AZ EN RU

“Son zəng” – ömrümün ən şirin, duyğulu və qayğısız günlərinə əlvida

Bu gün onların günüdür. Son zəng sədaları ilə birgə məktəb həyatını bitirib yeni bir həyata qədəm qoyanların. Məktəblə bağlı bütün xoş xatirələri, uşaqlıq illəri ilə vidalaşırlar əziz 11-cilər. Hansı ki, valideynin əlindən tutub məktəbə ilk dəfə qədəm qoyduğu zamanı, unutduğu ev tapşırığı, əzbərləyə bilmədiyi şeir, qarışdırdıqları vurma cədvəli, hər gün qarşısında dayandıqları lövhə, qələm tutmağı öyrədən müəllimləri ilə vidalaşır. Məktəb illəri hər bir insanın ömründə şirin, xoş xatirə olaraq yadda qalır. Biz də “Şərq qapısı” qəzeti olaraq son zəng məzunları ilə həmsöhbət olub təəssüratlarını öyrəndik.   Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinin məzunu Leyla Nağıyeva deyir ki, yaddaşımda məktəblə bağlı xoş xatirələrlə ayrılıram buradan. Bu illər ərzində mənə hər zaman dəstək olan valideynlərimin və bu gün bizi yeni həyata yola salan müəllimlərimizin danılmaz rolu var. Hər ayrılıq yeni bir başlanğıc olduğu kimi biz də məktəb həyatını bitirib tələbəlik həyatına qədəm qoyuruq. Məktəb xatirələrim göz önündə canlandıqca bu 11 ildə özüm də bilmədən həyat kitabına nə qədər xatirə yazdığımın fərqinə varıram. Gecələr yatmadan dərs oxuduğumu, 5 qiymətini alanda evə necə sevinclə gəldiyimi, yay tətilinə çıxmağı səbirsizliklə gözləməyimi və daha hansı xatirələr..

Müsahibimiz qeyd etdi ki, buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplamışam. Gələcəkdə xalqımıza ədalətlə və layiqincə xidmət edən hüquqşünas kimi fəaliyyət göstərmək istəyirəm. Bu gün isə mənlə birgə yeni həyata qədəm qoyan bütün məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram.

Digər müsahibimiz Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinin məzunu Ayan Babazadə bildirir ki, məktəbə ilk qədəm qoyduğum gün sinif yoldaşlarımı və əlimdən tutub yazmağı öyrədən ilk müəllimimi tanıdım. Onlar artıq bu gün mənə doğma olan kəslərdir. O müəllimlərimizin zəhməti sayəsində təhsil alaraq gələcək arzularımızın reallaşmasına çalışdıq. 11 il artıq tarixə dönür. Bizim üçün çalınan son zəngin həyəcanını yaşayıram. İllərlə çalınan bu məktəb zəngi bu gün başqa cür səslənəcək. Əlbəttə bu məni çox duyğulandırır. Bu son zəng bizim müstəqil həyatımızın ilk zəngi olacaq. Mənə dəstək olan valideynlərimə də minnətdaram. Gələcəkdə insanların sağlamlığının keşiyində duran peşəkar həkim olmaqdır arzum. İnanıram ki, uşaqlıqdan arzusunda olduğum bu peşəyə yiyələnəcəyəm. Arzularımıza çatmaq üçün özümə və bütün məzunlara uğurlar arzulayıram.

12 nömrəli tam orta məktəbin məzunu Sirac Məmmədli bildirdi ki, bu gün təzə həyata atılırıq. Sinif yoldaşlarım, müəllimlərim üçün çox  darıxacağam. Qarşıda bizi universitet həyatı, yeni tanışlıqlar, yeni biliklər, daha məsuliyyətli günlər  gözləyir. Buraxılış imtahanlarından yüksək bal toplayaraq arzuladığım ixtisasa qəbul olmaq üçün şansım var.  Buradan bütün məzunlara bundan sonrakı həyatlarında uğurlar arzulayıram. Müəllimlərimiz, valideynlərimizi isə əmin etmək istəyirəm ki, onların bizim üzərimizdə olan əziyyətini və haqqını yerə vurmayacağıq, onların başını uca etmək üçün hər zaman öz üzərimizdə çalışacağıq.

Leyla Nağıyevanın valideyni Aysel Əliyeva məzunların gələcəyinin daha parlaq və uğurlu olacağına əminliyini bildirdi: – Bu gün qızım da daxil olmaqla bütün məzunlar üçün əlamətdar bir gündür. Biz valideynlər də onlarla birgə həyəcanlı və sevincliyik. Çünki 11 il müddətində övladlarımızla bərabər biz valideynlər də məktəbə getdik, oxuduq, sınaq imtahanlarında iştirak edərək ən böyük dəstəkçiləri olduq. Bunun nəticəsində də məhz qızım buraxılış imtahanında 300 bal toplamaqla yüksək nəticə əldə edib. Əlbəttə, bir valideyn olaraq övladımın bu nəticəsi ilə qürur duyuram. Qızımın təhsildə uğur qazanmasında dövlətimizin təhsilə verdiyi qayğı, diqqət, yaradılan şərait, eyni zamanda müəllimlərin danılmaz fəaliyyəti durur. Mən də valideynlər adından şagirdləri “Son zəng” münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Nəhayət, “Son zəng” anı yetişir. Yolunuz açıq olsun, əziz məzunlar! Biz də “Son zəng”i çalınan bütün məzunları ürəkdən təbrik edərək onlara tələbə adı qazanmağı arzu edirik. Qoy bu “Son zəng” sizin ilk müstəqil addımlarınızın və uğurlarınızın təməli olsun.

Bülbül QULİYEVA

Nəşr edilib : 14.06.2024 10:10