AZ EN RU

Sönməyən çıraqdı müəllim ömrü...

Bəşəriyyəti qaranlıq gecələrdən aydın sabahlara çıxaran, həyatlara, ömürlərə maarifçilik ziyası saçan, kiçikdən-böyüyə hər kəsin yolunu elm nuruna boyayan sönməyən, həmişəyanan çıraqdı müəllim ömrü. Bu ömürdə təhsil, bilik xəzinəsinin qapıları açılır, neçə-neçə yeniyetmə, gənc bu xəzinədən pay götürüb həyat nərdivanını büdrəmədən qalxır, həqiqi səadət, irfan yolunu tapır, kamilləşir, cəmiyyətdə üstün mövqe qazanır, xətir-hörmət sahibi olur, onlarla peşə, sənət sahibi yetişir, Vətənin torpaqlarını qoruyan, onu azadlığına qovuşduran yüzlərlə qəhrəman, igid formalaşır. Əbəs yerə deyil ki, haqqında daim ən yüksək ifadələr səsləndirilib, hörmət və ehtiramlar ifadə edilib böyük filosof-alimlər, sərkərdələr, görkəmli şəxsiyyətlər tərəfindən. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”  söyləyən ümummilli liderimiz Heydər Əliyev ən ali dəyəri, qiyməti verib bu fədakar ömürə, cəfakeş əməyə. Ulu öndərin misilsiz ideyaları üzərində inkişaf, tərəqqi mərtəbəsinə yüksələn muxtar respublikamızda bu gün müəllimlik peşəsi, müəllim adı uca tutulur, gənclərin ilbəil bu sahəyə daha böyük maraq göstərməsi isə dövlətimizin həyata keçirdiyi mütərəqqi təhsil siyasətinin, pedaqoq əməyinə verdiyi yüksək qiymətin nəticəsidir. Budəfəki yazımız ömrünü müəllimlik peşəsinə bağlayan, bu yolda inamla irəliləyən, Ordubad rayon Gilançay tam orta məktəbinin direktoru vəzifəsində çalışan gənc pedaqoq Ceyhun Abdullayev haqqındadır...

Ulu öndər şagirdlərə tarix fənninin öyrədilməsinin vacibliyini ön plana çəkərək deyirdi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”. Məhz dahi şəxsiyyətin ideyalarına sadiqliyin nəticəsidir ki, müstəqillik illərində muxtar respublikamızın məktəblərində tariximizi, milliliyimizi şagirdlərə aşılayan onlarla pedaqoq formalaşıb və həmin müəllimlərdən tariximizi öyrənən, vətənpərvərlik tərbiyəsi alan yeniyetmə və gənclərimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarix yazdılar, ibrət dərsi keçdilər düşmənə. Bu mənada, filosoflardan birinin söylədiyi “Təhsil dünyanı dəyişmək üçün ən güclü silahdır” fikri də bir daha öz təsdiqini tapır. Elə yazımızın qəhrəmanı, 1992-ci il martın 1-də Culfa rayonunun Yaycı kəndində dünyaya göz açan Ceyhunun orta məktəb illərində tarix fənnini sevməsində, onu gələcək peşə fəaliyyətində əsas götürməsi, həyat amalı seçməsində məktəbdə bu fənnin tədrisinə xüsusi diqqətin yetirilməsinin, eləcə də pedaqoq əməyinin rolu böyük olur. Tarixi ona sevdirən Məhərrəm müəllimə daim böyük hörmət və ehtiram göstərən istedadlı gəncimiz 2009-cu ildə Yaycı kənd 1 nömrəli tam orta məktəbi bitirərək, ali məktəblərə qəbul imtahanında uğurla iştirak edərək ona lazım olan balı toplayır. Yeniyetməlik arzusunu həyata keçirmək yolunda əsas addımlarından birini ataraq Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasını seçir və həmin ixtisasa da qəbul olur. Ali təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra 2014-cü ildə isə bir vaxtlar ona dərs deyən müəllimlərlə bir məktəbdə həmkar kimi çalışmağa başlayır. 2017-ci ildə ucqar dağ kəndlərində müəllim azlığını nəzərə alıb Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan əmək yarmarkasına qatılan Ceyhun öz istəyi ilə, göndəriş əsasında Ordubad rayon Tivi kənd tam orta məktəbinə tarix müəllimi təyin olunur. Kiçik zamanda çəkdiyi böyük zəhmət bəhrəsiz qalmır, idarəetmə bacarığı olan bu gəncimiz 2021-ci ildə Gilançay kənd tam orta məktəbinin direktoru təyin olunur. 2015-ci ildə ailə həyatı quran Ceyhun Abdullayevin həyat yoldaşı Pərvanə Əliyeva da bir neçə il başqa məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra müəllimlərin işə qəbul imtahanında müvafiq balı toplayaraq 2022-2023-cü tədris ilində Gilançay kənd tam orta məktəbinə kimya müəllimi kimi təyinat alır. Hər gün yaşadıqları Naxçıvan şəhərinin Atabəylər küçəsindən onlarla kilometr uzaqlıqda yerləşən Gilançay tam orta məktəbinə bir amal uğrunda – uşaqlarımızın sağlam təməllər üzərində təhsil alıb yetişməsi, gələcəyimizin etibarlı əllərdə olması naminə üz tuturlar.

