlməsi deməkdir. Dövlətin dayağı onun insanlarıdır. İnsanların ehtiyacının ödənilməsi onların muxtar respublikada güclü iqtisadiyyata nail olunmasında fəallığını artırıb.  

    Bütün bunları muxtar respublikanın səfalı bölgələrindən biri olan Şahbuz rayonunun timsalında da görmək olar. Xüsusilə vurğulamaq istərdik ki, bir vaxtlar ucqar  əyalət yaşayış məntəqəsindən seçilməyən bu yurd yeri bu gün müasirlik donundadır. Bütün  idarə, müəssisə və təşkilatlar  müasir iş şəraiti ilə  təmin edilən  yeni binalarda fəaliyyət göstərir. Rayon mərkəzindəki Heydər Əliyev prospektindəki  park şahbuzluların ən çox üz tutduğu ünvanlardan biridir. 

    Coğrafi  relyefinə görə  Şahbuz dağlıq zonadır. Rayonun kəndləri dağlar qoynuna sığınıb.  Qürurverici hal ondadır ki, bu gün Şahbuzun belə yaşayış  məntəqələrinin hamısına müasir yolar salınıb, körpülər tikilib, yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilib. Elə cari ilin ilk 8 ayına baxaq. Bu dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17767,9 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə ayrılan vəsaitin dəyəri 0,9 faiz artaraq 16556 min manat təşkil edir.
    Rayon 2022-ci ilin  yanvar-avqust aylarını bütün sahələrdə böyük uğurlarla başa vurub. “Sənaye ili”nə töhfələrini verməyə çalışılan rayonda yanvar-avqust aylarında 8986,4 min manatlıq, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sənaye məhsulu istehsal edilib. Aqrar sahədə qazanılan nəticələr də ürək­açandır. Daxili bazarda bolluq yaradılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün yaradılan şərait şahbuzlu torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatçılarının, sahibkarların daxili bazara verdiyi töhfələrdə başlıca amillər kimi diqqəti çəkir.

    Dağlıq zona olmasına baxmayaraq, rayonun iqtisadiyyatında taxılçılıq mühüm yer tutur. Bölgənin məhsuldar torpaq sahələri, uzun illərin təcrübəsi və yaradılan şərait bu sahənin inkişafına marağı getdikcə artırır. Bu səbəbdəndir ki, cari ildə taxılçılıqda yüksək göstəricilərə nail olunub. Belə ki, 1156 hektar sahədən 3227 ton buğda, 371 hektar sahədən 854 ton arpa tədarük edilib. Hazırda torpaq mülkiyyətçiləri gələn ilin bol taxılının əsasını qoymaq üçün şum qaldırılmasına və səpin prosesinə start veriblər. Bölgədə dənli və dənli-paxlalı bitkilərin əkini də diqqət mərkəzində saxlanılır. Cari ildə şahbuzlular 1641 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 4370 ton məhsul tədarük ediblər. 114  hektar dənli-paxlalılar əkini sahəsindən isə 289 ton məhsul yığılıb. 
    İkinci çörək sayılan kartofun əkilib-becərilməsi də diqqətdə saxlanılıb. Bəhs olunan dövrdə 443 hektar kartof əkini sahəsinin 89,6 faizindən 5386 ton kartof tədarük edilib. Bostan məhsullarının əkilib-becərilməsinə üstünlük verilən bölgədə torpaq mülkiyyətçiləri 12 hektar bostan bitkiləri əkini sahəsinin 91,7 faizindən 98 ton bostan məhsulları yığıblar. 
    Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi diqqətdə saxlanılıb. Belə ki, torpaq mülkiyyətçiləri və sahibkar­lar 170 hektar tərəvəz bitkiləri əkini sahəsindən 88,2 faizindən 1340 ton, bostan bitkiləri əkilmiş 12 hektar sahənin 91,7 faizindən 98 ton, barverən meyvə bağlarından 1692 ton, üzüm bağlarından 10,2 ton üzüm tədarük ediblər. 
    Rayonda təzə və ekoloji cəhətdən sağlam ət, süd və süd məhsullarına olan tələbatı torpaq mülkiyyətçiləri yerli istehsal hesabına ödəməyə çalışırlar. Bölgədə baytarlıq xidmətinin düzgün təşkili bu sahədə də nəzərəçarpan uğurların qazanılmasına imkan verib. Bunun nəticəsidir ki, bəhs olunan dövrdə rayonda diri çəkidə 1735 ton ət, 12670 ton süd,  12872 min ədəd yumurta, 152,9 ton yun istehsal edilib. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən isə 2022-ci ilin ilk 8 ayı ərzində 74 min manat dəyərində balıq satılıb ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
    Ümumilikdə, bəhs olunan dövrdə rayonun kənd və balıqçılıq təsərrüfatlarında 33149,5 min manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 2,3 faiz çoxdur. 
    Torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulların satışına şərait yaradılıb, onların Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında iştirakı təmin edilib. Həmçinin müxtəlif təsərrüfat sahələri üzrə muxtar respublika paytaxtında keçirilən festivallarda şahbuzlu sahibkarlar, torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları yüksək yerlərə sahib olublar. 
    Məlumat üçün qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də bəhs olunan dövrdə rayonun bir sıra yaşayış məntəqələrində yeni təsərrüfat sahələri yaradılıb.  
    2022-ci ilin yanvar-avqust aylarında Şahbuz rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 707,4 min ton yük, 3208 min sərnişin daşınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 faiz, sərnişin daşınması 1,8 faiz artıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 2510,6 min manat gəlir əldə edilib.
     Rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 1602 min manat olub. Bu dövrdə 53 abonentə telefon çəkilişi aparılıb.
    Qazanılan uğurlar torpaq mülkiyyətçilərinin ailə büdcəsinə xeyli gəlir gətirib. Bundan ruhlanan Şahbuzun əmək adamları 2022-ci ili daha böyük nailiyyətlərlə başa vurmaq əzmindədirlər. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, “Sənaye ili”nin ilk 8 ayında məhsul istehsalçılarının müasir  kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə bölgədə fəaliyyət göstərən sahibkarlara satılıb. 
    Göründüyü kimi, torpağa ən qiymətli sərvət kimi baxan, zəhmətdən qorxmayan şahbuzlu sahibkarlar, torpaq mülkiyyətçiləri, ailə  təsərrüfatları “Sənaye ili”nin ilk günlərindən uğurlar qazanmaq üçün yaradılan şəraitdən lazımınca  istifadə edirlər. 
     Dünən bu qədim yurd yerinin qonağı olanlar bu gün təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq şahbuzlular üçün adi hala çevrilib.

    Ancaq görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətin kiçik dağlıq rayonunda reallaşması asan məsələ deyil. Və bütün bunların təməlində doğma yurda bağlılıq, sevgi və məhəbbət, insan amilinə, yurd amilinə böyük diqqət dayanır. Qurmaq, yaratmaq şahbuzluların həyat idealına çevrilib. 

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 17.10.2022 19:43