AZ EN RU

Son zəng günündən başlayan müstəqil həyat yolu

Ömrünü təhsilə verib saçlarını bu yolda ağardan qocaman müəllimlər üçün bu dünyanın ən böyük sərvəti yetirmələrinin can sağlığı və uca yerlərdən gələn səs-sədasıdır. Bu arzularla yaşayan hər bir müəllimin əməyinə verilən ən yaxşı qiymət isə ona göstərilən diqqət, məktəb illərindən yaşadılan dərin hörmət və ədalət tərəzisindən ona düşəni vaxtında ala bilməkdir. Bütün bunlar olduqda isə hələ ilk günlərdən müəllimini addım səslərindən belə tanıyıb həyəcanla onun ayağına qalxan şirin körpələr böyüyəndə müəllimi kimi olmağın, onun bildiklərini bilə bilməyin xəyalları ilə yaşayacaq, ölkəsinə,  xalqına vicdanla xidmət edəcəklər.

Kəmalə Yusifova Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin qocaman müəllimlərindəndir. 41 il pedaqoji iş təcrübəsi olan Kəmalə müəllim bu il 20 illik yubileyi böyük təntənə ilə qeyd olunmuş məktəbin fəaliyyətə başlayan ilk günündən burada çalışır. Kəmalə müəllim hər şagirdinin uğuruna ürəkdən sevindiyini, yetirmələri arasında ölkəmizə çox faydalı olan tanınmış insanlar oluğunu fəxrlə qeyd etdi. Əvvəl çalışdığı Nehrəm məktəblərində və hazırda Heydər Əliyev adına tam orta məktəbdə ümumilikdə, 10-dan artıq ibtidai sinif yetişdirmiş müəllimə şagirdləri arasında Avropa ölkələrində yaşayıb, işləyən tanınmış adamlar, həmçinin ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi dərəcəli alimlər, məktəb direktorları olduğunu bizimlə bölüşdü. Hər müəllim günündə onu arayıb-axtaran bu insanların bu ötən onillər ərzində Kəmalə müəllim üçün ən dəyərli əsərlər olduğunu bildirən təcrübəli pedaqoq hazırda dərs dediyi balacalardan Vilayətin, Məhəməddin, Ayşənin, Əbülfəzin, Yusifin, Zəhranın, Lalənin gələcəkdə daha çalışqan olacaqlarına inandığını dedi. Kəmalə müəllim üçün Ulu Öndərın adını daşıyan məktəbdə təhsil alan bu balacaların gələcək uğurlarını da görə bilmək onun üçün ən yaxşı mükafat olacaq.  

Məlahət Fərzəliyeva da Heydər Əliyev adına məktəbin ibtidai sinif müəllimlərindəndir. Artıq 20 ildir bu təhsil ocağında fəaliyyət göstərən Məlahət müəllim 35 il pedaqoji təcrübəyə malikdir. Onun üçün də Heydər Əliyev adına məktəbdə çalışmaq, buradan həyata vəsiqə qazanan gəncləri yetişdirmək ən böyük fəxrdir. Müəllim deyir ki, hazırda Vətən müharibəsi şəhidi Raqib Hüseynov adına sinifdə dərs keçdiyi III “B” sinif şagirdlərinə Vətəni sevməyi öyrətmək onun əsas amalıdır. Şagirdlər uca şəhidlərimizin adını daşıyan sinif otaqlarında oxumaqla sanki ikiqat məsuliyyətli olurlar. Qeyd edək ki, Heydər Əliyev adına məktəbdə belə siniflərin sayı 24 olub, ayrıca olaraq, foyedə Vətən müharibəsi şəhidlərimizin xatirəsinə həsr olunmuş guşə də yaradılıb. Şagirdlərdən Nuray, Nazlı, Zəhra və digər əlaçılar hər dəfə yüksək qiymətlər alanda bu, şəhidmizin anası hörmətli Rəna xanımı da sevindirir və onlar da bununla həmişə qürur duyurlar.

Qeyd edək ki, bu tədris ilində Heydər Əliyev adına tam orta məktəbdən məzun olan 4 sinifdən biri Məlahət müəllimin bir vaxtlar dərs dediy ibtidai sinif buraxılışı olan şagirdləridir. Onların builki uğurlu nəticələri bütün məktəb kollektivi kimi onu da ürəkdən sevindirir. Məlahət müəllim bu il XI sinfi bitirib məzun olan şagirdlərindən Mətin, Asya, Hafiz, Turan, Vəli, Aysu və Ərkinazın gələcəkdə daha böyük uğurlar qazanmasını, daim mübariz, qətiyyətli olmasını və imkan düşəndə də doğma məktəbi unutmamalarını ən gözəl arzularından biri kimi dilə gətirdi.

Biz də bu gözəl  arzulara qoşuluruq. Qoy bu son zəng onlar üçün yeni, müstəqil həyata gedən uğurlu yolun başlanğıcı olsun!

Əli CABBAROV

Nəşr edilib : 14.06.2024 10:16