Ceyhun Abdullayev söhbət zamanı müəllimliyin digər sənət və peşə sahələrindən daha çətin, məsuliyyətli olduğunu vurğulayaraq deyir ki, bu xüsusiyyətlər səbəbindən bəzi gənclər pedaqoq kimi çalışmaqdan çəkinir. Ancaq düşünürəm ki, bir işə mənəvi baxımdan sevgi ilə yanaşsan, əmək sərf edərək bağlansan, qarşılaşdığın çətinliklər səni qorxutmaz. Şübhəsiz, əvvəllər bu sahədə çatışmazlıqların çoxluğu da müəllimlik peşəsinə marağın xeyli azalmasına səbəb olub. Yarıtmaz şərait, tədrisin maddi-texniki bazası baxımından səmərəliliyin azlığı, təhsil pillələri arasında bağlılığın lazımi səviyyədə olmaması təhsildə geriləməyə yol açan mənfi amillər idi. Lakin son illər aparılan uğurlu islahatlar nəticəsində sadalanan xoşagəlməz hallar artıq aradan qalxıb. Müəllimlərin biliklərinin yoxlanılması üçün özlərini təkmilləşdirmələrinə xidmət edən imtahanların keçirilməsi, eləcə də informasiya kommunikasiya texnologiyalarından istifadə, yeni təlim metodlarının tətbiqi ilbəil müsbət nəticələrini verir. Sevindirici haldır ki, muxtar diyarımızın paytaxt şəhəri ilə yanaşı, ən ucqar bölgələrində, o cümlədən Gilançay kəndində də müasir standartlara cavab verən məktəb binası fəaliyyət göstərir. Təhsil ocağının ilbəil artan uğurları isə şübhəsiz, müəllimləri, şagirdləri və onların valideynlərini daha da sevindirir, gələcəyə nikbin nəzərlərlə baxmağa, oxumağa, öyrənməyə, öyrətməyə sövq edir.

