AZ EN RU

Son tur öncəsi şahmatçılarımızdan inamlı qələbə

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turnirində 8-ci turun oyunları keçirilib.

    Naxçıvan şahmatçılardan FIDE ustamız Sadiq Məmmədov (2265) bu tur növbəti qələbəsini qazanıb. O, iranlı Barad Yeganegi (1819) məğlub edib. Eyni uğura beynəlxalq usta Toğrul Həsənzadə (2279) də imza atıb. Zəka sahibimiz İran şahmatçısı Tara Asqarpurmasaleh (1666) qarşısında növbəti xalını qazanıb. Beynəlxalq ustamız Pərviz Qasımov (2331) iranlı Sina Movahed (2051) üzərində parlaq qələbə qazanıb. Digər beynəlxalq ustamız Talıb Babayev (2218) isə Davud Binnətzadədən (1513) üstün olub. 18 yaşlı zəka sahibimiz Sadiq Qarayev (2122) isə türkiyəli qrossmeyster Kıvanc Haznədaroğlu (2425) ilə “sülh” bağlayıb.
    Bu tur beynəlxalq usta İsmayıl Şahəliyev (2386) qrossmeyster Vüqar Rəsulovla (2445) xalları yarı bölüb. İranlı FIDE ustası Morteza Əsgəri (2244) ilə Cahandar Azadəliyevin (2088) də görüşündə eyni nəticə qeydə alınıb. Turnirin bir nömrəli şahmatçısı iranlı qrossmeyster Şahin Lorparizangeneh (2502) Rəşad Həsənovdan (2142) üstün olub. Fariz Əhmədov (2182) isə Tunar Davudovu (1816) məğlub etməyi bacarıb. Azərbaycanlı FIDE ustası Rəşad Zeynallı (2226) bu turu da məğlub başa vurub. O, Murad Mehdizadə (1564) ilə görüşdə ağ-qara taxtanı məğlub tərk edib.
    Hazırda turnir cədvəlinə 7,5 xalla İsmayıl Şahəliyev başçılıq edir. Vüqar Rəsulov və Fariz Əhmədov hərəyə             7 xalla ikinci və üçüncü pillələri paylaşırlar.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən və mayın 14-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla, ümumilikdə, 214 zəka sahibi mübarizə aparır. Turnirdə muxtar respublikanı 81 zəka sahibi təmsil edir. 

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.05.2022 19:18