AZ EN RU

Son tamamlama işləri görülür

    Ölkəmizdə, eləcə də muxtar respublikamızda diqqətdə saxlanılan bir digər prioritet mövzu isə sosialyönümlü layihələrin icrasıdır. Bu istiqamətdə mühüm tədbirlərin görülməsi, xidmət yerlərinin açılması, bir sözlə, insanların rahatlığı üçün uğurlu planların icrası artıq günümüzün reallığına çevrilib. Belə uğurlu layihələrdən biri də Naxçıvan şəhərində inşası yekunlaşmaq üzrə olan “DOST” Mərkəzidir. 
    Dörd mərtəbədən ibarət olan binada artıq işlərin böyük bir hissəsi yekunlaşıb, demək olar ki, son tamamlama işləri görülür. Özünəməxsus memarlıq üslubu və arxitekturası ilə diqqəti çəkən binanın böyük bir hissəsi, ən əsası isə xarici ekovit silikon fasadla işlənib. Qeyd edək ki, mərkəz fəaliyyətə başlayacağı gündən etibarən muxtar respublika əhalisinə dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə vahid mərkəzdən müasir, dəqiq, operativ və elektron xidmətlərin tətbiqi ilə daha yaxın və əlverişli çıxış təmin olunacaq. Həmçinin mərkəzdə təqaüdçülər və sosial qayğıya ehtiyacı olanlar üçün çağırış bölməsi, inzibati dəstək şöbəsi, həkim otağı, notariat xidməti, sağlamlıq imkanları məhdud insanların əl işlərindən ibarət sərgi satış zalı və digər xidməti otaqlar yerləşir. Mərkəzdə gedən son tamamlama işləri yaxın günlərdə yekunlaşacaq. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 10.04.2023 23:09