Ceyhun müəllim onu da qeyd edir ki, müasir texnologiyaların həyatımıza daxil olması səbəbindən 10 il bundan əvvəlki şagirdin maraq dünyası, bilikləri öyrənmə metodu ilə bugünkü arasında böyük fərq yaranıb. Bu günün müəllimi şagirdin potensial imkanlarını nəzərə almaqla onu düzgün istiqamətləndirməyi bacarmalı, işə yaradıcı münasibət göstərməlidir. O öz üzərində ciddi çalışmalı, yeniliklərə can atmalı, daha çox öyrənməli, şagirdin verəcəyi suala hazırlıqlı olmalıdır. Söhbətin bu məqamında rus pedaqoqu Anton Rubinşteynin fikirlərini xatırlatmaq yerinə düşər: “Əgər bircə gün öyrənmirəmsə,  bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə, bunu hamı hiss edir”. Bəli, müəllim tədrisə elə hazır olmalıdır ki, şagirdi onun biliyinin azlığını hiss etməsin. Hərtərəfli biliyinin, dövrünün nailiyyətləri barədə dolğun informasiyasının, təlimdə tətbiq olunan texnologiyalarla mükəmməl işləmək qabiliyyətinin olması müasir müəllimin əsas xarakterik xüsusiyyətləridir. Mən də daim bu kriteriyaları pedaqoji fəaliyyətimdə əsas götürməyə, özümü bu sahədə təkmilləşdirməyə çalışıram. Təbii ki, hər bir müəllimin əməyinin dəyəri, meyarı onun şagirdlərinin qazandığı uğurlarla ölçülür. Sevinirəm ki, qısa fəaliyyətim dövründə bu sahədə nailiyyətlərim kifayət qədərdir, çalışdığım məktəblərdə şagirdlərim arasında qəbul imtahanlarında 500-700 intervalında bal toplayıb tələbə adını qazananlar az deyil, gələcəkdə çalışdığım Gilançay tam ora məktəbinin timsalında da daha böyük uğurlar qazanacağıma inanıram.

          Ulu babalarımızın “keçmişini unudanın gələcəyi olmaz” fikrini xatırladan Ceyhun müəllim bildirir ki, dünən keçmişdir, zaman ötdükcə, bu gün də, sabah da keçmişə, yəni tarixə çevriləcək. Doğru deyilib ki, əgər hər şey tarixə gedirsə, onda tarix hər şeydir, şübhəsiz ki, tarixini bilməyənlər, onu təkrar yaşamağa məhkumdurlar. Bu baxımdan tariximizi dərindən bilmək və bildiklərini müfəssəl şəkildə öyrətmək, aşılamaq hər bir müəllimin ümdə vəzifəsidir. Mən də, bu mənada, tədris prosesində qədimdən başlamış bu günədək həm dünya, həm də Azərbaycanda baş verən hər bir tarixi hadisəni incə məqamlarınadək şagirdlərə öyrətməyə çalışıram. Bildiyimiz kimi, xalqımızın keçmişi vətənpərvərlik nümunələri ilə doludur, tariximizi vərəqləyəndə hər dönəmdə əcdadlarımızın qəhrəmanlıq salnamələri ilə rastlaşırıq. Təqdirəlayiq haldır ki, bu ənənə müstəqilliyin bərpasından sonra da gənclərimiz tərəfindən uğurla davam etdirilir. Aprel döyüşləri, Günnüt zəfəri, xüsusilə də 2020-ci ildə ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi müasir dövrümüzə qızıl hərflərlə yazılan tarixi-siyasi hadisələrdir. Məhz bu məqamları da nəzərə alıb tarix fənnini tədris edərkən qədim və orta əsrlər dövrü ilə yanaşı, ən yeni dövr Azərbaycan tarixini, müstəqilliyin əldə olunması, qorunub yaşadılaraq bu günə çatdırılması yolunda atılan addımların bütün məqamlarını tam mahiyyətilə şagirdlərə dərindən öyrətməyə çalışıram. Hərb tariximiz ümumi tariximizin əvəzolunmaz bir hissəsidir ki, bunun sayəsində yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik hissləri formalaşdırılır, Vətənə sədaqət, torpağa bağlılıq möhkəmləndirilir. Məhz bu məqam da məktəbimizdə keçirilən bütün tarix dərslərində mütləq şəkildə nəzərə alınır.

          Qədim yunan filosofu Aristotel deyirdi ki, atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Bu gün Naxçıvan şəhərində yaşamasına baxmayaraq, hər gün kilometrlərlə məsafə qət edərək Gilançay kəndinə yollanan Ceyhun müəllimin də məhz məqsədi şagirdlərinə həqiqi səadət yolunu tapmaqda köməklik etməkdir. Bu məsuliyyətli və şərəfli işdə gənc pedaqoqun əməyinin yüksək nəticələr verməsi, böyük uğurların qazanılması, gələcəyimizə işıq tutan bu çırağın hər zaman şölə saçması diləyi ilə...

Nail ƏSGƏROV

 

Nəşr edilib : 05.10.2022 10:34